Kasıbın nağılı

Kasıbın nağılı
22 avqust 2014
# 16:35

Kasıbın qızı oldu. Adını Xoşbəxt qoydu. Xoşbəxt körpəlik dövrünü başa vurmamış öldü. Bir il sonra kasıbın yenə bir qızı oldu. Adını Səadət qoydu. Bu qız da çox yaşamadı. Bu müddət ərzində varlı qonşunun iki oğlu olmuşdu. İkisi də sağlam böyüyürdülər. Bir il də keçdi. Kasıbın oğlu oldu. Adını Kasıb qoydu...

İllər sürətlə bir-birini əvəz edirdi. Kasıb artıq böyüyüb yaşa dolmuşdu. Aradan keçən illər ərzində onun qazançı qadını və uşağı, itirdiyi valideynləri olmuşdu.

Kasıb gündüzlər şəhərin mərkəzi küçələrindən birində ayaqqabı silməklə pul qazanır, axşamlar qazancının bir hissəsinə ərzaq alıb daxmasına, ailəsinin yanına dönürdü...

Aradan bir neçə il də keçdi. Kasıb artıq ayaqqabı silməkdən çəkmə tikməyə, sonra da kiçik müəssisə açmağa nail olmuşdu. Güzəranı xeyli yaxşılaşmışdı. Şəhərin yaxşı yerindən özünə ev almışdı. Özünə yaxşı şərait düzəltmişdi. Amma keçmişini də unutmamışdı. Qazancının bir hissəsini imkansızlara xərcləyirdi. Çoxlarının əlini çörəyə çatdırıb ev-eşik sahibi eləmişdi...

Bir gün Kasıbıın oğlu xəstələndi. Nəyi vardısa hamısını həkimlərə versə də onu xilas edə bilmədi. Yadına atasının vəsiyyəti düşdü: "uşağa yaxşı ad qoyma." Uşağın adı Bəxtiyar idi...

Çox keçmədi ki, uşağın anası bala dərdinə dözməyib yatağa düşdü. Kasıb onu sağaltmaq üçün evini, müəssisəsini satdı. Amma lazım olan məbləği düzəldə bilmədi. Bir vaxtlar yaxşılıq elədiyi adamlara ağız açdı. Heç biri ona kömək edə bilmədi. Üzünü tanrıya tutdu. Ondan da hay çıxmadı...

Artıq bir müddət idi ki, Kasıb köhnə evində tək yaşayırdı. Gündüzlər ayaqqabı silir, axşamlar evdə xoşbəxt günlərini xatırlayırdı. Bu arada təxminən həmyaşıdı olan dövlətli qonşu oğluna toy eləyirdi...

Tək yaşadığı və işdən sonra heç yerə getmədiyi üçün Kasıbın qazancının çoxu cibində qalırdı. Beləcə il ilə calandı və onun güzəranı yenə yaxşılaşmağa başladı. Yenə keçdi çəkmə tikməyə, sonra kiçik müəssisə açdı, daha sonra ayaqqabı fabriki yaratdı. Özünə yaxşı ev aldı, ailə qurdu, uşaqları oldu. Bir qız, bir oğlan. Bu dəfə o həyatını tamam başqa cür yaşamağa qərar verdi. Məktəbli olsalar da uşaqları dəblə geyindirir, ciblərinə pul qoyur, istədiklərini etməyə icazə verirdi. Əlindən pislik gəlməsə də, heç kimə yaxşılıq da etmirdi Kasıb.

- Xeyirxahlıq adamı yaman günə qoyur - deyirdi tez-tez...

Gecələrin birində Kasıbın evində yanğın baş verdi. Gözünü xəstəxanada açdı. Ona dedilər ki, ev-eşiyi ilə birlikdə ailəsi də yanıb tələf olub. Yadına atasının vəsiyyəti düşdü: "Uşağa yaxşı ad qoyma." Qızın adı Hicran, oğlanınkı Həsrət idi. Anladı ki, atası yanılıb. Məsələ adda deyilmiş...

Vəziyyəti bir az yaxşılaşan kimi xəstəxanadan çıxdı. Fabrikini satıb evləri yanğından zərər görmüş qonşuların haqqını ödədi. Yenə nəyi vardısa hamısını itirdi. Əlində tanrının ətəyinin ona düşən hissəsindən başqa heç nə qalmadı. O da ki, yalnız ayaqqabı silməyə yarayırdı...

Köhnə evinə qayıtdı Kasıb. Dövlətli qonşu nəvəsinə toy eləyirdi. Ayaqqabı silmək üçün lazım olan şeyləri sinəsinə sıxıb küçəyə çıxdı...

Epiloq

Şəhərin dalda küçələrinin birinin tinində üz-gözü yanıb eybəcər hala düşmüş bir qoca ayaqqabı silmək üçün lazım olan şeyləri qarşısındakı yeşiyin üstünə düzüb oturmuşdu. Artıq günorta olmasına baxmayaraq hələ ki, bir qəpik də qazana bilməmişdi. Əslində pul qazanmaq üçün bu küçə heç də əlverişli deyildi. Gün ərzində buradan demək olar ki, ayaqqabısını sildirəcək kimsə keçmirdi. Ara-sıra bu fikrə düşənlər olsa belə, çəkməçinin eybəcər sifətindən ürpənib ayaqqabılarını sildirməkdən vaz keçirdilər.

Ancaq qoca başqa küçələrdən birinə keçib işləmək barədə heç düşünmürdü də. Çünki adam çox olan küçələri nisbətən cavan, qoluzorlu çəkməçilər çoxdan öz aralarında bölüşdürmüşdülər. Tanrı insanları varlılara-kasıblara, xoşbəxtlərə-bədbəxtlərə bölən kimi...

Bakı-1999

# 4317 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #