Məni sevən iki taksi sürücüsü

Məni sevən iki taksi sürücüsü
26 dekabr 2017
# 10:39

Mənim iki taksi şoferi ilə başım bəladadır. Hər gün eyni hadisə təkrarlanır. Səhər tezdən dururam, bəzən işə gecikməmək üçün taksi ilə getməli oluram. Deyəcəksiniz, bunun ağlına bax, kefdə-damaqdadır, camaat metroda basırıqda gəlir, bu da taksiyə minir. Səbəb sadədir: o boyda yola 2 manat verirəm.

Amma dərdim böyükdür. Deməli, məhəlləmizdə iki taksi şoferi var. Biri yolun bu tərəfində məskən salıb, dayanacağa yaxındı. Blokdan çıxan kimi məni ilk görən o olur. Boz maşının yanında əlləri qoynunda durub gözləyir. Gəlib tezbazar minirəm maşınına, “Gedək” - deyirəm.

Sürücü tez mahnı qoyur, ya radionu açır.

- Ürəyin nə istəyir? Denən, qardaşın eləsin. Radiodan xoşun gəlmirsə, flaşkartı qoyum, mahnıya qulaq as. İstəmirsənsə, vapşe, bağlayım hamısını, sakitcə gedək.

Əhvalıma görə istəyim dəyişir: yaxşı olanda deyirəm mahnı qoy, pis olanda radionu açmağını istəyirəm. Gərginliyim çoxaldıqca səssizliyi seçirəm.

Taksi şoferi xasiyyətimə çoxdan bələd olub. Baxışımdan, bircə hərəkətimdən içimi oxuyur.

O biri taksi şoferinin maşını qırmızı rəngdədir. Yolun o biri tərəfindədir. Cüssəli kişidir, eşmə bığları var.

Axşam evə qayıdanda narazılıq eləyir:

- Mənim maşınımın nəyi pisdi? Niyə gəlmirsən daha? Təzə mahnılar yazdırmışam. Özü də tez sürəcəm. Gəl mənim maşınıma.

Könlü sınmasın deyə gülümsəyirəm. Səhər olan kimi keçirəm yolun o biri tərəfinə. Qırmızı maşına oturanda pəncərədən boz maşın gözümə sataşır. Arxasınca da məni marıtlayan taksi şoferini görürəm. Elə baxır ki, elə bil ona özgə yatağında xəyanət eləmişəm.

Qaranlıq çökəndə evin yolunu tuturam. Mağazaya girib siqaret alanda boz maşının sahibi ilə rastlaşırıq.

- Ayə, bəri dur görüm. Keçən dəfə niyə qaçdın məndən? Böyrümdən keçirsən, görmürsən məni.

- Vallah, dayı, görməmişəm. Elə bildim, yerinizdə yox idiniz.

- Yalan demə. Gördün, amma bilə-bilə getdin ora. Yaxşı eləmədin.

Nə qədər eləyirəm, xeyri olmur, küsüb, çiyinlərini atır. Öz-özümə deyirəm, səhər könlünü alaram.

Lap məhəllənin gözəl qızına dönmüşəm. İki taksi sürücüsü də məni sevir. Birinin yanına gedəndə, o biri qısqanır, o birinin könlünü almaq istəyəndə bu mısmırığını sallayır. Hər ikisi ona “sadiq” olmağımı istəyir. Şair demiş, necə ki, sadiqdir, ağaclar bitdiyi yerə. Mən isə sadiq ola bilmirəm. Düşünürəm, yəqin qız olsaydım, çox çətin duruma düşərdim. İki sevəndən birini seçməyim müşkülə dönərdi. Heç birinin qəlbini qırmaq istəməzdim. Elə bu taksi şoferləri də elə. Amma bu dərd artıq mənə bəla olub, yaxamdan yapışıblar. Artıq baxışlardan bu sözləri oxuyuram: “İkimizdən birini seç”.

Nəhayət, çıxış yolunu tapdım. Bir gün qərara gəldim ki, daha taksiylə yola çıxmaq yoxdur. Hər səhər onların intizar, həsrət dolu baxışlarını geridə qoyub avtobusa minirəm. Avtobus şoferləri yaxşıdır, onlar “əbədi sevgi” nədir bilmirlər. Onların sevgi limanında tünlükdür. Düzdü, belə sevgi olmaz, hər gün ağrı-əzab çəkirsən. Amma olsun. Heç olmasa ucuzdur. Ucuz sevgidən heç kimə zərər dəyməz.

- Qardaş, kitabı qırağa elə. – böyrümdəki kişinin səsidir. Nə gözəldir, yolda kitab da oxuya bilirəm. Bir azdan çatacam. Gərək adamların qollarından yaranmış tikanlı məftilləri keçib dayanacaqda düşüm.

İki taksi sürücüsü indi kədərə bürünüblər. Heç biri mənə baxmır. Ayrılığı qəbul edə bilmirlər.

# 1775 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #