Qızını internetdə axtaran ana

Qızını internetdə axtaran ana
4 mart 2022
# 11:00

Kulis.az Vüsal Bağırlının "Persefonanın gətirdiyi bahar" adlı yazısını təqdim edir.

Baharda Bakının qiyafəsi, əyni-başı, libası xeyli yenilənir. Onsuz da, rəngsiz, solğun şəhərin qışda bir az da bozlaşan, tünd çalara bürünən yeknəsəq, darıxdırıcı qiyafəsi fəsil dəyişər-dəyişməz təravətlənir, rəngdən rəngə düşür. Şəhər sanki cərimə qorxusu ilə qapalı məkanda çoxdan bəri taxdığı maskasını nəhayət çıxarıb atır, dirçəlir və dərindən sinə dolusu nəfəs alır.

Rütubət qoxulu Bakı küləyi iri, soyuq damlalı yaz yağışıyla islanmış torpağın iştaha açan nəm ətrini ətrafa yayır. Belə hallarda üz-gözümü turşudub əllərimi üzümə tuturam, küknar yarpaqlarının sarımtıl, küçələrin bozumtul tozunun gözümə, nəfəs yollarıma dolmasını əngəlləməyə çalışıram.
Get-gedə güc qüvvət toplayan fəsli-bahar isə çiyinlərimdən yapışıb məni var gücüylə silkələyir, xirtdəyimdən yapışıb qəti olaraq axırıma çıxmaq istəyir. Mən inadla mübarizə aparır, birtərəfli, qeyri-bərabər mübarizədə sağ-salamat qalmağa səy göstərirəm. Gözlərim qızarır, şiddətlə qaşınır, ağzım acı dadır, boğazım göynəyir.

Yerin ürəyinə sancılmış xəncər sapına bənzəyən hündür mərtəbəli şüşə binanın mühafizəçisi mənə qəribə nəzərlərlə baxır:

– Noolub məllim, halun xərəbdür, naxoşlamısan?

Danışa bilmirəm, etika xatirinə, sualı cavabsız qoymamaq naminə gülümsünüb, başımla "yox, babatam” deyirəm.

***

Yunan mifologiyasına görə öz qızı gözəllər gözəli Persefonanı qaranlıq, ölü məkanın, yeraltı səltənətin sahibi Aidə ərə verən baş Allah Zevs bunu kimsəyə söyləmədən, xəlvəti edir. Hətta arvadı Demetradan da gizlədir.

Öz qızını dəlicəsinə sevən ana, izdivacdan xəbər tutar-tutmaz dərddən başını itirir. O, onlayn dükandan yenicə aldığı mavi “Decathlon” kurtkasını, “Pony” krossovkalarını, “Carhartt” cinslərini geyib qızı arayıb, axtarmağa yollanır.

Fəqət, axtarışlar nəticə vermir. Onu heç yerdən tapa bilmir. İlk əvvəl "Google”, "Yahoo”, "Yandex” ələk-vələk edilir. Sosial şəbəkələrə, “Facebook”, “İnstagram”, “Tvitter”ə baş vurulur. Sonra İnterpola sorğu göndərilir. Fəqət, nə duydum, nə gördüm, nə də eşitdim deyən olur.

Beləliklə, Yerdəki bütün canlıların üzüntülü, cansıxıcı günləri başlayır. Ağaclar öz yamyaşıl yarpaqlarımı töküb lüm-lüt qalırlar. Güllər-çiçəklər solur, otlar saralır. Tarlalar, düzlər, bağ-bağçalar bardan-bəhərdən düşür. Həyat donur. Hüznlü anlar başlayır.

İşlərin pisləşdiyini görən Zevs Hermesi Aidin qapısına minnətçi salır. Xahiş edir ki, zalım hökmdar öz arvadını işıqlı dünyaya çıxmasına, hərdən anası ilə görüşməsinə icazə versin. Yəni imkan daxilində.

Aidin tiran Zevsin əleyhinə getməyə cəsarəti çatmır və qızı bəzi şərtlərlə buraxır. Uzun ayrılığın ardından qızını görən Demetra həyəcandan ağlamağa başlayır. Ananın göz yaşları axaraq, selə-suya dönür, yeri, göyü isladır, hər tərəf canlanaraq yenidən yaşıl dona bürünür. Təbiət oyanmağa başlayır.
Şərtə görə, Persefona ilin üçdə ikisini anasıyla keçirməli, qalan üçdə birini də ərinin yanına qayıtmalıydı. Beləcə, Persefona hər dəfə ər evindən çıxıb anasının yanına dönərkən, özüylə baharı-yazı da gətirir. Beləcə hər tərəf yenidən canlanır, gözəlləşir. Təravətə bürünür.

***

Bəli, yazın gəlişini çoxumuz səbirsizliklə gözləyirik. Lakin mən onu azacıq qıcıq və üzüntü hissləriylə qarşılamağa məcburam.

Yazın gəlişindən xoşlanmayan Aid, ən azından yalnız deyil, onunla bərabər mən də yaz fəslini sevmirəm.

Yeraltı tanrıdan fərqli, mənim bahardan xoşlanmamağım başqa səbəb, fauna aləmində baş verən mürəkkəb oyanma, dirçəlmə prosesi ilə bağlıdır.
Tarixən, şairlər, yazıçılar, yaradıcı insanlar, adətən yazda cuşə gəlir, baharın gəlişi ilə bir yazıb-yaratmaq eşqiylə alışıb yanırlar. İlin bu vaxtları ilham pərisi yaradıcı insanlarda dingildəyir, qəfildən vurub kəllə çarxa dırmanır və heç cür aşağı düşmək istəmir.

Məndə isə tam əksinədir. Sözün əsl və birbaşa mənasında yaz fəsli dərin böhran keçirirəm. Depressiyaya düşürəm. Nevroz oluram.

Daxili aləmdə baş verən dəyişikliklər, ürək ritminin artması, aritmiya, qan dövranın sürətlənməsi, hisslərin, həyəcanların daha da itilənməsi, məndə üzücü tənhalıq hissi və melanxolik əhval-ruhiyyə yaradır.

Bahar haqqında xoşagəlməz duyğunu gücləndirən, onu mənfi mənada bir az da rəngarəng edən digər səbəb isə həmin dövrlərdə orqanizmimdə yaranan güclü polivalent allergik tutmaların baş verməsidir.

Hər bitən, böyüyən, boy atan çiçəyin, tumurcuğun, otun, bitkinin bihuş edən ətri, gülün, zoğun rayihəsi gözlərimi yaşardır. Burnum tez-tez gicişir, tutulur. Asqırır-öskürür, zökəm oluram. İlin bu vədəsində küçədə, yolda-izdə respiratorla gəzməyə məcbur qalır, gözlərimə xüsusi eynək taxıram. İşdə, məclisdə, qonaqlıqda, ictimai yerlərdə məni qarabaqara izləyən daimi diskomfort hissini unudub, fikrimi ancaq başqalarına narahatlıq yaratmamaq, asqırmamaq, öskürməmək çabalarına yönəldirəm.

Psixoloqlar insan xarakterlərini ilin fəslinə, dövrünə uyğunluğuna görə qruplara ayırırlar.

Məsələn, qışın soyuq aylarını xoşlayan insanlarda guya individuallıq və liderlik hissi daha qabarıqdır. Onlar həddindən artıq ehtiyatla davranır, az danışır, emosiyalarını büruzə verməməyə çalışırlar.

Baharı sevənlər isə əksinə, yumşaq xarakterli insanlar hesab edilir. Onlar maraqlı, əyləncəli, şən işlərdə, ideyalarda aktiv olmağı bacarırlar. Onlar həm də eqoist və tələbkardırlar.

Yayı sevənlərdə entuziazm, özünəinam hissləri güclü olur. Onlar hər bir işin orijinal, başqalarından fərqli həll variantını tapırlar.

Mənim kimi payızı xoşlayanlar isə, təkliyə, sakitliyə can atır, özünəqapanmağa meyl edirlər. Ünsiyyətə can atmır, yeni tanışlıqlardan kənar gəzir, adamayovuşmaz qalırlar.

Son isə bir sualım oxucularadır:

"Bəs siz necə, baharı xoşlayırsınızmı?”.

# 2245 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #