Seymur Baycanla atam niyə dalaşdı?

Ayxan Ayvaz, yazar

Ayxan Ayvaz, yazar

13 dekabr 2021
# 11:45

Kulis.az Ayxan Ayvazın "Birinci şəxsin təkində yazan yazıçılar" essesini təqdim edir.

İllər əvvəl, uzaq 2008-də atamla bulvarda gəzişir, ordan-burdan, havadan-sudan söhbət edirdik. Atam siqaretini alışdırıb sahildəki məhəccərə söykənib gənclik çağlarında başına gələn qeyri-adi hadisələrdən danışırdı. Bu dəm Seymur Baycanın bizə tərəf yaxınlaşdığını görüb atamın “cavanlıq dünyası”ndan qopdum. Qəzetdən yazılarını oxuduğum, üzünü görmədiyim bu igid yazarımızla tanış olmaq məni həm həyəcanlandırır, həm də sevindirirdi.

Biz orda uzun-uzadı ədəbiyyatdan, ictimai-siyasi həyatdan və daha nələrdənsə danışdıq. Bütün bunları burda yazmaq həm oxucuya, həm də mənə maraqsızdı. Ona görə də yazımızın ürəyinə sancılan məqamı diqqətinizə çatdırıram.

Seymur Baycan atamdan soruşdu:

“Sənin yazan oğlun budu?”

“Hə. – atam gülümsündü. – Özü də ancaq birinci şəxsdə yazır”.

Təbii ki, atam “birinci şəxsdə” yazmağın naşı yazıçılara aid olduğunu vurğulamaq istəyirdi. Söz Seymur Baycanı tutdu və dedi:

“Müəllim, siz axı bilirsiniz, dünyada birinci şəxsin dilindən yazan o qədər güclü yazıçılar var. Biri elə Selincer”.

Kəsəsi, bu xüsusda iki yazar arasında (yaşlı və gənc) xırdaca bir mübahisə düşdü. Atam deyirdi ki, yazıçı ancaq birinci şəxsin təkində yazmamalıdır, o özünü üçüncü şəxsin təkində də sınamalıdır, çünki üçüncü şəxsdə yazmaq hər yazıçının gücü üçün deyil. Seymur Baycan isə razılaşmır və oxuduğu müəlliflərin adını çəkməklə sözünü isbatlamağa çalışırdı. Mən isə bir şagird marağı ilə onları dinləyirdim.

Nəsr usta işinə bənzəyir: evi fəhlələrin köməkliyi ilə tikir, düzəldir, hazır vəziyyətə gətirir və orda yaşayacaq insanlara təhvil verir. Bir ev çox gözəl ola bilər, hər şeyi qaydasında görünər, lakin o evdə insan yaşamırsa, deməli, o usta peşəkar deyil.

Birinci şəxsin dilindən yazılan əsərlər oxucuyla birbaşa ünsiyyətə girdiyi üçün hamıya asan gəlir. Oxuyanlarda belə bir fikir formalaşır ki, bunu mən də yaza bilərəm. Lakin sadə formada yazmaq onun çox asanlıqla başa gəldiyi anlamına gəlməz. Birinci şəxsin təkində yazmaqla üçüncü şəxsin təkində yazmaq arasında elə də ciddi fərq yoxdur: məsələ yazarın potensialı və ən əsası peşəkarlığıdır. Yəni yazıçı üçüncü şəxsin təkində yazacaq gücdə deyilsə və birinci şəxsin təkində heyrətamiz bir mətn yaradıbsa, deməli, o yazıçı söhbəti kökündən həll edib.

Bizim oxucuların və eləcə də, bəzi yazarların qüsurlu tərəflərindən biri odur ki, birinci şəxsin təkində yazılan əsərləri oxuyanda elə bilirlər, orda yazılanlar müəllifin başına gələnlərdi. Yəni birinci şəxsin təkində yazılan əsərlər avtobioqrafikdir. “Mən necə idiot oldum?” – Martin Paj. Oxucu bu kitabın üz qabığını oxuyur və deyir: “Buna bax... öz idiotluğundan yazıb”. Halbuki əsərin adı qəhrəmanın dilindən verilib. Bizim oxucunun və gənc, südəmər yazarların axsadığı nöqtə də buradır: birinci şəxsin təkində yazılanları müəllifin həyatı zənn etmələri.

İkinci böyük qüsur ondadır ki, birinci şəxsin təkində yazılan əsərlərin hamı tərəfindən asanlıqla yazılacağı düşünülür. Adi bir oxucudan tutmuş əlinə təzəcə qələm (daha doğrusu, klaviatura) almış gənc elə hesab edir ki, birinci şəxsin təkində yazmaq bir su içimi qədər asandır.

Qəti elə deyil! İstedad, üstəgəl intellekt və yazı peşəkarlığı yoxdusa, nəinki birinci şəxsin təkində yazmaq, ümumiyyətlə, yazmaq çətin məsələdir. Dünyanın ən çətin işi yazmaqdır. Çünki yazmaq yaratmaq deməkdir, heç nədən nəsə ortaya qoymaqdır. Bu yazmağa hansı yolla – istər birinci şəxsin təkində, istəyir üçüncü şəxsin təkində gedirsən-get, fərqi yoxdur, zülmlü işdir, gecəni gündüzünə qatmalısan, əziyyət çəkməlisən, bir sözlə, zəhmətlə, qarışqa misalı bütün günü özünü oda-közə vurmalısan.

Əsərin yazılma qaydaları, forma və məzmun oyunları, üslub və s. bunlar dekoru tamamlamaq üçün lazım olur. Ona görə də birinci şəxsin təki, yaxud cəmi, üçüncü şəxsin təki, yaxud cəmi kimi sadə əməli qaydalar heç nəyi nə aşağı salır, nə də qaldırır. Necə yazılmağından asılı olmayaraq, bədii-estetik həllini tapmayan əsər uğursuzluğa düçar olacaq. Ona görə də zahirə yox, daxilə baxın, çünki ədəbiyyat “çöl işi” deyil, “iç işi”dir.

Yazıçının işi rəssamın işinə bənzəyir: onun fırçası sözlərlədir, yazıçı hamının gördüyü dünyanı tamam ayrı bucaqdan bizə göstərir. “Bir sabah oynadığında Qreqor Zamza...”, yaxud “Həyatımın ən xoşbəxt anıymış, bilmirdim” – ikisinin arasında fərq yoxdur. Əsas olan alternativ bir dünya təqdim etmək və o dünyanı oxucuya sevdirməkdir.

Sənət nədir? Yeni dünya yaratmaq və hamını o dünyada yaşamağa səsləmək, milyardları bir evin damının altına yığmaq. Sevgini bizə göstərən, xoşbəxtliyin yerini tapan adama niyə “birinci şəxsin təkində” yaxud “üçüncü şəxsin təkində” yazdın demirik, deyirik ki, sən nə gözəl dünyasan, xoş gəldin bu boz həyatıma...

# 3735 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #