Ceyran qatili

Ceyran qatili
15 sentyabr 2016
# 13:02

Fikriniz ora-bura getməsin. Söhbət əsl ceyrandan gedir...

- Mənim babam yaxşı ovçu olub, maraqlı xatirələri var. Gedək kəndə.

Səhərin ab-havasından, darıxdırıcılığından gileylənəndə belə dedi.

Onun bu təklifində başqa məqsədi də vardı. Məni tovlayıb kəndlərinə aparmaq üçün söbətinə şirinlik qatırdı.

- Ovu sevmirəm, balıq başqa məsələ.

- Babamı danışdıra bilsən, sənə bir qışlıq material verəcək... Balıq da tutarıq. O günü Mübüş (qardaşı Mübarizi nəzərdə tuturdu) zəng eləmişdi, dedi ki, yekə çəki balıqları var.

- Gedək, - dedim və getdik.

Kəndləri adi kəndlərdən seçilmir. Girəcəkdə tanış təzək iyi, təzə biçilmiş otun qoxusu adamı qarşılayır, bir də çoxdan üzünü görmədiyin həmkəndlilər. Xoş-beş, on beşdən sonra onlardan aralaşırsan ki, birdən ya qonaq apararlar, ya da qonaq gələrlər.

Həyətləri xudmanidir, balaca çarhovuzları da var. Payiza doğru gedirik. Hələ çöldə oturub samovar çayı içən vaxtlardı.

Səhəri gün balığa getdik, ovumuz pis olmadı. Həmin axşam haqqında eşitdiyim əfsanəvi baba gəldi. “Uzunboğaz dəri çəkmə ayağında, qulqalı papaq başında (sentyabrın ortasıdır ha...), prima siqaret damağında. Öskürəndə bir neçə dəqiqə söhbətinə fasilə verənlərdəndir.

Baba ordan-burdan danışdı, amma ov barədə bir kəlmə də...

- Baba, ovdan danış, ceyranları vurmağından...

Düzü, mən ceyranı dərsliklərdə və televizorda görmüşdüm. Bilirdim ki, gözəl varlıqdılar, ona güllə atmağa heç kimin əli gəlməz, bircə qansız ovçulardan başqa.

- Hə... Elə bu vədələr idi, - deyə baba nazını yerə qoyub, siqaretini tüsdülədə-tüsdülədə söhbətinə başladı. Çıxmışdım yalın qaşına, gördüm ki, “Şam bulağ”ın başında keçiyə oxşar bir-iki heyvan var. Biz tərəflərdə keçi hardadı?..

Diqqətlə fikir verdim ki, bunlar ceyrandılar, hardansa azıb gəliblər. Əvvəlcə istədim ki, hamısını vuram, amma yaxınlaşanda gördüm ki, bunlardan biri anadır, deməli balası var, özü də hardasa bu yaxınlıqdadır.

- Yazığın gəldi, heyləmi? - deyə dostum babasının ağzın aramaq istədi, amma fikir verdim ki, onun bu sualında bir dolaq işarəsi var.

- Onu deyirəm dana, düşdüm bunların dalına. Get, get, ha get, get ha get, gəlib çatdıq yerinə. Sən demə ceyranlar balalarını kolluğqda gizlədiblər. Saydım: düz on bir dənəydi. Hamısın verdim güllənin ağzına. Birinci ana ceyranı vurdum ki, balalarını öldürdüyümü görməsin (İnsafa bax e!). Həm də ağlayırdı, ona görə!

Bu yerdə məni heyrət götürdü, dostum isə gülməkdən qəşş edir.

- Hamısını niyə vurdun ki, biri bəsidi də, - deyə hövsələsizlik elədim.

- Sən nə danışırsan!? Elə bilirsən o birilərini sağ qoyacaqdılar, ya özümüzünkülər vuracaqdı, ya da qurd-quşa yem olacaqdılar.

- Heç olmasa, analarına dəyməzdin də, balaları yazıqdı...

- Bala qalmışdı ki, hamısın xosunbay eləmişdim.

Bu yerdə dostum həyasızcasına qəşş elədi və əli ilə mənə işarə elədi ki, danışmayım.

Baba isə şövqlə danışmaqda davam edirdi. Düzü onun nə dediklərini eşitmirdim, fikrim ceyranların yanındaydı, ana ceyranın ağlar, iri gözlərindəydi.

- Odu-budu bir də buralarda ceyran görmədim. Demək olar ki, onların kökünü özüm kəsdim.

Baba söhbətini burda qurtardı və bir-iki ağız da öskürüb, durub getdi...

- Sənin baban əsl ceyran qatiliymiş ki, - deyə dostuma heyrətimi bildirdim.

Dostum gülə-gülə:

- Elə bilirsən düz deyir, gopçunun biridi.

Düzü, bilmədim babanın gopuna sevinim, yoxsa kədərlənim... İstədim soruşam ki, ana ceyranın gözləri onun yuxusuna girirmi? Amma soruşmadım...

# 2635 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #