Milli şiş

Milli şiş
17 mart 2014
# 12:06

Yəqin ki, çoxunuzun xatirindədir, uzaq 1996-cı ildə KVN uşaqları armudu stəkanda qoyulan “dodaqyeri” üçün “milli metr” terminini tətbiq edəndə hamımız onlara gülürdük. “Milli” sözünün özü bizə absurd gəlirdi. İnanmırdıq ki, bu ölkədə elə bir gün gəlib çatacaq ki, hər şey elə o sayaq “milliləşəcək”.

Amma Uca Tanrı bizə bu xoşbəxtliyi nəsib etdi! Ölkədə hər şeyin milliliyini yalnız nəticələrimizin görəcəyini umduğumuz halda, bunu öz gözlərimizlə görmək bizlərə qismət oldu.

İndi ölkəmizdə hər şey millidir. Hər şey özümüzündür. KVN uşaqlarının o milli arzusu, nəhayət ki, gerçəkləşib. Dərmanları da özümüz istehsal edirik, uşaq yeməklərini də, ərzaq məhsullarını da, paltarları da, mobil qurğuları da, kompüterləri də, minik maşınlarını da, yük maşınlarını da, avtobusları da, hətta təyyarələrlə raketləri də. Özü də ən yüksək səviyyədə. Odur ki, ölkəyə heç nəyi idxal etmirik. Az qalmışıq, gömrük sistemini ləğv edək.

O xəbər verilişlərində keçi-inək haqqında süjetlər gedir ha, guya ki, onları Avropadan gətirirlər bizim ölkəyə, siz inanmayın onlara. Sadəcə, informasiya qıtlığıdır. Neyləsinlər?! Özlərindən uydururlar hamısını telekanallarımız.

Sonra o bazarda kilosu 2 manata çıxmış kartof üçün gah İranındır deyirlər, gah Rusiyanın, hamısı boş söhbətdir. O da özümüzündür. Elə kilosu 100 manata olan alça da. Bu ölkədə nə varsa, nə satılırsa, hamısı öz istehsalımızdır.

Yağışdan sonra kol dibində bitən göbələktək günəşin hər səhər Şərqdən çıxması ilə göz qırpımında ucalan binalara vurulan ən kiçik mismar, binanın üzərinə suvanan emulsiyanın son damlası belə öz ölkəmizdə istehsal olunur.

Amma... necə olursa, necə baş verirsə, bilmirəm, tək mən deyil, heç kəs bunun səbəbini bilmir, bu ölkədə hər şey, təkrar edirəm, ağlınıza gələcək hər şey özümüz tərəfindən istehsal olunduğu halda, özü də dünya standartlarına cavab verəcək dərəcədə, nədənsə təkcə milli yeməyimiz kababı bişirərkən istifadə olunan şiş ölkəmizdə istehsal olunmur. Əminəm ki, içi mən qarışıq bütün vətəndaşlarımız bu məsələdən bixəbər idi. Məhz buna görə də mən şəxsən öz adımdan (milli və öz istehsalımız olan milli müğənnilərimizin “xalqımız” müraciətini dilimə gətirərək onun da adından danışmağa cəsarətim çatmır...) respublikamızın Milli Məclisində bu çox vacib, öz həllini gözləyən bu önəmli məsələni qaldırdığı üçün o milli təəssübkeş deputatımıza dərin minnətdarlığımı bildirmək istəyirəm!

Demə, bu milli kababımızı üzərində bişirdiyimiz şişləri qardaş ölkə Türkiyədən gətirirmişik. Belə də biabırçılıq olar? Belə də səhlənkarlıq olar? Bəs bu qədər kababçı indiyənədək hara baxırmış? Bəs kababı şişə keçirən vaxt onların üzərində istehsal olunan ölkənin adına niyə fikir verməyiblər? Ar olsun hamısına!

Mən bu məsələnin tezliklə öz həllini tapacağını düşünürəm, buna inanıram!

Lakin indi meydana başqa bir sual çıxır! Və bu sual da milli məsələlərin həlli ilə gecəsini gündüzünə qatmış, ömürlərini bizim milliliyimiz yolunda fəda etmiş deputatlarımızın vaxtını almasın deyə, mən indi özüm, şəxsən və milli adət-ənənəyə sadiq qalaraq, deputatımızın milli davranışından örnək götürərək filoloq və dilçilərimizin qarşısına qoyuram!

Bəs “Gözünə şiş batsın”, “Qarnına şiş batsın” kimi milli qarğışlarımızda “şiş” kəlməsi haranın istehsalıdır? Birdən o da Türkiyənin olar ha! Amandır!

# 2859 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #