Tost-dost

Tost-dost
16 iyun 2018
# 22:40

Murad Köhnəqala

Yaxınlarda kəndə, qonşu Rizvanın toyuna getmişdim. Rizvan əsgərliyinin 6-cı ayında geri evlərinə qaytarılmışdı. Sərhəd bölgəsində ermənilərin atdığı güllə onun sağ yanağından girib sol yanağından çıxmışdı. Uzun müddət hospitalda yatdıqdan sonra çənə sümüyünü bərpa elədilər. Ağzındakı dişlərini də, nə mümkünsə, düzüb qoşdular. Bu əməliyyatdan sonra Rizvanın danışıq tərzi, gülüşü dəyişsə də xoş xasiyyəti, qəlb açıqlığı dəyişmədi. Əsas odu ki, sərbəst yemək yeyə bilir, canı da sağlamdı.

Rizvan söyləyirdi ki, hərdən erməni əsgərləri ilə bir-birimizi ucadan səsləyəndə rahat danışa bilirdik. Biz onları “vazgen”, onlar isə bizi “molla” deyə çağırırdı. Deyir, bir dəfə erməni əsgəri bizdən soruşdu ki, a molla, sizdə də təkcə kasıbların uşaqları “slujit” eləyir? Dedik, hə!

Rizvan məni toyuna dəvət eləyəndə xahiş eləmişdi ki, məclisdə bir tost, bir dənə də şeir deyim. Mən də “baş üstə!” deyib, razılaşmışdım.

Səhər tezdən rayon mərkəzinə vacib iş arxasınca getdiyimə görə toya lap axşam çatdıq. Biz gələndə artıq yeyib-içmək yığışdırılmışdı. Eləcə musiqiçilər çalır, qohum-qonşu oynayırdı. Araq içmək yarışlarında həmişə irəli verdiyimiz, məndən iki yaş böyük, uşaqlıq dostumuz Adilə dedim, gəlin, evin arxasındakı ətrafına qarğıdalı şaxı dikəldilmiş heyva ağacının arxasına keçək. Az keçməmiş uşaqların çevikliyi ilə qarşımızda ayaqları qara torpağa batmış balaca stol, köz üstündə isti qalan iri qazanların dibindən gəlmiş bir boşqab soyutma ət, qırmızı kələm turşusu, dilimlənmiş iri turşməzə heyva və iki butulka tut arağı peyda oldu.

Çoxdandı üzünü görmədiyim uşaqlıq dostlarımla badə toqquşdururduq. Bəy hərdən yumşaq, bərəkətli torpağa bata-bata dalımızca gəlib bizi mağara tələsdirirdi.

Nəhayət, qarğıdalı şaxının arxasından çıxıb mağara gəldik. Oyun havası müvəqqəti dayandırıldı və Kamandar adlı tamada məni söz deməyə dəvət elədi.

Bəylə gəlinə xoşbəxtlik arzulayandan sonra dedim ki, bizim kənddə bir adət var, yeyib-içməyə bəhanə olmayanda evlənmək istəməyənlərdən birini tutub zorla evləndiririk, bu dəfə əlimizə Rizvan keçib. Xeyli gülüşdük. Sonra bəyə söz verdiyim kimi bir yox, üç şeir dedim. Arxasınca, təzə qurulan ailədə kişi ilə xanımın münasibəti haqda belə bir pritça danışdım.

Dedim, bir də görürsən, biri evlənib, təzə ailədi, kişilənib öz dostunu evinə dəvət eləyir. Gəlirlər evə. Sözsüz ki, həyat yoldaşı xoşgəldin eləyib, başlanğıc üçün, ən azı, süfrəyə çay gətirməlidi. Otururlar, ev sahibi deyir, hələ bir çay içək, sonra görək, neyləyirik. Xeyli gözləyəndən sonra ev yiyəsi baxır ki, xanımından heç səs-soraq gəlmir. Məcbur olub yüngül xatırlatma üçün havaya bir sual tullayır:

“Nooldu sənin çayın?”

Yoldaşından yenə bir səs çıxmır. Qonağın alındığını görüb deyir, narahat olma, yəqin hazır çay yoxdu, indi qaynadar.

Bu ara pərtliyi ortadan qaldırmaq üçün bir az vaxt öldürmək lazımdı. Ancaq necə? Aha, ağlına qəşəng ideya gəlir, sevinmiş dostuna deyir:

“Gə, bir dənə nərd ataq, görüm, bir şey öyrənmisənmi?”

Dostu da hərif deyil ki, baxır, vəziyyət o qədər də xoşagələn deyil. Ona görə deyir, qardaş, bəlkə nərdi gedib çayxanada ataq, burda narahatçılıq olmasın. Dəvət eləyən dost incik halda deyir, a kişi, evə gəlmişik, çayxana nədi, ikidən-birdən sən bizə gələnsənmi? Otur, mən ölüm!

Nə isə, ortaya nərd gəlir. Ev sahibi daşı bir az da zərblə vurub həyat yoldaşına eşitdirmək istəyir ki, artıq hirslənmişəm, çay məsələsini tezləşdir. Həə, oyun bitir, ancaq çaydan hələ bir soraq yoxdu. Ev yiyəsi özünə sığışdırıb həyat yoldaşı olan tərəfə keçmək istəmir. Qonağa zorla çay gətirtmək ayıb sayılar. Əlacsız qalan ev yiyəsi təzə bir çıxış yolu tapır:

“Bir tas ataq də!”

Onu pis vəziyyətdə qoymamaq üçün dostu razılaşır. İkinci oyunun ortasında səbri daşan ev yiyəsi arvadı tərəfə qışqırır:

“Aaz, sən orda daşmı qaynadırsan?!”

Aha! Yan otaqdan yoldaşının səsi gəlir:

“Çay içmək istəyirsənsə, gəl, özün süz, apar!”

Həyat yoldaşının bu hərəkətindən hirslənən ev sahibi əlindəki zəri cütləyib qəzəblə nərdin ortasına qoyur və...

Söhbətin bu yerində baxdım ki, mağarda hamı diqqətlə işin axırını gözləyir, görəsən, kişi nağayracaq? Mən süjeti əvvəlcədən düşünməmişdim, söhbəti elə ordaca quraşdırıb bədahətən danışırdım. Əhvalatın bu yerində ev yiyəsi içəri girib arvadı döyə də bilərdi. Ancaq fikirləşdim, təzə ailə qurulur, qoy, söhbəti davasız ötürüm. Burda mən o xanımı döydürsəm, Rizvan elə bilər, ona da həyat yoldaşını döyməyi tövsiyə eləyirəm. Ona görə arxasını belə quraşdırdım:

Ev sahibi hirslə ayağa duraraq arvadı tərəfə cummaq istəyəndə dostu qarşısına keçib onu birtəhər sakitləşdirir. Sonrası da məlumdu, evdən çıxıb kəndin çayxanasında araq içməyə gedəcəklər. Sözsüz ki, hər iki dost axşam evinə dəm qayıdacaq...

Axır ki, bəylə gəlinə nələr arzuladığımı deməli idim. Dedim, arzu edirəm, bu günkü bəylə gəlin bir-birini uzaqdan, bir baxışla anlasınlar, bir-birinə qarşılıqlı hörmət eləsinlər! Həyatlarında bayaq söylədiyimə bənzər əhvalat olmasın!..

Dostum Adil düz mağarın ayaq tərəfində orta dirəyə söykənib dəm halda bayaqdan mənə qulaq asırdı. Mikrafonu tamadaya verib dostların yanına gələndə Adil məndən incimiş halda:

“Mənim əhvalatımı danışmamış bircə bura qalmışdı, eləmi?” - dedi.

Gülməkdən az qaldım özümdən gedəm. Sən demə, quraşdırdığım əhvalatı dinlədikcə Adil elə bilirmiş ondan danışıram...

# 3518 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #