Oğurlanmış palto

Oğurlanmış palto
1 iyul 2017
# 14:00

Təranə Fazilqızı

Qohumlarıma baş çəkmək üçün kəndimizə getmişdim. Yerlibazlıq kimi yozmasınlar deyə, Abşeronun bu qədim kəndinin adını yazmıram. Şəhərdə doğulub böyüsəm də, adət-ənənəyə bağlılığı, doğmalığı ilə hər zaman kəndimiz məni özünə çəkib.

Avtobusun orta sırasında, tək adamlıq yerdə oturmuşdum. Nəzərimi üzü tüklü, nimdaş gödəkcəli bir oğlan cəlb etdi. O, nə isə axtarırmış kimi ciblərini eşir, qəribə bir tərzdə dırnaqlarını gəmirirdi. Gözləri civə kimi oynayırdı. Asta səslə kiminsə qarasına donquldanır, arada gizlin-gizlin ətrafa baxırdı. Ani olaraq baxışlarımız toqquşdu. Dəvədodaq ağzının iki tərəfindən selik axırdı. Birdən o, sakit addımlarla mənə tərəf gəlməyə başladı. Düzü, qorxdum, istər-istəməz yerimdə büzüşdüm. Oğlanda açıq-aydın dəliliyin əlamətləri vardı. Özümü qınadım: “Axı sənə deyən vardı ona baxasan?” Avtobusda seyrəklik idi. İki-üç gənc ortada ayaq üstdə dayanmışdı. Oğlanın fikrini yayındırmaq üçün tez üzümü pəncərəyə sarı çevirdim.

- Ey, ey, səninlə deyiləm”, - qolumdan tutub dartmağa başladı. Qorxudan ürəyim düşsə də, özümü əla alıb, sakit səslə:

- Nə lazımdı?- deyə soruşdum.

- Çıxart anamın paltosunu, ver, ver bura. Bu sənin deyil, onu oğurlamısan, anamındı, ver! Anama soyuqduye eşidirsən, soyuqdu. Səninləyəm, tez ol də, çıxart, çıxart!

O, ayaqlarını dəcəl uşaqlar kimi yerə döyür, paltomun qolundan tutub özünə tərəf dartırdı. Təlaşla ətrafa baxıb kömək istədim. Gözlərim “məni bunun əlindən xilas edin” deyirdi. Arxadan ona yaxınlaşan orta yaşlı kişi, oğlanı geri çəkmək istəyəndə, o bir andaca qəzəbli pələngə döndü. Kişinin boğazından yapışıb onu boğmağa başladı. Oğlanın yekəpər əllərindən az qala boğulacaq kişi bunu gözləmədiyindən özünü itirmiş halda onu təpikləyir, xilas olmağa çalışırdı.

Qışqıran, araya girən, gülən, aləm bir-birinə dəydi. Avtobus magistral şoselə getdiyindən sürücü saxlamağa məqam axtarır, daha sürətlə, sağa-sola şütüyürdü. Kişini oğlanın əlindən alsalar da, o hələ də qəzəbli idi. Bu zaman adamlara ərklə “yol verin” deyərək, qara çarşablı dolu qadın oğlana yaxınlaşdı. O, avazla Qurandan ayə oxuyur, arada “Bisimillah” deyərək oğlanın başına, kürəyinə sığal çəkirdi. Gəncin qorxulu siması bir neçə dəqiqədən sonra məzlum, fağır bir görkəm almışdı. Məni qoruyan kişinin üzünə pərtlikdən baxa bilmirdim. Yazığı heç nədən qana salacaqdım. Üst-başı pis gündə, köynəyinin yuxarı düymələri qırılmış, pencəyi qoltuq tərəfdən sökülmüşdü. Hər kəs yerini almış, sakitləşmişdi. Hamı bir-biriylə söhbət edir, yüz ilin doğmaları kimi danışıb gülürdülər. Çarşablı qadın müharibədən qalib çıxan əsgərə bənzəyirdi. O, hamının eşidəcəyi bir səslə yanında əyləşən gəlinə oğlan haqda danışırdı.

“Bu oğlanın beləliginə baxma, əvvəllər ağlı başında olan cuvanəzan idi. Yaxçi da ata-anası vardı. Rəhmətlik atası dəmiryolunda gözətçi işdiyirdi. Necə olursa simendən çıxıb evə gələndə bədbəxti maşın vurub qaçır. Elə yerindəcə keçinir. Yoldaşı bu dərdə dözməyib bir neçə ilin içində xəstəlikdən öldü. Ondan sonra, bu qaragünün pis günləri başdiyir. Dəli dögül, arada belə tutmaları olur. “Koroğlu” metrosun yanında ştuçnu siqaret satır. Heç kimi yoxdu deyə, qonum-qonşu dolandırır.”

Oğlan isə, deyilənləri eşitmir, arxa oturacaqda yer tapıb, sakit halda pəncərədən çölə baxırdı...

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #