Əlvida, kədər!

Əlvida, kədər!
27 oktyabr 2014
# 12:06

Zaman o zaman idi ki, yanlış qadınlara aşiq olub, kədərli dostlarla oturub, ucuz içkilər içirdik. Həyat olduqca kədərli, günlər bir-birindən hüznlü keçirdi. Başıma çəkdiyim hər badədən sonra bir peşmançılıq bürüyürdü məni.

İçməsəm, keçərmi? Keçməsə içimmi? İçirdim keçmirdi. Keçmirdi içirdim...

Hər dəfə sonuncu badədən sonra bir tövbə duası süzülürdü sərxoş dodaqlarımdan. Amma sabahısı yuxudan əzgin, darmadağın ruh halıyla qalxıb qaçırdım “poxmel” açmağa...

Soyuducuda heç nə olmasa da “başı qırmızı” boylanardı qəmli-qəmli...

Oxuduğum kitablarda ən kədərli cümlələri axtarıb altını cızdığım, sonra qarşısına bir “(c)” yazıb facebookda paylaşdığım vaxtlardı. Kədərli-kədərli fikirlər doğulurdu sərxoş beynimdə. Xülasə adımızın “kədər”lə yanaşı çəkildiyi vaxtlardı...

Ruhumu o dərəcədə bu mərəzə təslim etmişdim ki, Cem Yılmaza da gülə bilmirdim.

Ümumiyyətlə kədərli və bezgin bir ruh halıyla günü-günə satırdım.

Bütün pozitivləri özümə qadağan etmişdim. “Şair olan qəm də yeyər” misralarını həyat devizimə çevirib, kədər bayrağını evin balkonundan asmışdım.

Nə isə, uzatmayım. Bütün sadaladıqlarım bir-iki ilin söhbətidir.

O zaman “kədər” və “darıxmaq” sözü leksikonumdan, intihar gündəmimdən düşmürdü...

Çox sonradan başa düşdüm ki, mən sadəcə psixoloqa gedib, ikicə ay konsultasiyada iştirak etməklə bu mərəzdən xilas ola bilərəmmiş...

Getmədim. Çünki, ikinci ixtisasım psixologiyaya yaxındır və mənə elə gəlirdi ki, psixoloqun mənə deyəcəyi şeyləri bilirəm...

Getmədim. Çünki, qaramat xoşuma gəlirdi.

Getmədim. Ona görə ki, gedənlərə ağlamaq, ağlayanda rahatlamaq, rahatlayanda yatmaq olurdu...

Qəfil dəyişməyə başladı ruh halım...

Hər şey adiləşdi...

Gülməyi öyrəndim...

İndi mənə gülməli görünür bir qadının getməyinə ağlamaq, bir dost xəyanətindən sarsılmaq...

İnsan gedər...

İnsan xəyanət edər...

İnsan sadiq olmaz ki... Etibar göstərməz ki...

İçmək, siqaret tüstüsündən göz-gözü görməyən PUB-larda, barlarda veyllənmək, tez-tez aşiq olub yuxusuz gecələr keçirmək nə qədər mənasızmış...

Bütün bunları yazmaq, ətrafdakıları da bu vay-şüvənlə bezdirmək yersizmiş...

Bütün bunlar nəyə lazımmış? Niyə işığa yox, qaranlığa can atırdım? Niyə içirdim, kədərlənirdim, aşiq olurdum, üzülürdüm, depressiyaya düşürdüm? Niyə səhhətimi bərbad hala salıb, sonra onun da üzüntüsünü yaşayırdım?

Bilmirəm...

...Günlərin birində danışdığım lətifəyə ürəkdən şaqqanaq çəkən oğlumun gözlərinin içindəki parıltı üstümə sıçradı. Bütün bədənim, əzalarım, ruhum həmin işığa büründü. Bu dünyada xoşbəxt olmaq üçün mənə çox az şey lazımmış...

Dünən dağ kimi gördüyüm problemlər toza dönüb səpələndi...

...İndi bütün problemlər vız gəlir. Həyatdan gözləntilərimi minimuma endirib o işığa bürünmək üçün hər gün iş vaxtı bitən kimi oğlumun və dünyamıza yenicə qədəm basmış balaca mələyimin – qızımın hüzuruna qaçıram...

Bu yazını niyə yazdım?

Bilmirəm...

Təkcə kədəri yox, sevinci də paylaşmaq lazımdır. Üzünüzdə gülüş olsun!

# 3369 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #