Mənim demaqoq babam

Mənim demaqoq babam
7 aprel 2014
# 11:53

Caviddən nəyim əskikdir ki...

Haray-həşirlə getdim kişini danışdırdım, arvadla arasını vurdum, qızışdırdım gəldim. Əlimi əlimə vurdum, dedim bah, indi bir yazı yazacağam, gəl görəsən. Elə bunu demişdim ki, Cavidin təptəzə, buğlana-buğlana hələ "sobadan" yenicə çıxmış yazısının qoxusu dəydi üzümə. Cavid Zeynallını deyirəm ey. Adama deyərlər ki, o boyda yazmısan, ürəyini boşaltmısan, qalaq-qalaq kitabların olmasa da hər romanın bir qalaqdı. Dinc otur. Yenicə qələmimizi itiləmişik. Qoy biz də yazaq. Deyinə-deyinə fikirləşirdim ki, dedim, yox ey, yazım yaxşısı budur. Mənim Caviddən nəyim əskikdir ki?!

Rayona hərdən yolum düşər. İldə bir, ya iki dəfə. Təbii ki, qohum-əqrəba ilə görüş filan öz yerində. Ana tərəfdən nəvələrin içində ilk olduğum üçün babam mənə "şah nəvə" deyir. Bu arada babamın adı Ocaqquludur. Rayonda ona demaqoq deyirlər. 87 yaşlı demaqoq...

Uşaqlıqda bu ad mənə qəribə gəlirdi. Başa düşmürdüm mənasını. Amma böyüdükcə hiss elədim ki, mən həmişə babamla fəxr etmişəm. Hətta onun yamaqlı şalvarına, ayaqqabısına lağ edənləri belə sonradan vecimə almırdım. Elə o, özü də belədir. Heç kəsi vecinə almadan haqqını tələb edən insan olaraq yaşayır. Mən babamdan o qədər elmi, tərbiyəvi söhbətlər eşitdim. Ona görə yamağını görmədim ki...

Babamla birgə böyüdükcə, onu anlamayanlar kiçildi gözümdə...

Ocaqqulu kişi Azərbaycanda Kənd Təsərrüfatı Universitetini bitirdikdən sonra, K.A. Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb. Həmişə də vəzifədə çalışıb. Təkmilləşdirmə İnstitutunda müəllimlik edib. Amma hər dəfə də ədalətsizlik, rüşvətxorluq görəndə öz ərizəsi ilə işdən çıxıb. Bu minvalla beş iş yeri dəyişib. Heç bir yeri öz qızıl qanunları ilə idarə edə bilməyib. Əlbəttə ki evindən, ailəsindən, övladlarından başqa... Anlada bilməyib, anlamayıblar, anlamaq istəməyiblər...

Qəribə məziyyətləri var babamın. İşdən çıxandan sonra kostyumunu, təzə paltarlarını ütüləyib, torbaya keçirdib, şifonerdən asdı. Köhnə paltarlarını, ayaqqabılarını istədiyi ölçüdə, istədiyi kimi yamayıb, tikib geyinməyə başladı. Müxtəlif vəzifələrdə çalışan və normal maddi vəziyyəti olan altı övladının qınaqlarına baxmayaraq. Bu etiraz idi bəlkə də. Heç kəsin görə və dərk edə bilməyəcəyi etiraz...

Hətta böyük nəvə olduğum və məni bütün nəvələrindən çox istədiyi üçün öyrədirdilər ki, ondan niyə təzə paltarlarını geyinmədiyini soruşum. Dörd dayım və xalamla anam əlamətdar günlərdən başqa bir dəfə də olsun onunla bir süfrədə oturmamışdılar. Ona görə də babama söz deməyə cəsarət etmirdilər. Mənə də bilirsiniz nəyi deməyi məcbur edirdilər?!

"Baba, geyin də təzə paltarlarını, goruna aparacaqsan? Sən öləndə gətirib sənin qəbrinə qoyacağam." Elə ürəklə, elə qışqıra-qışqıra deyirdim ki, elə bil hünər iş görürəm. O da çox ağır və ciddi xasiyyətinə rəğmən gülərək - "Gəl, belimə çıx. Mən sənin eşşəyinəm. Mənə eşşək hoş-hoş elə"-deyirdi. Mən də sevinə-sevinə belinə atlanırdım. Bunlar anamgilə elə qəribə görünürdü ki, başımıza yığılıb maraqla tamaşa edirdilər...

Bizə həmişə xörək qaşığında araq verərdi. Üz-gözümüzü turşudanda da burnumuzu tutub, ağzımızı açmağa məcbur edərdi. Özünün dediyinə görə bu, xəstələnməyimizin qarşısını alırdı...

İçəri qəfil girdim. Yenə nənəmə deyinirdi. O da sakitcə oturub qulaq asırdı. Yemək yeyirdi. Həmişəki saatında. Heç vaxt nə yemək saatına, nə çay, nə də araq içmək saatına xilaf çıxmadı. Məni görən kimi ikisi də sevincək oldu. Öpüşmə, qucaqlaşma mərasimi bitəndən sonra elə ilk sualı ilə məni çətinə saldı.

- Noldu, elmi işini müdafiə etdin?

Dilim topuq çaldı. Başımın televiziyaya qarışıq olduğunu bəhanə gətirərək ehmallıca söhbəti bağladım. Evdən, işdən-gücdən xəbər aldı. Burda bir balaca yalan danışmalı oldum. Ev aldığımızı dedim. Çünki kirayədə yaşadığımı öyrənsə əlinin dinc durmayacağını, şikayət ərizəsi ilə azı beş rəsmi struktura müraciət edəcəyini bilirdim. İş yerimi yerli-yataqlı öyrəndikdən sonra-hə, bildim harada işləyirsən-deməyinə təəccübləndim. Ağlıma gəlməzdi ki, babam APA Holdinqin adını eşitmiş ola. Dəfələrlə olub ki, Bakının göbəyində yaşayan bir neçə xalq artistindən APA TV-nin efirində yayımlanan "Ulduz axını" verilişinə qonaq olmasını xahiş etmişəm.

Çoxları hazırda demək olar ki, Azərbaycanın informasiya tələbatının əsas təminatçılarından olan bu agentliyin adını belə eşitmədiklərini deyiblər. Hətta bir dəfə xalq artistlərindən birinə zəng vurub apa.az-ın Azərbaycanın ən böyük xəbər agentliyi olduğunu izah etməyə çalışdım. O isə-mən agentlərlə işləmirəm-deyib telefonu üzümə qapatdı...

Dəqiq adamdır mənim babam. Həyatını saatların içinə pərçimləyib sanki. Hər gün saat 11- də qəzet köşkünə gedər. Yeni gələn qəzetləri qoltuğuna vurub bir az parkda oturar. Evdən götürdüyü köhnə qəzeti oturduğu skamyanın üzərinə sərər, yamaqlı şalvarı toz olmasın deyə. Hər gün bu qədər qəzet oxuyan adamdan APA-nın adını eşitdiyimə təəccüblənməməliydim əslində.

Babamın əməlli-başlı simmetriya xəstəliyi var. Hansısa əşyasının yerindən azacıq tərpədilməsinə görə belə hay-küy salar. Pulları həmişə üzərindəki elementlərinə uyğun üst-üstə yığar. Onun dəftəri, qələmi, eynəyi hamısı boy sırası ilə yatağının və kitab rəfinin üstündə olar. Qiyamət onda qopar ki, kimsə əşyaları bir balaca yerindən tərpətsin. Hətta hansısa ağlagəlməz səbəbdən əşyaların sırası bir balaca pozulubsa, ilk görən adamın dərhal nizamı bərpa etməsi məsləhətdi. Özü də kişinin qəfil gəlib üstünə çıxmayacağına əmin olmaq şərtilə...

Şeir də yazır mənim babam. Özü də çox şeir yazanları bəyənmir. Bəyənmədiklərinin arasında Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm də var. Bir dəfə çox böyük həvəslə Nüsrət Kəsəmənli haqda yazdığım ilk elmi məqaləmi apardım ona. Kitabı əlimə alanda nə görsəm yaxşıdır. Misal gətirdiyim bütün şeirlərin qafiyə sistemini dəyişib, qırmızı qələmlə rəngləyib. Əlini silkələyə-silkələyə "bu düz şeir yazmır, niyə vaxtını bu adama sərf etmisən" dedi. O elə bilirdi ki, səhv etmir və dediyinə də inanırdı. Mənsə israrla Nüsrət Kəsəmənlini çox sevdiyimi deyirdim. Nənəm hərdən mənə işarə edərək əli ilə ağzımı yummağımı göstərirdi. Amma mənim də tərs damarım tutmuşdu. Elə mənə də simmetriya xəstəliyi və tərslik babamdan keçib. Mübahisənin qızğın yerində əlini yelləyərək kitabı bağlayıb mənə qaytarmışdı. Mən də üzüsulu çıxmışdım oradan...

Satirik şeirlərindən bir neçəsini oxumaq istədiyini dedi. Arxasınca düşüb onun səliqə ilə yığdığı dəftər, kitab rəfinə tərəf getdim. Həyasızcasına kişinin üzünə qımışaraq dedim.

- Baba, sən öləndə bunların hamısını özüm götürəcəm. Elə necə var saxlayacam. Narahat olma. Ürəyini buz kimi saxla. Nəvən ölməyib ki.

Üzümə güldü. Bilmədim qulağı zəif eşidir deyə cavab vermədi, yoxsa hələ ölmək istəmirdi...

Başladı şerilərini söyləməyə. Mən də telefonumun videokamerasını işə saldım. Şeir də ki, nə şeir, başdan ayağa şikayət. İki otaqlı bina evini 60 il bundan qabaq hökumət necə veribsə təsəvvür edin ki, o vəziyyətdə də qalıb. Qalıb yox əlbəttə ki, divarlar uçub tökülür. Dayımgilin təkidlərinə baxmayaraq təmir etdirməyə qoymur. Deyir hökumət verib, özü də təmir etməlidir. Hünərin də var ona deyəsən ki, Sovet hökumətinin sənə verdiyi evi indiki hökumət niyə təmir etdirməlidir. Müsibət eləyər. Di gəl ki, adamın əlindən qələm düşmür. Elə hey təmir üçün aidiyyəti qurumlara yazır. Deməli, rayonda kimin ərizəsi, rəsmi qurumlara müraciəti olursa, babamın yanına gəlib ona yazdırırlar. Qanunları az qala əzbər bilir, qoca sənətkar ...

Nə isə, şeir bitdi, sonra da keçdi rayonumuzun millət vəkili Nizami Cəfərova. Bir neçə il bundan qabaq deputatın rayon səfərlərindən birində, Səməd Vurğun parkında Nizami Cəfərovla rastlaşıb. Əlifbanı müzakirə ediblər qarşılıqlı. Quyruqlu hərflərdə düzəliş lazım olduğundan danışıb babam. Hələ bir ərklə - sən niyə əlifbamızı düz tərtib etməmisən-deyib.

Hə, elə dayanmadan da bu söhbəti bitirib, yenə bir-iki ağız qafiyə sistemini izah edə-edə şeirlərini oxudu. Ha ağzımı açıb demək istədim ki, ay baba elə mən də filoloqam, vallah mən də azdan-çoxdan bilirəm. Sözümü yarımçıq kəsdi ki, heç Səməd Vurğun da bunları bilmirdi.

Gördüm kişinin ürəyi doludur, dedim, ay baba, hər şey yaxşı olacaq. Birdən ayıldım ki, kişi bugün-sabah 90-nı haqlayır. Elə o da əlini yellətdi. Sonda guya forslanıb dedim ay baba, vaxt var idi sən bizə pul verirdin, indi mən də işləyirəm. Maaşımdan nə alım sənə? Nənəmə işarə edib- pulları döşəyin altından çıxart-dedi.

Nənəm də bir əllilik, iki dənə də iyirmilik çıxartdı.

- Bax, görürsən, mənim pula ehtiyacım yoxdur. Hər şeyim var.

- Bəs, nə istəyirsən baba?

- Heççənə. Bircə can sağlığı. Sən də canına yaxşı bax, totuş...

# 3752 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #