Fransız xalqı bu dəfə kef edə bilmədi...

Fransız xalqı bu dəfə kef edə bilmədi...
16 sentyabr 2022
# 13:30

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Savaşın içində kədəri ovunduran nəğmələr sonralar həmin xalqların ən böyük xatiratına, ən mübhəm duyğularının təcəssümanına və nəhayət, sevinclə qəmin qovşağında səslənən himnlərinə çevrilib. “Qarabağ”ın “Nant” üzərində 3:0 hesablı qələbəsi həmin nəğmələrin ən gözəl notlarını yaratdı.

Şahidi olduğumuz qalibiyyət bizim hazırkı sarsıntımızın məlhəm mənbəyi idi. Qara köynəklə üzümüzü ağ edən Qurban Qurbanovun da dediyi kimi, hərb meydanındakı mücadilə "Tofiq Bəhramov" stadionundakı sözügedən rəqabətdən qat-qat təlatümlüdür. Amma o gərgin mücadilənin, mücadilədən ocaqlar söndürən qara xəbərlərin ürəyimizə sancdığı qara tikanları çıxarmaq üçün “Qarabağ” komandası var gücü ilə əzm nümayiş etdirdi, qələbəsi ilə ağrının gücə çevrildiyini göstərdi.

Cəbhədəki gərginliyin hər iki mənada komandanın oynuna təsiri aydın sezilirdi. “Qarabağ” futbolçularının oyundan sonra verdiyi açıqlamar bunu sübut edir. Amma bununla belə, oyunun sonrakı dəqiqələrində, xüsusən ikinsi hissədə komandanın enerjisi dəqiq hiss olunurdu. Qarabağın, habelə, bütün Azərbaycanın brendinə çevrilmiş komanda şəhid xəbərlərindən ürəyi qan ağlayan milyonların qarşısında oynadıqlarını yaxşı bilirdi. Oyunçuların yükü 2 qat çoxalmışdı. Qurban Qurbanov oyunun sonundakı açıqlamada da bunu vurğuladı. Ağrılı xəbərlərin psixoloji olaraq komandanın oyuna mənəvi hazırlıq prosesinə təsir etməsi qaçılmazdır. Buna baxmayaraq, xüsusən “Qarabağ” soyuqqanlılıq nümayiş etdirdi.

1976-cı ildə lentə alınan “Dərviş Parisi partladır” filmində patriarxal mühitdə mütərəqqi meyillərin cücərməsinin fonunda iki mədəniyyətin müqayisəsi təsvir edilir. Bununla belə, Müsyo Jordanı yaxşı mənada təəccübləndirən Azərbaycan təbiəti var. Fransa kimi elmi-texniki tərəqqi mühitində bir Müsyo Jordanın yetişməsi adi haldır. Amma Azərbaycanda – feodal münasibətlərin ağuşunda böyüyən Şahbaz bəyin Fransaya gedib elm öyrənmək çabaları o köhnə fikirlər içində bir inqilab idi. Səkkiz qat Fransa çempionu olan “Nant”ın qarşısında əzmlə dayanan, maliyyəsi, uğurları “Nant”dan kəm olan “Qarabağ”ın bu cür oyunu Şahbaz bəyin arzuları qədər möhtəşəmdir və bir az da irəlidir. Çünki Qarabağın hədəfi arzu olaraq qalmadı, reallığa çevrildi və bu gün hər tərəfdən sıxışdırılan, haqsızlıqlarla üzbəüz olan Azərbaycanın hədəfə yetən bir komandası var.

Azərbaycanı təcavüzkar ölkə kimi qələmə verməyə çalışan Fransanın qarşısında “Qarabağ”ın performansı, əslində, tutarlı bir mesaj idi. Fransanın Azərbaycana qarş kininin bir səbəbi də erməni diasporasının mütəşəkkil fəaliyyətidir. Küyə gedən fransız xalqının azarkeşi olduğu komanda “Qarabağ”la təkbətək, üzbəüz idi. Heç bir saxta birləşmə, qondarma hay-küy futbol meydanında işə yaraya bilməz. “Qarabağ” öz oyunu ilə Fransanı futboldakı kimi ədalətli rəqabətə səslədi. Fransa xalqı bu dəfə kef edə bilmədi, fəqət biz də ürəkdolusu sevinmədik, oyunun gedişatında dəfn olunan şəhidlərimiz var idi. Qoy “Qarabağ”ın bu qələbəsi bizim kefimizə soğan doğrayan bütün ermənipərəstlər üçün bir xəbərdarlıq olsun...

Hər şeyə rəğmən, Qurban Qurbanov bir komanda məşqçisinə xas olan peşəkarlıqla açıqlamalarında bu məsələlərə, siyasətlə bağlı nəsnələrə xüsusi, kəskin, emosianal fikir bildirmədi.

Qurban Qurbanov o qədər də böyük olmayan imkanlarla, məntiqi, soyuqqanlılığı və peşəkarlığı ilə meydana xalqı sevindirən komanda çıxarmağı bacarıb. Ələlxüsus, bundan əvvəlki “Frayburq” – “Qarabağ” oyununda sübut olundu ki, söhbət təkcə qələbədən getmir. “Qarabağ” həmin oyunda məğlub olsa da, futbol azarkeşləri yenə də “Qarabağ”ın preformansı ilə fəxr etdi. “Qarabağ” sabah, biri gün hansısa daha hazırlıqlı komandaya uduza da bilər. Lakin Qurban Qurbanov məhz futbol meydanına çıxmağa, rəqabət etməyə layiq komanda yetişdirdi... Xüsusən “Nant”ın üzərindəki qələbəni ordumuza və şəhidlərin ruhuna həsr etməyi zənnimcə, hər kəsi duyğulandırdı. UEFA şəhidlərin ruhuna sükut məsələsinə rədd cavabı versə də, azarkeşlər stadionda 1 dəqiqəlik sükutla qurban gedən oğulları yad etdilər.

“Qarabağ”ın qələbəsi həmin azarkeşlərə Qurban Qurbanovun “çox sağ ol”u idi. Sağ ol, “Qarabağ”, sağ ol, Qurban Qurbanov!

# 2216 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #