Utanmadan Soveti tərifləyənlər

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

24 fevral 2022
# 09:00

Kulis.az Zamin Hacının "Qeyri-səlis dələduz" adlı yazısını təqdim edir.

Dünya qarışdıqca azərbaycanlıların bu dünyada əhəmiyyəti artmaqdadır. Biz bir-birinə düşmən kəsilən ölkələr, toplumlar, millətlər arasında barışıq həlqəsi rolunu oynaya bilərik.

Nahaq yerə Şərqlə Qərbin, Cənubla Şimalın, islam dünyası ilə xristian dünyasının, Avropa ilə Asiyanın, Xəzərlə Qara dənizin, Qafqazla Savalanın, Arazla Kürün arasında (sıranı sonsuzluğa qədər artıra bilərdim, oxuculara rəhmim gəldi) yerləşmirik ki? Yerimizin haqqını veririk.

O cümlədən, qeyri-səlis məntiq nəzəriyyəsini bir azərbaycanlı balasının kəşf eləməsini, bəlkə, təsadüf sayırsınız? Yanılırsınız.
Biz bu işin elmini bilirik. Lütfi Zadənin əsasını qoyduğu o elmin qısa mahiyyəti belədir: sən 0 və 1 rəqəmləri arasında heç zad görmürsən, ancaq orada saysız-hesabsız rəqəmlər çoxluğu yerləşibdir.
Yaxud, həyat ağ və qara rənglərdən ibarət deyil, bunların arasında ağın və qaranın milyardlarla çaları vardır. Güman edirəm Rusiya-Ukrayna davasını məhz qeyri-səlis məntiq üsuluyla, qan-qadasız həll etmək olar.

Başqa dahi həmyerlimiz Molla Nəsrəddində də buna bənzər üsulla münaqişə aradan qaldırılırdı. Yadınıza salıram: “Sən də haqlısan, o da. Elə mən də”. Vəssalam. Gör nə gözəldir! Xalq şairi Ramiz Rövşən demişkən: “Hamı günahkardı dünyada, amma Dünyada heç kəsin günahı yoxdur”. Tək bu misraya bir blok düşür.

Gündəlik həyatda mən qeyri-səlis məntiqin nə qədər vacib elm olduğunu daim hiss edirəm. Bir-iki misal çəkim, özünüz baxın.

İş elanı saytlarında axtarılan kadrın xarici dil, xüsusilə ingiliscə bilməsinin vacibliyini çoxumuz görmüşük, bəzən buna deyinmişik: “Süpürgəçi axtarırlar, ingiliscə bilməliymiş. Bu nəyə lazımdır?” Mən hələ 20 il qabaq bir iş elanında “ingiliscə bilən krançı axtarılır” cümləsini oxuyub gülmüşdüm, hətta yaddaşım məni aldatmırsa, bu temada nəsə cızmaqara da yazmışdım. (Mövzuya dəxli yoxdur, ancaq birdən ağlıma gəldi ki, biz komiks janrını ana dilimizdə cızmaqara kimi adlandıra bilərik). Ay ötdü, il dolandı, bu yaxınlarda bir məhkəmə prosesi haqda oxuyanda başa düşdüm ki, gülməyə tələsmişəm, axırda gülmək lazım imiş. Daha doğrusu, ağlamaq. Proses Bakıda tikintidə kranın aşması, 1 krançının ölməsi üzrə aparılır, iş icraçısı ittiham olunurdu. Kranı səhv quraşdırmışdılar, icraçı isə məhkəmədə belə demişdi: “Kranın sənədləri ingiliscə idi, biz də ondan heç zad anlamadıq, özümüz bildiyimiz kimi quraşdırdıq”. Buyur. Həyat adama qeyri-səlis bir şapalaq vurur, qalırsan çaş-baş.

Maqsud Mahmudov adlı bir fırıldaqçı, dələduz var. 100-ə yaxın insana kələk gəlib, yüz minlərlə manat pulu onlardan əkişdirib, xaricə qaçmışdı. Hətta orda “blogger” olmağa da fürsət tapmışdı. Ümumiyyətlə, orijinal tipdir, qısa həyatı boyunca MTN dustağı, iqtidar tərəfdarı və sairə funksiyaları yerinə yetirib. Maqsud müəllim özü ayrıca bir qeyri-səlis insandır, araşdırmaq üçün elmi-tədqiqat institutu yaratmağa dəyər. Lakin bizi bu gün düşündürən Maqsud müəllimin həyat və yaradıcılığı deyildir.

Mən bu adamın aldatdığı şəxslərin uzun siyahısına baxanda orda çoxlu ziyalılar, manıslar, tanınmış şəxsiyyətlərimizi gördüm və ilk anda ağlıma gəldi ki, gör biz nə qədər savadsız, ağılsız olmuşuq, halal zəhmətlə qazandığımız pulları rahatlıqla hansısa dələduza veririk, başına daş salır.

Burda bir haşiyə çıxım. Bizim savadsızlığımız SSRİ dağılanda da başımızda çatlamışdı. İnsanlar pullarını, əmanətlərini fırıldaqçı maliyyə piramidalarında batırdılar. Məsələn, “Vahidbank”ın büdcəsi az qala dövlət büdcəsini keçmişdi. Rusiyada yaradılan “MMM” piramidasının 15 milyon nəfər əmanətçisi vardı. O zamanlar fırıldaq ekranda da özünü göstərirdi, təsəvvür edin, bütün SSRİ stəkanda suyu qoyub ekran qarşısında otururdu, bir lotu kişi də guya efir vasitəsiylə o suya enerji üfürürdü. Həmin suyu içənlər bütün xəstəliklərdən sağalmalıydı. Gör nə qədər mal olmuşduq...
Hələ də bəziləri utanmadan sovet təhsilini tərifləyir. Təhsil vardısa, niyə elə cəfəngiyyata inanırdılar? Nəsə, bu uzun temadır, qayıdaq Maqsud müəllimin qurbanlarına.

Yazdığım kimi, bu qurbanlar yetərincə savadlı adamlara oxşayır, bəs niyə aldanıblar? Ancaq işin dərininə gedəndə, görürsən burda aldanışdan çox böyük əlacsızlıq gizlidir. İzah edim.

Maqsud müəllim bir lombard açıbmış. İnsanlar ora qiymətli əşyalarını qoyub ehtiyacları üçün pul götürürmüş. İndi fikirləşək, əgər ölkədə normal bank sistemi, sərfəli kredit faizləri olsa, adamlar niyə dələduzların qapısına qızıl əşyalarını aparsın? Deməli, dələduzluq qurbanlarının lombardda aldadıldığını açıqlamasaq, fırıldağın xırdalıqlarını göstərməsək, mənzərə yarımçıq olur.

Bəs bank sistemi niyə yararsızdır? Hə, bunun da milyon dənə səbəbi var...


# 3425 dəfə oxunub

Oxşar xəbərlər

Qar tanrısının qeydiyyatı haradır?

Qar tanrısının qeydiyyatı haradır?

16:25 15 iyul 2024
Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz

15:00 11 iyul 2024
Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

12:00 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
# # #