Toya kitab aparın

Toya kitab aparın
20 iyun 2018
# 17:40

Yayda nazik kitablar oxuyuram. Bunu bir ənənə halına çevirmişəm. Qalın kitabları uzun qış gecələrinə, odun sobasının yanında qızışacağım, kofe içəcəyim günlərə saxlamışam.

Bir tanışımla söhbət edirdim. Təbii ki, internetdə. Çünki xarici ölkələri gəzir. Mənə deyir ki, bizdə kitab oxuyan azdır. Hansı ölkəyə gəlirəmsə qocasından tutmuş cavanına kimi kitab oxuyanlar çoxluq təşkil edir.

Məni fikir götürdü. Bunu ona bildirmədim. Gözlərim önünə 7-8 il öncəki günləri gətirdim. Kitab oxuyanlar lap az idi. Lupa ilə görsənməzdilər. Kitab oxuyan görəndə ələ salanlar var idi. İndi isə əksinədir. Kitab təqdimatları keçirilir. Böyük kitab evləri açılır. İkinci əl kitabların satışı çoxalıb. Yolda oxuyanlar az-maz artıb.

Deyəsən, özüm də tanışımın nə üçün elə düşündüyünü anladım. Bəlkə biz kitabı evdə saxlayırıq? Ancaq evdə kitab oxumaqla onu təbliğ etmək çətindir. Kitabın da gəzməyə ehtiyacı var. O da dənizə, rayona getmək istəyir. Kitabı ancaq evdə oxuyanlar "arvad evdə oturar, işləməz" kimi mənasız fikirlərlə yaşayan insanlardan fərqlənmirlər.

Kitab utanc mənbəyi deyil. Beynin inkişafı üçün ən lazımlı vasitədir. Onu özünüzlə hər yerə aparın. Hətta toya gedəndə də aparın.

Dəfələrlə fikir vermişəm. Metroda, avtobusda kitab oxuyanda azyaşlı uşaqlar diqqətlə baxırlar. Uşaqların gözləri kitaba öyrəşməlidir.

Kitabsızlıq insanları kütləşməyə, kütlələşməyə aparır. Kitab oxumayan insanın öz fikri olmur. Hər hansı fikri göydə tutub təkrar edir.

Qarmaqda qurdu görüb hücum edən balıqlar kimi kitab oxumayanlar da hər hansı bir fikrə hücum edirlər. Səhv, düz fərq etməz. Onu parçalayıb udurlar. Kitab oxuyan insan isə heç vaxt qarmağa, qurda aldanmır.

Uşaqlıqda elə bilirdim ki, kitabı ancaq müdrik, qoca, saqqallı, zəhmli kişilər oxuyur. Gənclər kitaba sığınmalıdır. Çünki insan kitab olmasa belə nə isə bir məşğuliyyət tapacaq. Əldə kitab olmasa təsbeh, nərdtaxta ola bilər. Bu isə qorxuludur .

Metroda, avtobusda, ictimai yerlərdə kitab oxuyan insanlar işıldaböcək kimi nur saçırlar. Başları üzərində sanki yanar halqa əmələ gəlir. O dəqiqə seçilirlər. Siz də seçilmişlərdən olun.

Dişiniz ağrıyırsa diş həkimində sıra gözləyərkən, stadionda futbol izləyirsinizsə fasilədə kitab oxuyun. Oxuyun ki, tab gətirəsiniz. Əks halda kütlənin ağırlığı sizi yox edəcək .

# 3080 dəfə oxunub

Oxşar xəbərlər

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
#
#
# # #