Bizim alverçilər

Bizim alverçilər
2 iyun 2015
# 11:08

Biznesin (alverin) sadə və qısa tərifi var: ucuz alıb, baha satmaq. Mən bunu elə belə, sözgəlişi və biznesdən az-çox anlayışımı nümayiş elətdirmək üçün dedim. Və bir sual: Şərqlə Qrəbin, müsəlmanla xaçpərəstin alverinin fərqi nədədir? Yenə də hamımıza aydın olan cavab: xaçəpərəstlər müştəri yığandan sonra malın (xidmətin) keyfiyyətini artırır, qiyməti aşağı salır. Müsəlmanlar isə tam əksinə, müştərilər artdıqca malın keyfiyyətini aşağı salır, qiyməti artırır...

Bunu da elə belə dedim, fəlsəfi görüşlərimi püxtələşdirmək üçün, yəni mırta.

Keçək əsas məsələyə, al-verə.

Qoca bir qadın alça satanın yanında dayanıb növbəsini gözləyir, sifariş eləməyə çəkinir. Kənardan gələnlər də heç bir ədəb-ərkan gözləmədən, istədiyini alır və gedir. Növbə mənə çatanda satıcıya deyirəm ki, bu xanımı yola sal, çünki məndən qabaqdır. Özgə dildə danışan həmin qadın ovcunu açır və satıcıya güclə eşidiləcək səslə deyir ki, bu pula düşən alçanı ona versin. Satıcı onun əlinə baxır, xırda pulları görəndə əsəbiləşir və acıqlı-acıqlı deyir:

- Kimdi onları sayan! Get evində otur də! Ağzında dişin də yoxdu!

- Bəlkə onun ürəyi evdə oturmağı yox, alçanı istiyir deyirəm.

- Ona nə düşəcək!? - satıcı deyir, - heç tərəzi də götürməz.

- Ona yarım kilo alça ver, - deyirəm, - mənə də bir kilo çək.

Qadın ona hədiyyə kimi verilən alçanı almaq istəmir. Gəlindən həyalıdır. Mən onu dilə tuturam ki, bunu sizə oğul, kürəkən, qohum kimi hədiyyə edirəm. Nəhayət, razılaşıb gedir. Gedə-gedə, bəlkə də evinə çatana kimi, mənə dua-səna eləyir...

Başqa bir gün ət satan qəssab (sir-sifətindən də, hərəkətlərindən də qəssablıq yağır) qoca bir qarıya yarım kilo ət vermək istəmir. Deyir ki, yarım kilo əti hardan alım, sənə verim. Cavan bir oğlan işə qarışır. Görünür, o yaşda nənəsi var, ya elə bu cür tərbiyə alıb. Deyir ki, sən mənə üç kilo yarım ət çək, amma yarım kilonu ayrıca. Qəssab (satıcı yox, ha) razılaşır və qadının arzusu yerinə yetirilir.

Daha bir misal. Hay-küylü bazarda iki kilo kartof istəyən müştəridən satıcı imtina edir və deyir ki, beş kilodan kəm kartof satmır. Onda alıcı hirslənir və qayıdır ki, mənə bir ton kartof çək. Satıcı da deyir ki, o qədər kartofu yoxdu. Mübahisə qızışır və dava başlayır. Əsl müsəlman davası. Alıcı satıcını döyür. Sonra başqa satıcılar həmkarlarına qəhmər çıxır. Tərs kimi alıcının da yanında bir pəzəvəng var. Görünür, ona görə də özünü inamlı aparır. Biz də, yəni başqa alıcılar da manyaklar kimi, bu vurhavurdan ləzzət alırıq. Bu zaman hardasa gizlənmiş bazar nəzarətçiləri peyda olur və dalaşanları özlərilə aparır.

Kimsə böyürdən deyir:

- Müsəlman ki, müsəlman. A bala (satıcını nəzərdə tutur), sənə iki kilo kartof lazımıydı?

Başqa birisi qəribə təklif verir:

- Bu cür satıcılarla belə danışmaq lazımdı. Yoxsa ki, miniblər belimizə.

Bu zaman arabaçı gəlir, hansısa alıcının ayağını tapdayır. Söyüşün biri bir qəpik, amma yumruqlarını işə salmaqdan qorxurlar. Bayaqkı “gözü çıxmış qardaşlarından” dərs aldıqlarına görə. Əvəzində isə özlərindən başqa, yuxarıdan aşağı - hamını günahkar tuturlar.

Evə gələndə məni məşhur bir sual düşündürür: Nə etməli?

Özüm cavab verirəm: Heç nə. Sadəcə biz çox pis alverçilərik...

# 1411 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #