Çörək gözünüzü tökəcək

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

3 mart 2022
# 09:00

Kulis.az Zaminin Hacının "İki qadının dialoqu" adlı yazını təqdim edir.

Qışda Bakıya azca qar yağmışdı. Mən elektrik-qaz pulunu ödəmək üçün dükanın girişindəki robotun qarşısında növbə tutmuşdum. Bu robotlara şapalaq vurmaqdan çox xoşum gəlir. Nəyə görə? Çünki onlar da mənimlə məzələnirlər. Uyğun kommunal xidməti seçib düyməni basırsan, görürsən ekrana iki fərqli pozisiya yazısı çıxdı: “Əhali”, yoxsa “Qeyri-əhali”? İşarə vurur yaramazlar, demək istəyir çoxunuz adam deyilsiniz. Mən bir dəfə robotun aşağı ətrafına təpik ilişdirdim, ayağım qırılmışdı az qalsın. Dəmir uşağı dəmir. Özləri adam olub, qaldı biz...

Belə növbələrdə bəzən çox maraqlı söhbətlərin şahidi oluram. İndi də böyürdəki ətir piştaxtasında, yalan olmasın, səngər qazaraq mövqe tutan orta yaşlı qadının təmizlikçi həmcinsiylə (görəsən, onlara niyə xadimə deyirlər; adamın belə suallara, əsrara cavab bilən filoloq dost-tanışı olmalıdır, yoxsa gic kimi qalırsan) dialoqunu dinləyirəm.

Əttar deyir: “Nəhayət imkan tapıb Patrik Züskindin “Ətriyyatçı” romanını Cavanşir Yusiflinin tərcüməsində oxudum. Çox yaxşı əsərdir, ancaq orda ətri flakona doldurub qramla satmağın çəmini göstərməyibdir”.

Təmizlikçi xanım isə şvabraya çənəsini söykəyib cavab verdi: “Keçən həftə Əsəd Cahangirin tənqidi realizmində görkəmli basarkeçərli filosof Heyzinqaya istinadən bu sualların cavabı kəskin qoyulmuşdu”.

Zarafat edirəm, əlbəttə, inanmayın. Belə dialoq olmamışdır. Bu yazı doxsan doqquz faiz xəyal ürünüdür. Kimin adı üst-üstə düşsə, inciməsin və məhkəməyə müraciət etməsin. Onsuz, axırda hamımız Allahın məhkəməsi qarşısında duracağıq, niyə tələsirsiniz.

Yaxşı, o dialoq olmayıbsa, bəs hansı dialoq olubdur? Harda görünüb iki qadın görüşsün, kəlmə kəsmədən ayrılsınlar? (Mən özüm feministəm, yalnız qadınları sevirəm, biləsiniz).

Burada haşiyə çıxaraq bayaq işlətdiyim “orta yaşlı qadın” ifadəsinə qayıtmaq istərdim. Nə qədər amansız sözlərdir... Əgər mən şair olsam “Orta yaşlı qadın” adlı şeir yazardım. Məsələn, belə: “Ehh, orta yaşlı qadın, Aorta yaşlı qadın, başı daşlı qadın, Sən qocalmağa layiq deyildin” və sairə və ilaxır. Ancaq mən istefada olan şairəm, yazmıram.

Bir dəfə də yadıma gəlir, 1990-cı illərin ortalarıydı. Lap dəqiq yazım, oxucular üçün çox vacibdir: 1995-ci il idi. “Gənclik” metrosu tərəfdə çörək mağazasında uzun növbə vardı, bəlkə, iki saat idi çörəyin gəlməsini gözləyirdik, indiki uşaqlar anlamaz, çörəyi yerə atırlar, çörək gözünüzü tökəcək.

Əlqərəz, növbədə məndən qabaqda duran iki kasıb adam, iki fəhlə söhbətləşirdi. Biri deyirdi, görəsən, niyə yaramaz adamlar Məkkəyə gedir, lakin Məkkə onlara qənim olmur. İkinci müdrikcəsinə qımışdı və sual verdi:
“Sən axırıncı dəfə haçan cin görmüsən?”. (Açığı, bu məqamda mənim özümə də söhbət dəhşət maraqlı gəlmişdi, az qalırdım girim söhbətin içinə, növbəmi itirim, birtəhər özümü saxladım). Birinci fəhlə dedi, nəinki axırıncı dəfə, heç ömrü boyu cin görməyibdir.
İkinci fəhlə dedi:
“Görməzsən də. Cinlər təmiz yerlərdə yaşayırlar. Dünya çox murdarlanıb, ona görə cinlər yoxa çıxıb. Məkkəyə də o qədər pis, yaramaz adam gedib-gəlib ki, qurban olduğum ziyarətgah öz qüvvəsini itiribdir”.

Hə, nəhayət iki qadının söhbətini yazım. Ətirsatan qadın deyirdi: “Qar yağdı, qurban olum Allaha, Allahın möcüzəsidir. Keçən il Afrikaya da qar yağmışdı. Evdə çoxlu xalça-palazım var, gətirib ayağımın altına salacam, soyuq olmasın. Mərmərin üstündə donuram”.

Təmizlikçi qadın nə dedi, yadımda qalmayıb.

# 2459 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #