O məktəbi bağlayın!..

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

8 sentyabr 2022
# 09:00

Kulis.az Zamin Hacının "Loqopedik cinayətlər" adlı yazısını təqdim edir.

“9 yanvar. Leksikon hər beş dəqiqədən bir (orta hesabla) yeni sözlə, bu sabahdan hətta ayrıca ifadələrlə zənginləşir. Onlar şüurda donmuş və indi buzu ərimiş kimi ortaya çıxırlar. Çıxan sözlər istifadədə qalır. Dünənki gündən bəri fonoqrafın qeydə aldıqlarından: “İtələmə”, “Əclaf”, “Maşının ayaqaltısından düş”, “Mən sənə göstərərəm”, “Amerikanın etirafı” və “Primus”

(Bulqakov, “İt ürəyi”)


Musiqi məktəbinin yeni direktoruna qarşı müəllimlərin üsyanı videosunu, yəqin, izləmisiniz. Hətta orada direktorun skripka ilə döyüldüyü, bəzi müəllimlərin dava zamanı gözünə kamança girməsi, şagirdlərin fortepiano qapağı arasında qalaraq əzilməsi haqda yerli istintaq orqanlarına məlumat daxil olmuşdur, bu dəqiqə araşdırma gedir.

Ancaq bizi düşündürən təkcə hadisənin xəsarət tərəfləri deyildir, Allaha şükür, orqanlar özü bunu bizdən yaxşı bilir. Bizi jurnalist olaraq əhvalatın musiqili tərəfi narahat edir. Mən müəllimlərin direktora etiraz videosunu diqqətlə izlədim, dinlədim və ən təəccüblüsü odur ki, orada qətiyyən musiqi əlaməti görmədim. Eləcə bir dəstə zənən xeylağı qapının qabağına yığışıb qışqırışırdılar. Arada çəpik çalırdılar. Bir növ “Ruh” filmində pis adamların öləndə aparılması səhnəsini xatırladırdı. Yeni təyin edilən direktor o qədər pis adamdırmı? Bəlkə də.

Lakin yenə yazıram, biz insanları peşəmizə uyğun dəyərləndirməliyik. İndi mənim burda kimdənsə, hansısa oxucudan xoşum gəlmir, durum ona kəllə atım? Yox. Kəllə atmaq üçün qaydasız döyüş idmanı var. Mən sözlə qiymət verməyə borcluyam. Futbolçu topla oynamalıdır. Vəzifəli şəxsin əli pulla oynamalıdır. Nə bilim, alim elmdən, molla helmdən, bağban güldən, quşbaz bülbüldən danışsa, yaxşıdır. Musiqi məktəbinin müəllimlərinin etirazında musiqi yoxdursa, o məktəbi bağlayın.

Hərçənd, bəzən qeyri-adi səslərdən musiqi çıxır. Məsələn, dünya avanqard musiqisində inqilabi işlərdən birinin 1922-ci ildə Bakıda yaranması bizim üçün qürurverici tarixi faktlardandır. Arseniy Avraamov adlı bəstəkar o vaxt Bakıya gəlib, zavodların fit səslərini, cürbəcür sənaye səslərini qeydə alıb və bunu “Siqnalların simfoniyası” adlandırıb. Çox maraqlı işdir, Youtube-də “Arseny Avraamov - Symphony Of Factory Sirens (Public Event, Baku 1922)” adıyla axtarış verib dinləyə bilərsiniz.

Sözümün canı nədir? Sözümün canı odur ki, savadsız aparıcılar demişkən, “keçid alıram” loqopediya probleminə. Uşaqlarımız düzgün danışmaqda çətinlik çəkir, onları uyğun mərkəzlərə qoyuruq ki, dil açsınlar, lakin oralarda uşaqlar döyülür, işgəncəyə məruz qalır, respublikamızın müsbət imicinə ləkə düşür. Maraqlıdır ki, respublikamızda Mədəniyyət Nazirliyinin nəzdində 300-dən çox musiqi məktəbi vardır, hamı çalır, oxuyur, oynayır, ancaq danışmaqda problemimiz var.

Bunun səbəbləri çoxdur. Birincisi, uşaqlarla təmiz ana dilimizdə danışmırıq. Biri rusca, o biri ingiliscə, üçüncü valideyn moltanı dilində danışır, uşaq da çaşır, dili açılmır. Gərək uşağı anadan olandan rus məktəbinə qoyaq.

İkincisi, guya uşaqla şirin olmaq üçün sözləri əyərək danışmaq dəbdədir. “Nənəşinin üyəyi, babaşının böyyəyi”, nə bilim, “şiyin bala” və sairə. Bu, yolverilməz haldır. Sonra uşaq yekəlir və görürsən “r” hərfini deyə bilmir, “salam” yerinə “şalom” deyir, millətə yadlaşır. Hələ “yeşik” və “günəş” sözlərini yanlış oxumaq kimi hallara da rast gəlinir. Uşaq balaca olanda ağıza, yekələndə ələ baxır. (Lap ata sözünə oxşadı. Bəlkə, 200 il sonra elə də istifadə olunacaq, bir nəfər mənə sağ ol deməyəcək).

Üçüncüsü, əqrəba evliliyi nitq qüsurlarına yol açır. Doğrudur, əmi qızı ilə əmi oğlunun, bibi oğlu ilə xala qızının, baldız ilə yeznənin, qayınata ilə əmidostunun, bacanaqla kürəkənin və sairə kəbini göydə kəsilibdir, buna heç bir etirazımız ola bilməz, lakin ekzosfera zaqsından dil məsələsi üzrə qarantiya almaq da yaxşı olardı.

Uşaq pis danışsa, niyə geri verməyək? Yaxud başqa uşaqla dəyişdirək. Camaat o boyda ayfonu xarab çıxanda geri qaytarır. Məncə ədalətli yanaşma olmalıdır. Qurban olduğumuzdan xahiş edirik bu qarantiya məsələsini bir az diqqətdə saxlasın. Hələliksə, bəlkə, biz loqopedik UZİ-dən istifadə etməliyik. Qız uşaqlarını abort eləyən maşınları nitq üzrə də düzəltmək olmazmı? Elə qoyasan yalandan elmdən danışalar. Buyurun, bir dənə loqopedik UZİ düzəldin. Hələ qarışqanı demirəm.

Mən özümə söz vermişdim qurultaya, yeni sədr seçilənə qədər AYB-dən yazmayım, seçkilərə mane olmayım, ancaq mövzu dildirsə, yazıçılarımız da mütləq günahkardır. Keçmiş zamanlarda şairlər, yazıçılar xalqın dilini açır, ona danışmağı öyrədirdilər.

Məsələn: “Aşbaz Abbas aş asmış, çaşıb aşı az asmış”. Bunu gündə 99 dəfə təkrarlasan həm sənin dilin açılar, həm uşağın. Üstəlik adamın qarnı doyur. Yaxud, buna baxın, sanki pyesdir: “Dadaş dayı Dəmirin danalarını damın dalında döydü. Dedim, Dadaş dayı, danaları damın dalında döymə. Dadaş dayı dedi: Dəmirin danaları damın dalındakı darıları dağıtdığıyçün danaları döyəcəyəm. Dadaş dayı danaları döyməyə davam elədi”.

Niyə bizim yazıçılar indi də belə aktual əsərlər yaratmır?

# 3027 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #