7 Gün

7 Gün
21 oktyabr 2014
# 11:32

Zamanınmı tələbi idi, rəhbərliyinmi, yoxsa nə idi “7 Gün” qəzeti”nin mühiti ki, ora gələn də dərhal ümumi mühitin bir parçası olurdu: Saf, çalışqan, istiqanlı, kollektivçi, əltutan, yaxşılıqdan zövq alan, dosta-yoldaşa sədaqətli və peşəkar. Məmmədin analitikası, Namiqin “Profilaktika” köşəsi, Sahilin araşdırması, Asəfin siyasi şərhi, Afaqın kriminal xəbərləri – hər birini oxuyanda zövq alırdın. Daha özümü demirəm də :). Bəd xəbər psixologiyanda iz buraxıb, əsəblərini oymurdu, çünki etika , estetika və peşəkarlıqla yazılırdı. Sabah Emin Eminbəyli qırmızı qələmi götürüb düşəcək səhifələrin üstünə, qırmızıya boyanmış qəzetlə planlaşmaya girəcək. Mənə deyəcək ki, niyə hansısa muğam ifaçısını Simayi-şəmsin ustası kimi qələmə vermişəm?-“Heç bilirsən Simayi-şəms oxumaq nə deməkdir, tanıyırsan o muğamı?” Mənim susmağımdan əsəbiləşən Səfurə də eləməyib tənbəllik əlini atacaq qulağının dibinə və simayi-şəms oxuyacaq, mən də qoşulacam ona ki, qoy, Emin müəllim görsün, biz də nə isə bilirik.

“7 Gün” qəzeti Azərbaycan mətbuatının renessans dövrünün məhsuludur. Ya da əksinə, Azərbaycan mətbuatının renessansı elə “7 Gün” qəzeti olub. Necə ki, 60-cı illər kinomuzun, musiqimizin, ümumilikdə mədəniyyətimizin intibahı idi, bax eləcə. Sadəcə 60-cı illər bütün dünyada mədəniyyətin yüksək səviyyədə olduğu illərdir, o cümlədən Azərbaycanda. Amma “7 Gün” dünyadan və Azərbaycandan asılı olmayaraq mətbuatın intibahı idi.

Bütün göstəricilərinə görə, qəzet peşəkarlığın nümunəsinə çevrilmişdi. Dizaynından tutmuş – indiyə qədər də “7 Gün”ün dizaynı qədər maraqlı dizayn nümunəsi yoxdur mətbuatımızda, hələ də birincilik onun əlindədir - ən xırda detallarına qədər.

“7 Gün” elə bir məktəb idi ki, o məktəbi keçənlər indi də mətbuatda məktəb funksiyasını yerinə yetirirlər. Redaksiya büsbütün peşəkarlardan ibarət idi. O mühitə gəlib düşən hər istedadlı gənc tez bir zamanda peşəkarlaşırdı. İstedadlı sözünü xüsusi vurğuladım, çünki istedadı olmayanın “7 Gün”də sadəcə işi yox idi. Təsadüfən gəlib düşə bilərdi, tezliklə buranın onun yeri olmadığını anlayıb özü gedirdi.

Siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, idman, hətta o vaxt dəbdə olan krossvord səhifəsi belə bu qəzetdə ən yaxşı idi, çünki o səhifələrin hər birini həmin sahələri artıq yaxşı bilən, o sahədə bişmiş jurnalistlər hazırlayırdılar.

Çoxlu sayda rubrikalarımız indi də mətbuatda öz taleyini layihə adı ilə yaşayır. Kiminsə yeni hesab edib həyata keçirdiyi layihəni əmin olun ki, “7 Gün” 20 il bundan əqdəm eləmişdi. Bunun dəfələrlə şahidi olmuşuq, yaşamışıq.

“7 Gün”də yetişən jurnalist peşəkarlığı, peşə etikasını, mətbuatın qanunlarını əlində bayraq edər. Ona kimsə “şirinlik” təklif etməyə belə ürək eləməzdi.

Bu günün acı reallığından – yalnız kimdənsə pul qopartmaq üçün yazı yazmaq fikrindən çox uzaq idik, “7 Gün” məktəbini keçənlər indi də eləyik və bizim üçün o yolla evinə “qazanc” aparan “jurnalist” dünyanın ən miskin məxluqudur. Ona görə də həmişə sevilmişik. Bir zəngimizlə ən yüksək instansiyalarda problemə baxılıb və həll olunub. Ona görə indi belə deyil ki, həmin “miskin jurnalist yığını” nüfuzumuza xələl gətirdi əməlləri ilə. Amma bilən bilir, hər kəs öz əməlinə özü cavab verməlidir.

Emin Eminbəyli bizi belə öyrətmişdi, sən hamıdan böyüksən, qüdrətlisən, sən öz haqqını, oxucunun haqqını müdafiəsi üçün o haqqı tapdamağa cəhd göstərənin qapısını təpiklə aça bilmək gücündə olmalısan, bunun üçün ilk növbədə gözü kölgəli olmamalısan. Üzün ağ, alının açıq olmalıdır. Biz “7 Gün”-çülər indi də beləyik, özülümüz necə qoyulubsa, xəmirimiz necə yoğurulubsa eləyik.

Bu məktəb-qəzet mətbuata dürlü-dürlü imzalar verib, adlarını çəkmirəm ki, kimisə unudaram, dəyərli həmkarlarımı incik salaram özümdən. Hamısı mənim üçün əzizdir, yeganə kollektiv idi ki, aramızda yalnız sağlam rəqabət vardı. Kimsə kimsəyə paxıllıq eləməzdi, biri “digərinin sahəsinə soxulub ondan yaxşı yaza bildiyini” iddia etmirdi. Əksinə, məsələn, iqtisadiyyatdan yazan əmin idi ki, mədəniyyətdən bizim əməkdaş daha yaxşı yazır, mən o sahəni onun kimi bilmirəm.

Birimiz xəstələnəndə hamı onun müalicəsi üçün yollar axtarırdı. Necə ki, səhər planlaşmasında birimiz o birimizin sahəsindən ağlına gələn ideyanı sevə-sevə ona verərdi ki, ağlıma gəlib, sən bunu yaxşı işləyərsən.

Birimizin sevinci hamımızın, dərdini isə birgə həll etməyə çalışardıq.

Bu gözəl mətbu orqanın nümunəvi kollektivi o gün bir arada idi. Şirin çay süfrəsi arxasında həm haqqımızda yazılan kitabı bir-birimizə təqdim etdik, həm də ötən günlərin xatirələrini vərəqlədik. Bir-birimizin həyatında, karyerasında baş verən yeniliklərlə bölüşüb, yenə o illərdə olduğu kimi birlikdə sevinib, birgə kədərləndik. Ölənlərə rəhmət dedik, qalanlarımızla sözü bir yerə qoyduq ki, hər il sentyabrın 20-i bu gün olduğu kimi köhnə “7 Gün”-çülər yığışaq, ötən, unudulmaz günlərə xəyalən qayıtmaqla stressimizi ataq. Bu günün mətbuatı “7 Gün”-ün ən aşağısı sələfi olsun da demirəm, sadəcə yaxşı nə isə öyrənsin.

Nə yaxşı ki, belə bir qəzet düşüb mətbuatımızn tarixinə, nə yaxşı ki, mətbuatın yarısı bu məktəbdən keçib. Nə xoşbəxtəm ki, bu sırada mən də varam.

# 2981 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #