Yaşam gücü

Yaşam gücü
17 mart 2017
# 13:01

Aliyə

“heç kimsəniz yox deyə ümiddən düşməyiniz –

bahar bizimlədir...”

Rasim Qaraca

Ətrafdakı hər şey insana nəsə deyir, biz bunu eşidirik, ya yox. Və o deyilənlərin içində yaşam gücü var mütləq. Bəlkə ən pis hadisədə belə...

2000-lərin əvvəlində Bakıda bir ədəbi məclis vardı - “Pərvanə”. Sevinc Elsevərlə paralel oxuyurduq. Ora gedirdik. Zahir Əzəmət, Aqşin, Günel Mövlud, Sevinc Çılğın, Fehruz, İntiqam... Ora yığışırdıq. “Kino+” dan qabaq idi hələ... Mövlud da orta məktəb şagirdi idi. Amma ədəbiyyat, istedad hamını bir müstəviyə qoymuşdu, yaş söhbəti yox idi. Heç başqa söhbətlər də yox idi. İndi hərəsi bir yerə dağılan - neçəsi mühacirət yaşayan, neçəsi saytlarda çabalayan, neçəsi məişətdə daldalanacaq axtaran 2000-lərin uşaqları... Nə gözəl vaxtlar idi...

Şerlər oxuyub müzakirə edirdik. Bir dəfə Böyükxan Pərviz var idi, şair, o, öz ölümünü əzizləyən bir şeir oxudu. Çox vaxt müzakirələrə qatılmayan mən durub dedim ki, müəllim, bu etik deyil, hamımız öləcəyik, amma siz öz ölümünüzü böyüdüb ona şeir həsr edir, hələ bir bizə də oxuyursuz. O, nə dedi yadımda deyil. Amma sonra uşaqlar mənə dedilər ki, Böyükxan müəllim çarəsiz xəstədir, bunu özü də bilir, yəni belə yazması da təbiidir.

Əlbəttə, pərt oldum. “Mənim ölümüm” sözünü o vaxt şairə çox görürdüm. Bir tərəfdən baxanda haqlı idim, o şəxsilik, sentimentallıq bədii keyfiyyəti aşağı salırdı, bir tərəfdən baxanda yox. İndi, Mövludun intiharından sonra yazılara, statuslara baxıram, eynən o zaman mən etdiyim kimi edənlər, çıxılmazda qalan yazıçıya, ataya, oğula –Mövluda bir intiharı qıymayanlar var.

İntihara min ad qoymaq olar - intihar qisas da ola bilər, etiraz da, məsuliyyətsizlik də, çarəsizlik də, sosial basqı da, eqosentriklik də, ünsiyyət blokadası da. “Aşkı-məmnu”nun Bihterinin “Məni! Məni!“ deyən intiharı kimi “Mən” deyə hayqırmaq da ola bilər intihar. Dünyadan küsüb, özünü kiçildib-kiçildib “Mən yox!” demək də. Yox olmaq istəyib gecənin qaranlığına qarışmaq da. Mövludda hansı idi, Allah bilir. Bəlkə intihar da elə sağalmaz xəstəlikdi - tutur adamı buraxmır - xəstə bir-iki adama dərdini deyir, ya demir. Nə idi, hansı idi? Bunlar əziz dostun itkisinin şokunda yavaşca arxa plana keçir, bu itkidən sonra yoxsullaşan dünyayla barışmaq kimi kəndi mücadilənə başlayırsan.

Çünki, hər necə olursa olsun, istedadlı adamın dünyanı tərk etməsi (həm də bu boz mühitdə) bu dünyanın qiymətini aşağı salır. Mövludsuz dünya bir azca sönükdür, düzdü. Amma indi Mövludu duyanların, ondan da bir gün əvvəl bizi tərk edən Aydın Dadaşovu tanıyanların boynuna borc düşür. Məsələn, bir az Mövlud kimi duyarlı olmaq, məsələn, bir az Aydın müəllim kimi peşəkar tələbli olmaq. Yaşamağın borcu bu olsa gərək... Bir yerə gəlib çıxdıq. Yaşamaq borc oldu, dostlar!

# 1068 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #