Niyə məhz o?

Niyə məhz o?
25 iyun 2024
# 11:20

Kulis.az Aytac Sahədin yeni yazısını təqdim edir.

Tez-tez baş çəkdiyim marketdə işə başlayan satıcı xanım elə ilk gördüyüm gündən diqqətimi çəkmişdi. Liderliyin əlamətləri yeni satıcının adi davranışında belə özünü göstərirdi. İki ay keçmədi ki, onu baş satıcı qoydular, qısa müddətdən sonra isə həmin xanım marketlər şəbəkəsindəki rəhbər vəzifələrdən birində çalışmağa başladı. Az qala hər gün həmin marketdən yolum düşdüyü üçün işçi heyətinə bələd idim. Ona görə də sözügedən xanımın necə irəlilədiyini aydın şəkildə görə bilirdim.

“Lider doğulurlar, yoxsa olurlar?”. Bu sualın konkret bir cavabı yoxdur. Kimi liderliyin doğuşdan gələn bir xüsusiyyət olduğuna inanır, kimi də bunun zamanla formalaşdığını deyir. Mən birincilərdənəm. Əzmin gücünə sayğım böyük olsa da, istisnaların varlığına, bəzi şeylərin dəyişdirilə bilmədiyinə inanıram. Liderlik bacarığının da həmin istisnalardan biri olduğunu düşünürəm.

Liderliyi öyrədəcəyini vəd edən kitabların, kursların sayı gündən-günə artmaqdadır. Fitrətində mənlik ehtirası olan insan övladı üçün bu xüsusiyyətə sahib olmaq hər dövrdə cazibədardır. Kapitalist sistemin biliciləri eqonu tumarlayan fərqlənmək arzusu üçün kifayət qədər şirnikləşdirici metodlar tətbiq edir. Dünənə qədər növbəsini belə qorumağı bacarmayan adamdan üç aylıq kurs proqramı ilə cəngavər yaradacağını iddia edir. Əlbəttə, insan öz üzərində çalışmaqla bir çox şeylərə sahib ola bilər. Ancaq ən yaxşı nəticələr mövcud potensialla tarazlaşır.

Barnum effekti ilə tanış olandan sonra sözügedən mövzu ilə bağlı bir sıra suallara cavab tapmış oldum. İnsanın bir sıra ümumi xüsusiyyətlərin yalnız ona məxsus olduğuna inanmasını özündə əks etdirən sosial-psixoloji fenomen fərdin bacarıqları haqqındakı düşüncələrini yanlış yönləndirməsini şərh edir. Tutaq ki, yeniyetməlik dönəmində hansısa film qəhrəmanını örnək alan şəxs ümumiləşdirmələr apararaq sahib olmadığı xüsusiyyətləri də özününküləşdirə bilər. Ancaq bu illuziya gec-tez gerçəkliyin divarı ilə toqquşur. Liderliklə bağlı özünü aldadan adamlar da çətin situasiyalarda istər-istəməz mövcud reallıqla üz-üzə gəlirlər. Ümumiyyətlə, çətinliklər liderlərin özünütəsdiq yoludur. “Niyə məhz o?” sualına cavab məşəqqətin caynağında ikən bəlli olur. Bəzən də həyatın ixtiyari anı sübut üçün məqama çevrilir.

Dünya tarixinin ən güclü hökmdarlarından hesab olunan Çingiz xanın hələ uşaq yaşlarından liderlik xüsusiyyətlərinə malik olduğunu özündə əks etdirən xeyli nümunələr var. Deyilənə görə, o, hələ uşaq ikən qardaşını ovunu oğurladığına görə öldürmüşdü. Əlbəttə, qardaş qətli hər şeydən öncə qəddarlıq göstəricisidir və ikrah doğurur. Ancaq Çingiz xanın yaşadığı şərtlərdə hakimiyyət qəddarlıq tələb edirdi. O isə ovunu belə bölüşmür, birincilik iddiasını hələ taxt-tacdan uzaq olduğu illərdə də göstərirdi. Çünki Çingiz xan lider doğulmuşdu.

Bu günün liderlərindən isə ənənəvi qəddarlıq metodları tələb olunmur. İstər on nəfərdən ibarət kollektivdə, istərsə də on qatının idarəetməsində balanslı münasibəti qorumaq önəmli amillərdən birinə çevrilib. Ümumilikdə götürəndə isə demokratik dəyərlərə söykənən idarəetmənin daha effektiv olduğu danılmazdır.

Təbii ki, coğrafiyanın ictimai münasibətlərin digər sahələrində olduğu kimi, idarəetmədə də özünəməxsus önəmi var. Bir ölkədə özünü doğruldan metod başqa yerdə eyni effekti verməyə bilər.

Dövründən və məkanından asılı olmayaraq elə liderlik xüsusiyyətləri var ki, həmişə aktualdır. Risklərin idarə olunması, ağıla söykənən cəsarət, yeri gələndə fədakarlıq edə bilmək, məsuliyyətli davranmaq, hadisələri realizə etmək bacarığı və s. buna nümunə ola bilər.

Uğur təkcə liderliklə xarakterizə olunmur, əsas məsələ özünü doğru şəkildə realizə edib həyatdakı yerini tapmaqdır. İnsan aid olduğu məqamda əsl məramına varır. Üstəlik, bəşəriyyətin yaradılışından bu yana formalaşan siyasi, ictimai, iqtisadi münasibətlər sistemi tabeçilik prinsipinin üzərində qurulub. Necə deyərlər, “Sən ağa, mən ağa, inəkləri kim sağa?” Təbiətin də nizamı bu qanunun üzərində bərqərardır. Bir yuvaya bir ana arı kifayətdir.

Əlqərəz, əgər bir insan liderlik xüsusiyyətlərinə sahibdirsə, münbit şəraitə düşən kimi özünü tapacaq. Məhlə marketində olsa belə.

# 1671 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #