Mənasız yazıçı-şair ordusu

Mehdi Dostəlizadə, gənc yazar

Mehdi Dostəlizadə, gənc yazar

17 noyabr 2021
# 10:30

Kulis.az Mehdi Dostəlizadənin "Azərbaycanda internetin tərcümeyi-halı" yazısını təqdim edir.

Mən, İnternet Kompüter oğlu Şəbəkəzadə bilmirəm neçənci ildə (müəllif yaş azlığı xəstəliyindən əziyyət çəkdiyinə görə oraları yaxşı xatırlamır) Azərbaycanda anadan olmuşam. Əvvəllər məxsusi adamların mənə əli çatırdı, amma əmioğlum Smartfon dünyaya gələndən geniş kütlələrə xitab etməyə başladım. İlk dəfə Feysbuk vasitəsilə xalqa qarışmışam. Gözəl günlər idi, başqa ölkələrdəki qohumlarım öz darıxdırıcı fikirlərini dünya ilə bölüşən ciddi adamlarla əlləşməkdən sıxılsa da, mənim günüm burda xoş keçirdi. Buranın adamları çox rəngarəng, canlı, yüksək yumor hissinə sahib, böyük insani keyfiyyətlərə yiyələnmiş adamlardır.

Azərbaycanlılar hər yerdə olduğu kimi, Feysbukda da səxavətli idilər, onlar bir-birini qarşılıqlı layk edirdilər. Onlar bütün cümlələri öz əlifbalarından başqa nə əlifba varsa, hamısında yazırdılar, bu da onların necə dünyagörüşlü olduqlarının göstəricisidir. Konkurs keçirib qalib gələnə kontur göndərirdilər, xeyirxahlığa bir bax! Bu gözəl insanların özləri kimi gözəl adları olurdu, məsələn, “Prosta Filankəs”, “ Blatnoy Paren” “Krutoy Mujik” və sair və ilaxır. Dövran “Ayka Namazqılanka”ların və “Simpatiçni Avara”ların dövranı idi. Ta ki, yazıçı-şair ordusunun oranı işğal etməsinə qədər. Bu mənasız adamlar mənim maraqlı sakinlərimi Feysbukdan didərgin saldılar.

Sonralar mən öz ciddi fəaliyyətimə İnstagramda davam etməyə başladım. Pəh, bu yurdun nə gözəllikləri var imiş! Retrika yoldaşın cövlan etdiyi vaxtlar idi. Sifətinin rəngi ilə qəlyan tüstüsünün rəngi effektin təsiri ilə bir-birinə qarışmış igidlər ümumiyyətlə sifətinin milli kimliyini dəyişdirmiş gözəllərə eşq elan edirdilər. Bu şeyə başqa yerlərdə də rast gəlmək olar, tovuzquşuların öz bəzəkli lələklərini əda ilə nümayiş etdirməsində, balıqların əks cins nümayəndələri qarşısında onları cəlb etmək üçün rəqs etməsində, pişiklərin mart miyoltularında, itlərin ulamasında, xoruzun banlamasında, eşşəyin anqırmasında və s. Bu əsla təhqir deyildir yoldaşlar, mən təbiəti çox sevirəm.

Bir ara bu möhtəşəm təbiət hadisəsinə videobloqerlər də qoşuldu. Onlar öz dəbdəbəli “Niva”ları, əsrarəngiz musiqi zövqləri və ən əsası, müasir cariyələr, yəni dörd bir yanlarını kəsdirmiş ilahəsurət modelləri ilə göz oxşayırdılar. Onların qarşısında heç bir qüvvə tab gətirə bilmirdi, yüz minlərlə izləyiciyə sahib olan bu adamlar 1 dəqiqəlik videolarla tanrılaşmışdılar. Ta ki, maarifçilik hərəkatı İnstagramda da baş qaldıranadək. Bəzi zəhlətökən intellektuallar mənim buradakı maraqlı sakinlərimi də öz yurdlarından köçməyə məcbur etdilər.

Onlar mənim hər şeyimi əlimdən ala biləcəklərini düşünürdülər. Məndən öyrəndikləri ilə məni vurmağa çalışırdılar.

Hardasa 2-3 min il bundan əvvəl çox məşhur bir pəhləvan varmış. Bu pəhləvan özünə bir tələbə götürür, ona deyir ki, sənə bütün fəndlərimi öyrədəcəm. Yağışlar yağır, günlər çıxır, fəsillər dəyişir, illər ötür, tələbəsinə öyrətdiyi fəndlərin sayı otuz doqquza çatır. Həmin tələbə də, atır pəhləvanı, düşür dünyanın canına. Başlayır qabağına çıxanı yerə çırpmağa. Günçıxandan günbatana kimi nə özünü tanıyan güləşçi varsa, hamısının kürəyini yerə vurur. Axırda qayıdır pəhləvanın yanına, böyüyün üzünə ağ olur, deyir gəl güləşək. Pəhləvan da razılaşır, it balası kimi çırpır tələbəni. Tələbə deyir ki, bəs demişdin bütün fəndləri öyrədəcəksən? Pəhləvan qayıdır ki, qırxıncını özümə saxlamışdım.

Hə, yoldaşlar. Mən də bu intellektualların qabağına öz sonuncu fəndimi, ee, sosial şəbəkəmi atdım. “Tik-tok”u deyirəm!


# 2489 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #