Əsəd, Cavanşir...

Əsəd, Cavanşir...
19 yanvar 2015
# 13:58

Azərbaycanda ədəbi tənqid, daha doğrusu tənqidçilər nə ilə məşğul olur?

Ədəbi tənqid ədəbiyyatın problemlərini, əsərləri araşdırmalı, onları şərh etməli, qiymətləndirməli, bir sözlə ədəbi proseslə məşğul olmalıdır. Tənqidçi yazdığı yazıyla oxucuya əsəri anlamaqda, mahiyyətini dərk etməkdə kömək etməli, bir növ yazıçı və oxucu arasında vasitəçi olmalıdır. Oxucu ədəbi prosesi dərindən dərk etmək üçün mütləq tənqidçinin şərhinə, yazısına ehtiyac duyur.

Təəssüf ki, bizim əksər tənqidçilər oxucunu aldatmaqla, səhv istiqamətləndirməklə məşğuldur. Bizim tənqidçilərin hansısa müasir yazıçı və ya əsər haqqında tənqidi yazısını oxuyan oxucunun düşüncələri qarışır, fikirləri “allak-bullak” olur. Çünki, əlahəzrət ədəbi tənqidçilərimizin fikirləri də “allak-bullak”dır. Tənqidçi əlinə qələm alıb hansısa əsər və ya yazıçı haqqında yazmağa başlayanda, bilmir o yazıçıya olan nifrətini və kinini və ya sevgisini və simpatiyasını hansı şəkildə bildirsin.

Əgər tənqidə tuş gələn yazıçı tənqidçinin mütəmadi olaraq görüşdüyü, badə qaldırdığı, ehtiram gördüyü qələm adamıdırsa, onun heç şübhəsiz ki, bəxti gətirəcəkdir. Tənqidçi “dizini yerə qoyub” o yazıçını elə tərifləyəcək, elə təhlil edəcək ki, gəl görəsən. Nə badə, tənqidçi yazmalı olduğu(və ya yazmağa məcbur olduğu) yazıçını sevməyə, onun “stoykasından”, həyata baxışından, dünyagörüşündən, şarfından, saqqalından, saçından xoşu gəlməyə! Dad aman! Bax, bu məqamda tənqidçi Belinskinin narahat və nigaran ruhunu köməyə çağırıb döşəyəcək yazıq yazıçın qabırğasına.

Salam Sarvan yazılarının birində deyir ki, bizdə ədəbi tənqiddən qorxurlar. Bəli, bu cür münasibətlər əsasında formalaşan ədəbi tənqiddən qorxmamaq mümkün deyil. Nə qədər tolerant, rahat olsanda Əsəd Cahangirin “Özünün bir yazıçı kimi şər mahiyyətini dərk edir” və ya “Özünün bir yazıçı kimi şər mahiyyətini dərk etmir”, “Mədəni səviyyəsi o qədər də yüksək deyil”, “Bədii istedadının zəifliyi ruhsuz şeirlərində xüsusən qabarıq şəkildə üzə çıxır” təbirlərini həzm edə bilməzsən.

Bu notlarda yazılan tənqidi heç “bir batman balla da yemək olmaz”.

Saytların birində Əsəd Cahangirə sual ünvanlamağımı istədilər və mən Əsədə belə bir sual ünvanladım: “Əsəd Cahangir nə vaxtsa AYB-dən olmayan yazarlara qarşı qərəzli görünən mövqeyindən geri çəkiləcəkmi? Nə üçün istedadsız bir AYB üzvünü həvəslə tərifləyən Əsəd Cahangir AYB-dən olmayan istedad sahiblərinə qeyri-obyektiv münasibət göstərir?”

Əsədin cavabı isə məni əsla təəccübləndirmədi: “Cəlil Cavanşir AYB üzvü olsaydı da, mən onu romançı kimi tərifləyə bilməzdim...”. Bəli, bu da müasir ədəbi tənqidimizin ən intellektual və istedadlı nümayəndələrindən birinin cavabı! Sanki, mən Əsədə “nə üçün məni tərifləmirsən?” sualını vermişdim...

Tənqidçilərin davranışları, yazıçılara münasibəti də birmənalı deyil. Qarşılaşdığım bir hadisəni sizinlə də bölüşüm, vəziyyət daha da aydın olsun. Ötənlərdə Azadlıq Radiosunun “Oxu zalı”nda “İtirilmiş əlyazma” adlı ilk romanım müzakirəyə çıxarılmışdı. Radionun tənqidçi heyətində olan Cavanşir Yusifli müzakirə xəbərinə şərh yazdı ki, bu müzakirədə iştirak etməyəcək. Bəlli ki, mənim istedadsızlığım, nəsr yaza bilməməyim, ədəbiyyat üçün təhlükə yaratmağım, istedadlı gənc yazarların yolunu kəsməyim, çiçəklənən ədəbiyyatımızın inkişafına mane olmağım Cavanşir müəllimi ciddi şəkildə narahat etmişdi. İncimədim. Daha doğrusu vecimə də olmadı. Amma Cavanşir Yusifli, müzakirə zamanı Seyfəddin Hüseynlinin yazısına “Çox gözəllllllllllll yazıdır!” (“l” hərflərinin sayına baxın!) şəklində şərh yazanda barmağımı dişlədim. Başa düşdüm ki, bu tamam başqa söhbətdir.

Bəli, bu həmin Cavanşir Yusiflidir ki, Səlim Babullaoğlunun şeirinin müzakirəsindən imtina edəndən dərhal sonra, Anar Aminin kitabı haqqında sicilləmə bir yazı yazıb çap etdirdi. Bu həmin Cavanşir Yusiflidir ki, sözügedən radioda 2014-cü ilin ədəbi yekunlarını müzakirə edərkən, ancaq tanıdığı, münasibəti olduğu, birlikdə araq içdiyi qələm adamlarının adını çəkdi. Mən adı çəkilən adamların istedadına, ədəbi uğurlarına zərrə qədər də şübhə etmirəm, amma intellektual və ciddi hesab etdiyim bir tənqidçinin prosesə münasibətinə, ədəbi qiymətləndirmə meyarına, təəssüf edirəm.

Ədəbi tənqidimizin durumunu, bu kiçik yazıda az da olsa aydınlaşdırmağa çalışdım. Amma bu yazının davamının olacağı istisna olunmur....

# 995 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #