Bir günlük bəy olmaq haqqında

Nihat Pir, gənc yazar

Nihat Pir, gənc yazar

24 avqust 2022
# 10:00

Kulis.az Nihat Pirin “Bir günlük bəy olmaq haqqında” adlı yazısını təqdim edir.

Yaydan zəhləm gedir. Gözümün düşmənidir. Əlacım olsa, ömrümdə keçən və keçəcək olan bütün yay dövrünü çıxararam. Yerdə qalan nədirsə, onu adam kimi, tərləmədən, onun-bunun tər qoxusunu ağciyərlərimə işgəncə etmədən yaşayaram, kafidir. Onsuz aşağı-yuxarı 50 il ömür hesablamışam, olmasın 50, olsun 40, nə fərqi? Pul yox, sevgi yox, dinclik yox. Ya 50 il iş-kirayə ev, kirayə ev-iş yolunda təpik döydüm, ya 40 il, nə mənası var ki?

Xülasə, mətləbdən çox uzaqlaşmayaq.

İş yoluna rəvan idim ki, yolüstü səhifələrin birində elan gördüm: 29-32 yaşlarında olan bəy axtarırdılar. Dedim, aha, bu mənəm. Başladım təfərrüata varmağa. Handan-hana bəlli oldu ki, bir xanımı xaricdə yaşayan ailəsi evli bilir. İndi yayın bu cırhacırında haman bu ailə xaricdən durub basabasa gəlir Bakıya. Ki görək, qızımız ailəsi ilə xoşbəxtdirmi, ya yox?

Hərdən adamlar elə mənasız şeylərə görə narahatlıq keçirir, elə mənasız şeylərə görə vaxt sərf edirlər ki, qalırsan mat-məəttəl. Bax, ay X adlı ailə, ilin-günü bu vaxtı, çörəyin qiymətinin kəllə-çarxa çıxan vaxtı, yoxlama yeridir, xoşbəxtlik yeridir? Otur istirahətini elə də. Nə isə.

İndi həmin bu xanım özünə bir günlük bəy gəzir. Ki ailəsi gələndə “Mama, papa, bu da mənim həyat yoldaşımdır” deyibən suna bilsin. Bu mötəbər və savab vəzifəyə görə isə 400 AZN mükafat vəd edir. 400 AZN bir ədəd ikiyüzlük, bir ədəd yüzlük, iki ədəd əllilik formasında olacaq. Deyilənə görə, elə olanda bərəkətli olur. Bilmirəm, görməmişəm, yalan deyərəm.

Amma, əslinə qalsa, bu vəzifə üçün 400 AZN çox-çox aşağıdır. Ol səbəbdən, elanı eləcə görməzdən gəldim, heç maraqlanmadım da. Yoxsa ki şərtlər tam əynimə oturmuşdu, necə deyərlər, qutu kimi.

Məsələn, belə bir müqəddəs və mötəbər vəzifə üçün mən, heç olmasa, 1000 AZN istəyərəm. Zarafat deyil, vallah, indiki dövrdə bəy olmaq sizə asan gəlməsin. İşin yaxşı tərəfi ondan ibarətdir ki, axtarılan namizəd toydan sonrakı mərhələ üçün axtarılır. Yəni gəlin maşını, nə bilim, bayrampayı, qırmızı lentli quzu dərdi çəkmək prioritet tələblər içində yoxdur.

İşin pis tərəfi isə odur ki, istənilən halda, ata da, ana da azərbaycanlı valideyn təfəkküründə olacaqlar. O sorğu-sual sənin, bu sorğu-sual mənim:

İşin var?

Evin var?

Maşının var?

Dədən-nənən nəçidir?

Siqaret çəkirsən?

İçki içirsən?

Harada yaşayırsan? və ilaxır.

Sözün düzü, ideya başıma batdı. Vallah, gəlib bu yaşıma elə formada çatmışam ki, evlənmək deyilən məfhumdan iyrənmişəm. İyrənmək bir yana, qorxuram. Lap belə qorxu da bir yana, niyə evlənim axı? Sən Allah, məndə qışın oğlan çağında alça gəzəcək məsuliyyət haradadır? Yoxdur, Allah haqqı. Söhbət düşmüşkən, keçən dəfə də biri status yazıb ki, yoldaşım hamilədir, zəncəfil kompotu istəyir. Di gəl, baş çıxar.

Amma ömrümün bundan sonrakı hissəsini xanımın təklifindən yola çıxaraq dəyərləndirmək niyyətindəyəm. Ol səbəbdən, gənc və perspektivli xanımları özümlə əməkdaşlığa dəvət edirəm. Əgər niyyətimdə zərrə qədər də neqativ yönlü nəsə varsa, Zaur Kamal vursun məni. Yox, vallah. Sadəcə mənə maraqlıdır, bir oğlan, bir bəy olma potensiallı kişi məhz bu tanışlıq mərhələsində özünü necə hiss edir? Qızın valideynləri onu necə sorğu-sual edir? Həmin vaxt adama hazırcavablıq kar edirmi? Vəziyyətdən çıxmaq üçün tər-su kürəyindən axırmı? Suallar çoxdur, vallah, sayıb başağrısı vermək niyyətim yoxdur.

Xülasə, niyyəti-məramım ondan ibarətdir ki, yuxarıda adı çəkilməyən xanımın durumunda olan xanımlar birbaş özümə müraciət edə bilər. Sadəcə şərti yuxarıda (oxu: xırmanda) kəsdim ki, sonra metronun qənşərində yabalaşmayaq. 1000-cə AZN.

Bütün bunlar bir yana, o gün saytların birini mənasız başlıqlara görə qınamışdım, balaca, xırdaca, dınqılıca bir post da yazmışdım. Saytın əməkdaşı isə gəlibən məni ağ yuyub, qara sərmişdi. Axırda da nə desə yaxşıdır? Sənin mənimlə kabab yeməyinə hələ çox var? İndi bilmirəm, bu kabab nəyin kababıdır? Və mən niyə həmin əməkdaşla kabab yeməliyəm? Nə deyim, vallah. Xanımlar mənə yazsın. Xudahafiz.

# 4270 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #