Yazılı düşünmək

Yazılı düşünmək
7 iyun 2018
# 11:02

Azərbaycan insanı hələ də danışmağa meyllidir. Ədəbi cameyə yaxından bələd olanlar bilir ki, yaradıcı insanlar arasında yarızarafat, yarıciddi “Bunu yaz!” ifadəsi dolaşır.

Yəni, danışdıqların, əslində yazı mövzusudur. Nəinki yazı mövzusu, hətta, yazının özüdür.

Dəfələrlə görmüşəm, elə həmsöhbətlərim olub, demişəm, diktofonu qoşub səsini yazsan və heç bir redaktə etmədən köçürsən, nə gözəl məqalə alınar. Danışan adamların çoxu heç bunun fərqində olmayıb.

Bəşəriyyət işarədən danışığa gəlmək üçün dil öyrəndiyi kimi, danışıqdan yazıya gəlmək üçün də yazmaq mədəniyyətinə yiyələndi. Bu gün həyatımızı yazısız təsəvvür edə bilmərik. Günümüzün sosial şəbəkələr və Vatsap reallığı bunu bir daha şərtləndirir.

İctimai yerlərdə fikir verin, gənc qadın və kişilər smartfonlarda necə sürətlə yazırlar. Az qala danışıq sürəti ilə. Bu gedişlə bir günə qalın kitab yazmaq mümkündür.

Texnologiya, ünsiyyət vasitələri insanları nəinki yazılı düşünmək, həm də yazılı ağlamaq, yazılı gülmək, yazılı mimika göstərmək vərdişinə yiyələndirib.

Di gəl, ədəbi mühitimizdə hələ də yazılı düşünməyi bacarmayanlar xeyli çoxdur. Onlara elə gəlir ki, nəsə yazmaq üçün hökmən Səməd Vurğun kimi kostyum geyinməli, qalstuk taxmalı, iş otağındakı qalın taxtalı, üstünə gecə lampası qoyulmuş stolun arxasına keçib qələmi sazlamalı, aradabir əlini fikirli-fikirli alnına qoyub siqaret tüstülətməlisən.

Orta məktəbdə ədəbiyyat müəllimi işləyən və maraqlı şeirlər yazan bir dostum zəng etmişdi. Yeni çıxan romanlardan hansısa haqqında danışırdı. Qəfil fərqinə vardım ki, adam çox gözəl danışır. Hətta elə danışır ki, heç kim belə danışa bilməz. Onun işlətdiyi cümlələr, seçdiyi sözlərin estetik düzülüşü, fikri qısa və dəqiq ifadə etmə səriştəsi diqqətimi çəkdi. İstər-istəməz dedim: “Sən bunları niyə yazmırsan?” Adam tutuldu. Ona elə gəldi ki, zarafat edirəm. Mən xeyli izahat verməli oldum...

Dilimizdə “Qeyd etmək”, “Qeydə almaq” anlayışı var. Bu ərəbcənin “müqəyyəd” sözündəndir və ilkin mənası “harasa bağlamaq”, “qalıcı etmək”dir. Fikri qeyd etmək o deməkdir ki, o fikir əbədi olaraq orda bağlanıb qalır, fikrin sahibi ölüb gedəndən sonra da insanlar ondan mətləb hasil edirlər.

Bu, bəşəriyyətin gəlib çatdığı ən yüksək sivilizasiya idi. Ölmüş adam yazı vasitəsi ilə özündən 4 min sonra dünyaya gələn adamla danışa bilirdi.

Yazmaq mübarək işdir. Zəif olsa belə. Fransızların məşhur bir deyimi var: “Beş dəqiqədən artıq danışırsansa, niyə yazmırsan?”

Günümüzün insanı, xüsusilə, ədəbiyyat adamı yazının cariliyini anlamalıdır. O, eyni zamanda yazılı düşünməyi və yazılı danışmağı bacarmalıdır. Yazıya qarşı rahatlığın tərəfdarıyam. Çayxanada-meyxanada elədiyimiz söhbətləri çox asanlıqla yazıya çevirə bilərik. Çünki yazının yüz növü var və ola bilməz ki, bizim o, ilk baxışdan yüngül və dayaz görünən söhbətlərimiz bu janrların hansınasa uyğun gəlməsin.

Yeni film çəkilir, düşündüyümüzü yazılı ifadə etməyə çalışmalıyıq. Yeni tamaşa qoyulur, onun kimi. Yeni kitab, yeni rəsm əsəri, yeni musiqilər... Şahidi olduğumuz hadisələr, xəyal etdiyimiz situasiyalar yazıda, qeyddə əks olunmalıdır.

Danışmaq bilgiləri və fikri ifadə edən cümlələri boş yerə havaya uçurmaqdır. Axı danışıqda deyilənlərin əksər hissəsi unudulub gedir. Yazı isə...

Yazılı düşünmək vacibdir.

# 2021 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #