Əsl ziyalı

Əsl ziyalı
11 avqust 2015
# 11:22

Dost sözü

Onunla tanışlığımızın uzun tarixçəsi var. İlk dəfə Prezident Aparatında işləyəndə tanış olmuşuq.

Onu Milli məsələlər üzrə dövlət müşaviri, yazıçı-dramaturq Hidayət Orucov işə dəvət eləmişdi. Bizi rəhmətlik Eyvaz Əlləzoğlu tanış elədi. O da həmin xidmətdə məsləhətçi işləyirdi. Tanış ol: Arif Məmmədov. O vaxt hələ Əmrahoğlu təxəllüsünü götürməmişdi. Mən onunla qiyabi tanış idim. İlk dəfə mənim barəmdə tənqidçi sözünü o demişdi. Səhv eləmirəmsə 1987-ci il idi. Moskvada oxuyurdum. Qış tətilində evə gəlmişdim, dedilər ki, Arif Məmmədov adında bir alim radioda sənin haqqında danışırdı, xoş sözlər deyirdi.

Arif Əmrahoğlu o adamlardan idi ki, ömrü boyu nə xasiyyətini, nə dosta və ailəyə münasibətini dəyişdi. Sabitqədəm olaraq qaldı. Heç kim barədə pis söz deməz, hündürdən danışmaz: abırlı və sakit. Ölümü də eləcə qarşıladı. Sən demə, əcəl hamıdan xəbərsiz onu güdürmüş, xəlvətcə, oğrular kimi.

Səhv eləmirəmsə, 1995-ci ilin əvvəlində Anar müəllim onu Yazıçılar Birliyinə katib dəvət elədi. O da getdi. Dedi ki, orda mənimçün rahat olar, yaradıcı yerdi, burda iş çoxdu, elmi işimə də mane olur.

Üstündən bir neçə il keçəndən sonra təklif elədi ki, Yazıçılar Birliyinə üzv olum. Cavab verdim ki, ərinirəm, kimdi zəmanət dalınca qaçan, ərizə yazan. Dedi ki, zəmanətin birini mən yazacam, birini Eyvaz Əlləzoğlu, o birisini də Kamil Vəliyev. Yazdılar da.

Amma AYB-yə üzv olmaq üçün ərizə yazmadım. Arif dedi ki, bilsəydim, o zəmanətləri havayıdan yazdırmazdım. Dedim, onu dəlil-sübut kimi saxlayacam ki, sonra sözünüzün üstündən qaçmayasınız. Axı, hamısı mənim barəmdə dəyərli sözlər və ifadələr işlətmişdilər... O da güldü və qayıtdı ki, cavan yazarlara Prezident təqaüdü veririk. On adam alıb, hamı da maraqlanır ki, sənə niyə vermirik. Deyirəm ki, üzvümüz deyil, ona görə. Nəhayət, üzv oldum və elə həmin il də mənə gənc yazıçı kimi bir illik Prezident təqaüdü verdilər.

Hərdən, mənim yeni kitablarımı görəndə deyirdi: “Sənə bir yazı borcluyam. Mütləq ən yaxşı və əhatəli yazını mən yazacam”. Macalı olmadı...

Arif müəllimin xeyirxah işləri çoxuydu. Neçə-neçə adamlara Prezident mükafatı verilməsində kömək elədi. Özü heç ev növbəsinə də dayanmadı. Gözü-könlü tox adam idi. Əsl ziyalıydı. Yazıçılar Birliyində onun yeri şəksiz görünür. İşıqlı bir aydın kimi...

Mart-iyul 2015

Qeyd. Əslində bu yazını mən Arif Əmrahoğlunun ildönümü üçün yazmışdım. Amma yayın istisi başımı qatdı... Hər şey ötüb keçir, elə istilər də, amma yazılanlar qalır...

# 1855 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #