Seks və müharibə

Seks və müharibə
19 mart 2014
# 11:24

Dünyada çoxlu əhvalatlar var. Həm eşitdiklərimizi, həm oxuduqlarımızı, həm gördüklərimizi bir yerə toplasaq, yəqin qalın-qalın kitablar yazmaq olar. Ancaq, əlbəttə ki, iş təkcə əhvalatların varlığında və ya bu əhvalatları kiminsə bilməyində deyil. Hətta əhvalatların A-dan Z-yə qələmə alınması da heç nəyi dəyişdirmir. Uzağı yaxşı salnaməçi ola bilərsən!

Məncə, məsələ bu materialların necə təqdim edilməsindədir. Dostumuz Rasim Qaracanın “On bir gecə” kitabı ilk öncə bu keyfiyyətinə görə diqqətimi çəkdi. Çünki mən özüm də çoxlu əhvalatlar bilirəm və onları yazmaq üçün həmişə forma və üslub tapmaqda çətinlik çəkmişəm. Kənardan baxana asan görünə bilər. Forma o zaman bədii materialla çulğaşa bilir ki, oxucu bunu hiss etmir. Və oxucu bəzən hiss etmədiyi məsələlərin olduqca sadə, hətta bəsit olduğunu düşünür.

Kitabın başqa bir ciddi özəlliyi Qarabağ müharibəsinə tamamilə fərqli bir rakursdan baxmaqdır. Operator kameranı elə bir yerə qoyub çəkir ki, indiyədək ədəbiyyatımızda müharibəyə bu nöqtədən baxan olmayıb.

Daha bir maraqlı məqam: əsər bütövlükdə cəbhədə bir bölüyə rəhbərlik edən komandirin gündəliyidir. Gündəlik mühasirəyə düşüb ölümlə üz-üzə qalan əsgərlərin son etiraflarıdır. Ən səmimi etirafları...

Və ən təsirlisi budur ki, etirafların əksəriyyəti ilk sevgi, ilk öpüş və ilk seksual münasibətlə bağlıdır.

Rasim Qaracanın 2000-lərin çalxalanan (əslində elə Rasim bəyin özünün çalxaladığı) ədəbi mühit üçün hadisə sayılan “Ölüm haqqında günəş” kitabında da müharibə ilə bağlı məqamlar çoxdur. Məsələn, orda “Əgər ən yaxın dostun müharibədə ölmüşsə” adlı çox unikal bir şeir var... Burada da müharibə yalançı populizm, milli kin-küdurət, qisasçılıq kontekstində deyil, insan kontekstində təqdim olunur və öz dövrü üçün ciddi mesajlar ötürür. “Savaşa yox” şeiri isə, məsələni bax indi haqqında söhbət açdığımız kitabın məqamına gətirir...

Niyə məhz etiraf?

İnsan ölümün yaxınlaşdığını duyanda etiraf etmək, yüngülləşmək istəyir. Hətta xristianlıqdan bizə tanışdır ki, insan ölüm ayağında günahlarının bağışlanması üçün dua edir, yaxınlarına qəribə sirlər açır, əfv diləyir. İslam isə bu məqamda tövbənin qəbul edilmədiyini ehkama çevirib. Yəni bütün ömrü boyu günah edib ölüm ayağında – insanın ölüm qarşısında acizliyini praktiki olaraq dərk edəndə edilən dua ünvana yetişmir.

Sadə, dindən xəbərsiz insanlar da ölüm ayağında etiraf etmək istəyir. Hətta etiraf edib təsadüfən ölümdən xilas olan insanların sonralar biri-birinin üzünə baxmağa utanması barədə film və lətifələr də var!

“On bir gecə”də bu məqam olduqca təsirli və inandırıcıdır. Üstəlik adamların etiraflarının seksual motivi onların cavanlığından, nakamlığından xəbər verir.

Kitabda on əsgər qadınla ilk izdivacının qısa tarixçəsini anladır. Bəzən adi sayılan insani duyğuların ölüb-öldürmək hissindən ucada durduğu aydınca görünür.

Kitabda üslub və redaktə xətaları vardır. Təəssüf ki, bəzi yoldaşlar əsərin ən vacib keyfiyyətlərini kənara qoyub “tale yükü” olmayan bu çatışmazlıqlardan yapışırlar. Təbii ki, bu, kitabın özünə yox onun döyüşkən, barışmaz, heç kimi acılamaqdan və iynələməkdən çəkinməyən müəllifinə münasibətin nəticəsidir.

# 5257 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #