Əlixan nədən qorxdu?

Əlixan Rəcəbov, aktyor

Əlixan Rəcəbov, aktyor

17 yanvar 2022
# 11:40

İki il qabaq “Mavi boyalı ev” kitabım nəşr olunandan sonra gənc aktrisalardan biri “Mən qadın olsaydım” şeirimi səsləndirdi. Şeirdə belə bir misra var idi: “Mən qadın olsaydım, Allah doğardım…” Şeir sosial platformalarda səs-küyə səbəb olmuşdu. Qınaqlar, tənqidlər, ciddi təhlillər, başdan sovdu yanaşmalar, “bunu niyə yazmısan?!” kimi məzmunsuz suallar, küçə jarqonunda təhdidlər və sair. Həmin vaxt özünü dindar adlandıran və dinin mühafizəsində dayanan bir qrup adamdan aldığım təhdidlər işi daha da cəncələ salmışdı. Rəsmi qurumlar məsələyə münasibət bildirdikdən sonra, nəhayət, məsələ bağlanmışdı. “Allahdan qorx!” deyənlər polislərdən qorxmuşdu...

Həmin günlərdə cəmiyyətimizin inanclı kəsiminin nə qədər absurd arqumentlərlə Allaha inandığının şahidi olmuşdum. Müsəlman belə olmalıdır, elə olmalıdır deyənlərin heç biri İslamın ədəb meyarlarından çıxış etməmiş, üstəlik özlərini müsəlmandan daha çox terrorist obrazında tanıtmışdılar. Mən geri çəkilməmişdim. Çünki...

Sənətə diktə etmək olmaz! Bu, birmənalıdır. Sənət müstəvisi sərhədsizdir, onun yaşıl, ya qırmızı xətti olmur. Sənətçiyə “onu yazma, bunu yaz” demək, sadəcə gülüncdür.

Ədəbiyyat, kino, musiqi və sənət adlandıra biləcəyimiz hər şey yaşadığımız bu monoton həyata bir alternativdir. Biz həyatı olduğu kimi, sıradan və cəmiyyətin istəklərinə uyğun yazsaydıq, sənətin meyarları başqa cür olardı. Bu da ayrı bir mövzu.

İki il qabaq qarşılaşdığım absurd mənzərəni yaxın günlərdə yayımlanan “Sonuncu şam yeməyi” filminə olan münasibətlərdə də gördüm və təəssüf hissindən qaça bilmədim. Yenə dindarlar əllərində cihad bayrağı Əlixan Rəcəbovun üstünə “Allah, Allah, Allah!” deyib hücum çəkdilər. Deməli, hələ də cəmiyyətimiz düşünə, sənəti sənət kimi qəbul edə bilmir. Deməli, hələ də inanc prizmasından baxanda hər şey sadəcə salavat janrında görünür. Deməli, hələ də biz hamını özümüzə oxşatmağa çalışırıq. Deməli, bizim cəmiyyət, cəmiyyət yox, sadəcə kütlədir. Bu kütlənin isə çayxanalarda və məscid divarları içində qəbul olunan, xurafatçı, qaragüruh toplum yaradan (qəsdən və ya istəmədən, fərq etməz) “qanunları” var. Sənət isə bu “qanunlardan” çox yuxarıda dayanan bir anlayışdır. Ki, bunu anlamağın özü, əslində, bir mədəniyyətdir.

Niyə inkişaf etmirik? Bu sualı həmin adamların özləri də kimlərəsə ağızları köpüklənə-köpüklənə verirlər. Əlində təsbeh, şüurunda cənnət-cəhənnəm, altşüurunda isə bahalı maşınlar, villalar, gecə klublarında süzülən “Martini”lər, reallıqlarında isə Akif dayının çayxanası olan gənclərlə doludur məzlum şəhərimin küçələri. Tənqidləri də, tərifləri də, təhlilləri də çayxana qoxuyan bu gənclər Əlixanın hədəfində idi və ox hədəfə dəydi. Şəriətin, xurafatın nə qədər gülünc göründüyünü göstərən Əlixan mollaları, yas yerlərini, tin uşaqlarını qara yumorla əzib, tapdayıb atmışdı sənətin müqəddəs arxivinə. Sonra…

Əlixan qorxdu. Dindarların təhdidlərindən yox, itirəcəyi baxış saylarından, bəyənmə statistikasının aşağı düşməsindən, izləyici kütləsinin, reklamın və gətirdiyi pulların yoxa çıxmasından. Bax buna görə Əlixana yazığım gəldi. Şəkillərdən belə ironiyası sezilən Əlixan indi paylaşdığı üzr fotolarından qul kimi görünürdü. Kapitalizmin quldarlarının qulu kimi. Axı sən rejissorsan, axı sən yaratdığının təbəəsi deyilsən. Tənqid etdiyin kütlədən niyə üzr istəyirsən? Üzr istəyib o filmin bütün üsyan, inkar fonunu yıxacaqdınsa, niyə o qədər əziyyət çəkirdin, Əlixan?

Həqiqət o qədər ağırdır ki, onu dilə gətirəni də bəzən öldürür. Eynən Əlixan kimi.
Qorxmaq təbii instinktdir, qorxa da bilərsən. Amma nədən və kim olaraq? Bax məsələ budur.

Yüz il qabaq da belə idi, indi də belədir və deyəsən, yüz il sonra da belə olacaq. Yüz il əvvəl də cəmiyyəti işıqlandırmaq istəyənlərin bəziləri bu yolu axıra kimi getdi, bəziləri də kənara çəkilib qara camaatın qara fikirlərinə yol verdi. Əlixan indiki vəziyyətdə mənə onları xatırlatdı. Ən pisi isə odur ki, Əlixanın tarixdə qalıb-qalmayacağı hələ sual altındadır.

Sənət bu coğrafiyada ən arxa partadır. Orda oturanlar hər şeydən agahdır, amma qabaq sıralarda oturanların mənasızlığı onları yorur və nihilistləşdirir. Əlixan həmin arxa partada oturub qabaqdakılara gülürdü. Çox təəssüf ki, onu da lövhə önünə çıxartdılar və üzr istədib öz missiyasına xəyanət etməyi öyrətdilər.

# 4969 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #