Biləcəridə gecə həyatı

Biləcəridə gecə həyatı
14 iyul 2022
# 09:00

Kulis.az Zamin Hacının “Biləcəridə gecə həyatı” adlı yazısını təqdim edir.

“Bizim şəhər ona hər ay min inək, iki min qoyun, beş min toyuq və iki pud duz verir. Yayda və payızda bura, üstəlik, on bostan kahı, qulançar və gül kələm də əlavə edilir”

(Yevgeni Şvars, “Əjdaha” pyesindən)

Bəzən bizim işlərimiz düz gətirmir, çünki həmin işin dalıyca gedərkən arxamızca su atan olmur. Su aydınlıqdır, su həyat deməkdir, dədə-nənələrimiz bunu elmi baxımdan başa düşdükləri üçün həmişə yolçuluq uğurlu alınsın deyə səfərə çıxanın dalıyca su atmışlar. NASA başqa planetlərdə suyu ona görə axtarır.

Lakin hazırda zəhmətkeşlərimizin su ilə təminatında müəyyən çətinliklər yaşayırıq. Əlbəttə, yay fəslinin gəlişi də öz mənfi rolunu oynamışdır. Yay gəlməsə, həmişə suyumuz olur. Mən hökumətdən xahiş edirəm, tədbir görsünlər, yay gəlməsin. Elə həmişə yaz olsun. Bizim buna imkanımız var.

Ekologiya nazirimiz vətəndaşları sudan qənaətlə istifadə etməyə çağırdı. Haqlıdır. Elə adam var gündə üzünü yuyur. Xalça, maşın yuyanlar lap vəhşidir.

Ancaq bir çox ərazilərdə su, ümumiyyətlə, gəlmir. Məsələn, biz keçən həftə Bakının kəndində suyu maşınla aldıq. Pulunu verdik, bir qədeş gəldi, yanğınsöndürən şlanqına oxşayan şlanqı o yandan bəri uzatdı, çəni doldurdu. Arada maşına baxmağa gedəndə şlanqı tutmaq üçün mənə verdi, hiss elədim ki, bundan öncəki həyatımda yanğınsöndürən olmuşam. Şlanq tutmaq qələm tutmaqdan daha şövqlü, bazburutlu, mənalıdır, biləsiniz.

Ancaq maşında su bizim qəbul imkanlarımızdan çox idi, qədeş isə bildirdi ki, artıq qalan suyu aparmağa ixtiyarı yoxdur. Əvvəla, halallığa ziddir, Qurban bayramında xüsusilə yaraşmaz, ikincisi, sözün də su kimi lətafəti var, maşında yarım qalanda dərd verir o da – vallah, təxminən belə dedi. Su maşının ya dolu sürməlisən, ya boş, yarımçıqlığı bu maşın qəbul etmir. Nə qədər kamil maşındır! Görünür rəhmətlik Nizami də Gəncədə su maşını işlədib, yoxsa prosesi bu qədər dəqiqliklə bilməsi çətin olardı.

Nəsə, əlac kəsildi, suyun qalanını buraxdıq həyətə. Gölləndi, axşama qədər qurumadı. Məncə, orada qaz saxlamaq olardı. Gələn dəfə bu ideya üzərində də düşünəcəyəm.

Onu da qeyd edim ki, suyumuz tam olaraq kəsilməyibdir, bəzən gecələr uşaq işəməyi şəklində gəlir. Mən bunu idarəyə zəngimdə də bildirmişdim. Orda telefona cavab verənlər özlərini “müştəri xdmrtti, mrmdnt sfrdbennov, byrn” kimi təqdim edirlər. Bircə “müştəri” sözünü başa düşmək olur. Məncə bunu anonim qalmaq üçün edirlər. Birdən dəli kliyent çıxdı, getdi şikayət elədi?

Su idarəsində işin səmərəli təşkili də çox ilgincdir, türkün sözü. Birinci dəfə zəng vuranda adam gəldi, sayğacı açdı: “Bəlkə sayğacınız tutulub?”. Gördük, yox, burda problem yoxdur. Qardaş kağız çıxardı, qol çəkdirdi, çıxıb getdi: “Mən ancaq sayğaca baxıram, qalanı mənlik deyil”.

İkinci gün müştəri xidməti Əlibala adlı şəxsin telefonunu verdi: “Sizin zonaya Əlibala baxır. Nəzarətçi odur”. Zəng vurdum, telefonda Əlibala bir dindar ağsaqqal təsiri bağışladı, bunu qarşılamağa hətta şortiklə çıxmağa utandım, qapıya gələndə isə nə görsəm yaxşıdır? Əlibala müəllim tam Niderland stilində - velosipeddə dayanıb. Deməli ilk təəssürat aldadıcıdır. İnsanlara telefon danışığı ilə qiymət vermək olmaz.

Lakin Əlibala müəllim suyun qabağını kəsən əjdahanı tapmağı bacarmadı. Ən gülməlisi isə, idarədən heç kim su xəttinin hansı deşikdən başladığını bilmirdi: “Siz tərəfdə xəttlər hamısı tor kimidir. Hansı hardan başlayır, gərək müştəri özü bilsin”. Borunu axtara-axtara qəribə villalara, mülklərə gedib çıxdıq, bəzisində tovuz quşları oxuyurdu, bəzisində hovuzlarda məlaikələr çimirdi. Əlibala mənə dedi ki, bu velosipedi ağ atı satıb almışam. Bir sarayın eyvanında generalla küpəgirən qarı oturmuşdu, Keçəl isə onların saçını darayırdı.

Az getdik, üz getdik, dərə təpə düz getdik, axırda gəldik çıxdıq yeddi qardaş divin mağarasına. Məlum oldu divin biri su qəbzini yazır, ikincisi sayğacı söküb-taxmağa baxır, üçüncüsü nəzarətçidir (Əlibalanın div donuna girməyini mən orda görüb şoka düşdüm), dördüncüsü müştəri xidmətində “telfınnar”a cavab verir, beşincisi rayon şöbəsində, altıncısı nazirlikdə oturur. Yeddinci div isə, sən demə elə mən özüməm. Bu məqamda qəşş eləyib özümdən getdim, üzümə daş vurub oyatdılar ki, nə yatmısan, ey dili-qafil, Kulisə yazının vaxtıdır.

Əgər bir borunun üstündə bu qədər əjdaha və div otursa, orda şəhərə su gələrmi? Lap istəyirsən hər həftə əjdahanın ağzına yeddi silikonlu gözəl at.

Su idarəsinin müsbət cəhətləri də var, əlbəttə. Su təkcə bulanıq və duru olmur, hər rəngdə su var həyatda. Bu müsbət şeyləri görməliyik. Məsələn, biz bir ara su idarəsinin hesabına əsl gecə həyatı yaşayırdıq. Mənzillərə suyu ancaq gecələr vururdular, o üzdən bütün məhəllə: arvadlı-kişili, itli-pişikli, uşaqlı-böyüklü, ağsaqqallı-ağbirçəkli, manıslı-aparıcılı, aktyorlu-şairli, yazıçılı-dramaturqlu oturub gecənin düşməyini gözləyirdik. Çimişən, oynaşan, samovar qaynadan, aş asan, krantdan sallaşan, tumuşu yuyub ipdən asan bir-birinə qarışıb qaynaşırdı. (Müəllif burada “ş” səsini çox işlədərək alliterasiya fəndi qurmuş, suyun məhəlləyə verilməsini incəliklə göstərməyə çalışmışdır). Həmin vaxtlar hətta telekanallar bizim məhəllədən reportaj hazırlamışdılar: “Biləcərinin əsrarəngiz gecə həyatı. Şok kadrlar” başlığı altında.

Su idarəsindən növbəti dəfə lap istəyirlər Nuhun özünü göndərsinlər, mən qapıya şortiklə çıxmağı qətiləşdirmişəm. Abır-həya qalmadı artıq.


# 4222 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #