Məşuqəsinə bahalı, həyat yoldaşına ucuz hədiyyə alan kişilərimiz...

Məşuqəsinə bahalı, həyat yoldaşına ucuz hədiyyə alan kişilərimiz...
14 fevral 2022
# 10:24

Kulis.az İlhamə Nasirin “Sevgililər günü” adlı yazısını təqdim edir.

El-aləm sevib sevilməyi elə gözəl bacarır ki, adam qıraqdan baxıb sadəcə köks ötürür. Hətta sevgilərini müqəddəsləşdirmək üçün ayrıca bir gün də fikirləşirlər. Bəs biz niyə bacarmırıq? Çətin olan nədir axı? Biz nəinki sevməkdə çətinlik çəkirik, hətta qeyd edilən sevgililər gününə belə şəbədə qoşuruq. Bu cür işlərdə elə qoçağıq ki...

Deməli, bir rahibin əməlini yüz yerə yozduq, özümüzə milli sevgililər günü yaratmaq istədik. Yaxşı, bəs bu işi niyə axıra çatdıra bilmədik? Yenə də ölkənin gül dükanları, hədiyyə mağazaları 14 fevralda pik nöqtəsini yaşayır. 30 iyun isə bir-iki vətənsevərin yadına düşə, ya düşməyə.

Belə baxanda 14 fevralın fəlsəfəsi əslində çox sadədir. Adamlara sadəcə bir fürsət lazım idi. Amma bizim fəlsəfə tarixində sevgi ya Leyli-Məcnun ağlaşmasında, ya da Xosrov və Şirin pafosunda olub. H.Cavidin romantizmində, C. Cabbarlının realizmində olan sevgi Romeo və Culyettanın heç 10 faizi deyil. Romeo və Culyettada da pafoslu sözlər, yüksək amallar ətrafında danışılır, amma içində bir ölüm gerçəyi var. Cavid öz Şeyx Sənanını Romeo kimi öldürə bildimi?

Əslində sevginin baş ucunda dayanan qadındır. Amma bizdə qadına nə dəyər verilir ki, sevgisinə də verilə. Axı Azərbaycan qadını hara, sevmək, sevib-seçmək hara? Bu streotipləri dağıdıb insan kimi yaşamaq istəyən qadınlar haqqında danışılanlar, dedi-qodular kitab halına salınsa, 10 cildlik antologiya olar.

Bəlkə də yer üzündə yeganə xalqıq ki, azad qadına heykəl qoymuşuq, qadını çərçivəyə, qəlibə sala-sala. Ta əzəldən qadının hansısa bir sevgisini, məhəbbətini yüz cür yozmuşuq. İndinin özündə, vaxtıykən nisbətən azadlığı yaşayan Natəvanın heykəlinin yanından keçəndə kişilərimizin bığaltı pıqqıldaşmalarının şahidi oluruq. Hansı Azərbaycan qadın şairin sevgi şeiri normal oxunub başqa səmtə yozulmayıb? Son illərdəki ədəbiyyatımızın sevgi əsərlərinə nəzər yetirsək, bir iki səmimi yazı görərik, onun da müəllifləri bu ölkə də yaşamır. Ya öz ölkəndə özgə ömür yaşamalısan, ya da öz ömrünə qıraqda sahib olmalısan.

Anlamalıyıq ki, sevgililər günü təkcə kişinin qadını sevdiyi gün deyil, qadının da sevdiyi gündür. Bu yerdə siz allah, 8 Martı başa qaxmayın. Onsuz da illərdir ki, 8 Martı baş qaxıncı etmisiniz. Bir ölkədə ki, 8-ci sinifdəki qız ərə verilərsə, boşanmış qadın baltalanarsa, ya qınaq obyekti olarsa, qız uşaqları abort olunursa, qız doğduğuna görə arvad qovularsa, kiminsə 8 Martdan danışmağa heç haqqı yoxdur.

Sevgi günü, sevməyi bacaranların günüdür. Sevmək bioloji akt deyil. Sevmək gözəllik seçimi deyil. Sevmək bakirəlik axtarışı deyil. Sevmək ruhların yaxınlaşmasıdır. Bizim sevgililərin isə ruhu yaxın deyil, aldıqları hədiyyə kimi o da saxtadır, sadəcə göstəriş üçündür. Sovet dövrü göstəriş üçün evlərə çex unitazları qoyulduğu kimi, indi də 101 qızılgül dəbə minib. O qızılgüllər ki, tikanları qadınların əllərinə, sinələrinə batır. Əslində hər tikanın batdığı yer bir xəyanətin izidir.

Maraqlı bir statistika: 14 fevral günü ərəfəsində Bakıdakı otellərin şərab daxil qiyməti 30 manata düşür. Yəqin ki, şərabın adı da “Sevgilim” olar. Və daxillərində gizlədilən ən səmimi sevgi də bəlkə o anda yaşanır. Amma onu da qorxa-qorxa. Nə isə... məşuqəyə bahalı hədiyyə, həyat yoldaşına isə uzaq başı eyni ətir. Və 15 fevral günü Təhminə filminin sonunda olduğu kimi, əldə bazarlıq siyahısı və qeyri səmimilik...

# 10622 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #