Anar neyləsin?

Anar neyləsin?
2 sentyabr 2013
# 16:01

Qan Turalı yazır...

İndi oxuyacağın məqalənin əleyhinə yazılar yazılacağını, spirtli içki məclislərinin qeybət mövzusuna çevriləcəyini bilirəm.

Lakin mən sözümü açıq, mərdi-mərdanə deyirəm.

Bu fikri deyəndə də, yazanda da özümə dost bildiyim adamların da qınağına rast gələcəyimi bilirəm.

Bir az uzaqdan başlayaq, amma kəsə gedək.

Yazıçılıq məşəqqətli işdir.

Folkner deyir ki, birinci sinfə mənsub olan yazıçılar yazmaq üçün heç bir bəhanə axtarmır.

Azərbaycanda bu sinfə mənsub olan yazıçıların sayı az olduğu üçün yazıçılarımız əsərlərinə süjet axtarmaq əvəzinə yazmamaq üçün bəhanələr axtarırlar.

Onlar Herman Melvillin məşhur Bartlbisi kimi də deyillər, çalışmamaq onlar üçün məqsəd deyil, sadəcə vasitədir, onlar öz üzərlərində çalışmamaqla, yazmamaqla sadəcə olaraq özlərinə xal qazanmağa çalışırlar.

Bu bəhanə də çox zaman Yazıçılar Birliyi ilə bağlıdır.

Mən də 2005-ci ildə çap edilən ilk məqaləmdə Anarı gənc nəslin qarşısında kötük diyirləməməyə dəvət etmişdim.

Halbuki bir neçə ildir tamamilə fərqli şeyləri düşünürəm.

Əlbəttə, Yazıçılar Birliyi fəaliyyətini daha səmərəli qura bilərdi.

Anarın da tez-tez şikayət etdiyi sosial təminatlarla bağlı yazıçıların ehtiyaclarının ödənilməsindən daha ziyadə diqqəti yaradıcılıq məsələləri üzərində toplaya bilərdi.

Birlik şah qapısı kimi bu qədər istedadsız yazıçıyla dolmazdı.

AYB o qədər çox şey edə bilərdi ki, indi onları alt-alta yazıb qurtarmaq da mümkün deyil.

Amma Yazıçılar Birliyi bunu etmədi, imkan olmadı, yoxsa özləri istəmədilər, bu başqa məsələdir.

Bununla belə xatırlamaq lazımdır ki, bu Yazıçılar Birliyi Azərbaycan SSR-nın Yazıçılar Birliyi deyil.

Onun maddi imkanları məhdud olduğu kimi ədəbi prosesi idarə etmək imkanları da məhduddur.

Yazıçılar Birliyi artıq ədəbi prosesi Mərkəzi Komitədən aldığı direktivlərlə idarə etmək gücünü də itirib.

Onun əlində-ovcunda heç kimin oxumadığı jurnallar və məzhəkəyə daha çox oxşayan tədbirlərin keçirildiyi binası qalıb.

Hə, bir də xalq şairi, yazıçısı üçün təqdimatları onlar verirlər.

Ancaq budur, başqa bir şey yoxdur.

Yazıçı yuxarıda yazılanlar olmadan da rahat yaşaya və yaza bilər.

Əvvəlki illərə nisbətən ədəbi proses də canlanıb, artıq kitab çap etdirmək üçün yazıçılar əllərinə ciblərinə də salmalı deyillər, az-çox oxucu kütləsi də formalaşıb.

Anar da yaradıcılığının son mərhələsini yaşayan, “üç-beş yaxşı yazıçıdan” biridir.

O, 60-cılar nəslinin nümayəndəsidir, bilgisayarın sağ alt tərəfindəki təqvimə baxsanız orda 2013-cü il yazıldığını görərsiniz.

Kim yazmaq istəyirsə yazır, çap da etdirir.

Yaxşı yazılan yazılara reaksiyalar da gəlir, ola bilsin ki, bu reaksiyalar Qocalar Klubuna çevrilən Yazıçılar Birliyindən gəlmir, amma bu Qocalar Klubunun da yazdıqlarına artıq cəmiyyət heç bir reaksiya vermir.

Hər halda ədəbi proses canlanır, inkişaf edir, yeni forma və məzmuna malik olan əsərlər ortaya çıxır ki, bunlar Yazıçılar Birliyinin xidməti olmadığı kimi onun yaratdığı maneələrdən də sıyrılaraq yaradılmayıb.

Yazıçılar Birliyi sadəcə olaraq ədəbi prosesdə ölgün bir rol nümayiş etdirir ki, onun mühafizəkar idarəetməsinə yaraşan sadəcə budur.

Ona görə də bəhanə gətirəndə Yazıçılar Birliyini, onun rəhbərini istifadə etmək yerinə yaxşı əsərlər yazmaq gərəkdir.

# 2437 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #