Turpun suçu nə?

Turpun suçu nə?
19 aprel 2016
# 15:12

Ayxan Ayvaz

Bu günlərdə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu budur: 40 manatdan yuxarı qiymətə turp olarmı?

Bu söhbət mənə məşhur rus nağılını xatırlatdı. Yadınıza düşmədisə, gəlin bir yerdə bu balaca nağılı yada salaq.

Biri var idi, biri yox idi, bir baba var idi. Bir gün baba bir turp əkdi və dedi:


- Turp, gün o gün olsun, böyüyüb şəkər olasan!


Günlər keçdi, babanın turpu çox böyük turp oldu. Baba turpu çıxarmağa gəldi, dartdı-dartdı, çıxara bilmədi. Baba nənəni köməyə çağırdı, nənə babanı, baba turpu dartdılar-dartdılar, çıxara bilmədilər.


Nənə nəvəni köməyə çağırdı, nəvə nənəni, nənə babanı, turpu dartdılar-dartdılar, çıxara bilmədilər.


Nəvə iti köməyə çağırdı, it nəvəni, nəvə nənəni, nənə babanı, turpu dartdılar, dartdılar, çıxara bilmədilər.


İt pişiyi köməyə çağırdı, pişik iti, it nəvəni, nəvə nənəni, nənə babanı, turpu dartdılar-dartdılar, çıxara bilmədilər.


Pişik siçanı köməyə çağırdı, siçan pişiyi, pişik iti, it nəvəni, nəvə nənəni, nənə babanı, turpu dartdılar-dartdılar və axırı çıxardılar.

Ailənin xoşbəxtliyi həmin turpun torpaqdan üzülməsindədir. Əgər hər kəs birləşsə, güc göstərsə, o zaman bütün zorluqlar aradan qaldırılacaq. Təki qaranlığın sonunda bir işıq ucu görünsün, o işıq adamları zülmətdən, aclıqdan, kasıbçılıqdan xilas etsin.

Gələk turpa... Mənim özümün də turp üçün ürəyim gedir. Oxuduğuma görə, turplardan qidalanmada müntəzəm istifadə etdikdə insanın iştahası artır, əmələ gələn artıq turşuluq neytrallaşır və toplanan zərərli maddələr həll edilərək bədəndən xaric olunur, maddələr mübadiləsini nizamlayır. Turpların tərkibində olan maddələr, o cümlədən qlükozidlər ətli, yağlı-piyli yeməklərin həzminə, yağların sabunlaşmasına təsir göstərməklə öd turşusunun az sərf olunmasına şərait yaradır.

Bununla da bir sıra qaraciyər və öd xəstəliklərinin qarşısını alır. Turpun kök meyvəsində olan 10-12 faizə qədər pektin maddəsi insan orqanizminə keçən radioaktiv şüaları zərərsizləşdirir və onları bədəndən xaric edir. Turp şirəsini balla qarışdırıb tənəffüs yollarının selikli qişasının zədələnməsi, quru öskürək və səsi batmış xəstələrin müalicəsində istifadə etmək olar.

İndi oturub düşünürəm: əcəba, bu 40 manatdan yuxarı qiymətə satılan və adamları əsəbiləşdirən turp necə bir şeydir? Niyə bizim insanlar onun haqqında bu qədər başlarını yorurlar? Bəlkə də o məşhur rus nağılındakı kimi o turpa çatmaq, onu pul məngənəsində saxlayan adamların əlindən almaq istəyirlər.

Kim bilir?

Ancaq burda sadə və acımasız bir həqiqət var: yorğanına görə ayağını uzatmaq lazım. Artıq nağıllar dünyasında yaşamırıq. Hər tərəfimizi reallıq dumanı bürüyüb, o dumanda 40 manatlıq turpu xartaxart yeyib qarnını qaşıyan və bizim umacaqlı gözlərimizə baxıb qaqqıldayan nəhəng divlər var. O divlərə qalib gəlmək isə heç nağıllardakı qəhrəmanların da işi deyil. Ən yaxşısı gücümüz çatmayan, bizə elə də lazım olmayan o turpun başını buraxmaq və düşüncələrimizi dörd divardan azad edib xırda şeylərə sevinməkdir.

Buddanın dediyi kimi, ehtiyaclar azalarsa o zaman xoşbəxtliyi tapmaq mümkün olacaq.

# 1738 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #