Tükəndiklərini niyə qəbul etmirlər?

Orxan Cuvarlı, yazar

Orxan Cuvarlı, yazar

24 yanvar 2022
# 12:40

Kulis.az Orxan Cuvarlının "Tükənmək haqqında bir neçə cümlə" adlı yazısını təqdim edir.

Tükənməyi qocalığın ilkin əlaməti saymaq olar. Şair demiş, hər sonun bir əvvəli, hər əvvəlin bir sonu var. Mənim təsəvvürümdə tükənmək həyatın axarında üzləşə biləcəyimiz ən normal hadisələrdən biridir. Əsas məsələ bunu soyuq başla, təbii qarşılamaqdır.

Fərqli yaradıcı adamların öz sahəsində yaşıyla əlaqədar əvvəlki performansından uzaqlaşmağı mənə həmişə kədərli görünüb. Amma tükənməyi təkcə qocalığın ayağına yazmaq insafdan deyil. Adam gənc yaşda da tükənə və ya tam əksinə, ömrünün payızında da yorulmaz enerjiylə, şövqlə işini davam etdirə bilər. İkinci nümunədə ağlıma ilk Şirməmməd müəllim gəldi.

Biz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olanda ilk görüşlərimizdən birində görmüşdüm onu. Abituriyentlik dövrümdə tarixə xüsusi marağıma görə izlədiyim verilişlərdən tanış idi üzü. Adını eşidəndə lap dəqiq yəqin etdim! Mən bu adamı mavi ekranlardan tanıyırdım. Dörd il boyunca fakültədə, ikinci korpusun pilləkənlərində, bufetdə, universitetin həyətində tez-tez görürdük onu. Yaşına uymayan qıvraqlığı vardı. Pillələri iki-iki düşürdü. Öz sahəsinin lokomotivlərindən birinə çevrilməsi də buna görə idi. Tükənməz enerji, yorulmaz fəaliyyət.

Tükənmək deyəndə yadıma həm də cəfakeşi olduğum Qalatasarayın əfsanəsi Fatih Terim düşür. Zənnimcə, tükənməyin fərqində olmamağa ən uğurlu örnəklərdən biri ola bilər. İşıqlı karyera, saysız-hesabsız kubok, uğur, şöhrət, titullar, İmperator ləqəbi. Amma tükənmək kimi normal fiziki, bioloji, psixoloji aktı qəbul etməmək nəticəsində məhzun sonluq.

Hər sahədən üzüsulu getmək yaxşıdır. Gənc yaşda tükənməyə misal kimi bu yaxınlarda daha bir stəndapla izləyicilərini sevindirən Cem Yılmazı göstərmək istəyirəm. Cem Yılmaz stəndap janrında öz möhürünü vurmuş, dünya səviyyəli komedyendir. Türkiyə kimi gülüş mövzusunda mahir və seçici bir toplumu illərlə güldürə bilmək hər adamın işi deyil. Cemin bütün çıxışlarını, filmlərini izləmiş biri kimi onu favoritim olan bir digər gülüş ustası Kamal Sunalın vəliəhdi kimi qəbul edirəm.

Lakin son stəndapdan sonra gecikməyən reaksiyalar tükənmək adlı ağrılı bir həqiqəti daha bir dəfə üzümüzə çırpdı. Cem Yılmaz da xərifləyə bilərmiş! Bu amansız reallığı gördükdən sonra insanda fanilik hissi və izahsız bir əminlik yaranır. Məhz həyatın bu normal axınına uyğun olaraq hadisələr təkrarlanır, simalar yenilənir, nəsillər dəyişir. Bəlkə, tükənməyi müdrikliyin astanasına qədəm qoymaq kimi qiymətləndirməliyik?

Zaman həyatının qaynar, yaradıcı fazasını ikinci plana keçirir və sən hadisələrin iştirakçısından tamaşaçısına çevrilirsən. Hüznlü metamorfoza. Yaradıcı şəxslər üstünün tozunu çırpıb bir kənara çəkilməyi bacaranda dahi olur. Bunu bacarmayanlar üçün dəqiq bir bənzətmə var: ələyi ələnib, xəlbiri göydə fırlananlar. Siz, ey ordakılar: Tükənməkdən qorxmayın. Tükənmək dünyanın sonu deyil. Tükənmək bayraq yarışının yeni mərhələsidir.

# 3013 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #