Başımdakı boşluqlar

Zamin Hacı

Zamin Hacı

25 avqust 2022
# 08:55

Kulis.az Zamin Hacının "Başımdakı boşluqlar, yaxud eşşək körpüdə duranda" adlı yazısını təqdim edir.

“Çəkilin, tuş gəlməsin
Kimsə daşıma indi.
Sümüyümə düşən hava
Gəlir başıma indi”

(Pərviz)

Bakıda çoxlu şair, yazıçı, artist, musiqiçi heykəli var. Gündən-günə də artırlar. Qıraqdan baxan elə bilər biz bütün başqa işlərimizi həll eləmişik, ancaq sənətkarlıqla məşğul oluruq. Mən özümü tanıyandan həmişə fikirləşmişəm ki, niyə biz alimlərə, xüsusən həkimlərə heykəlləri ya az qoyuruq, ya da heç qoymuruq? (Heykəlbaz deyiləm, misal üçün fikirləşirəm).

Məsələn, hörmətli oxucularımız üçün indi 3 ad çəkəcəyəm: Cozef fon Merinq, Stüart Adams və Con Nikolson. Böyük ehtimalla, bu adlar sizə heç nə demədi. Mən də tanımırdım. Ancaq bir neçə il qabaq uşaq qızdırma içində yananda mən bu bəylərin adını internetdən tapmışdım. Merinq parasetamolu, Adams və Nikolson isə ibuprofen-i kəşf eləyib. Hər il milyonlarla insanı qızdırmadan, cürbəcür ağrı və iltihablardan xilas edən bu adamlara Bakıda heykəl qoyulmasını arzulayıram. Əsl ziyalı nurofeni kəşf edən adamdır. Söz oynatmıram.

Başına gələn başmaqçı olar, mənim başımda bir axmaq problem var: kondisioner soyuğu vursun, çox buzlu suyu qəfildən içim, vəssalam, azı bir həftə mələməyə məcburam. Bu problemin adı qaymoritdir və kimdə olubsa, şübhəsiz, bunun adının niyə qemorroya oxşadığını da bilir. Aşağı-yuxarı ikisi də eyni xəstəlikdir, sadəcə, yerləri əks qütbə düşmüşdür. Bu təxminən bozqurd olub Putini dəstəkləmək kimi bir şeydir.

Xülasə, mən bu yay yenə qaymorit olanda qərara gəldim bu zibili ətraflı öyrənim. Ortaya qəribə nəticələr çıxdı. Sən demə bizim başımızda çoxlu boşluqlar var. Sözün əsl mənasında başımız boşdur, biləsiniz. Boşluqlar burun ətrafından başlayaraq üzü yuxarı qalxır, alında qurtarır. Hər boşluğun da öz iltihabı, brend xəstəliyi varmış. Üzdə, qaymor boşluğunda olanın adı qaymoritdir, alındakı boşluqda olan frontitdir, üzdən alına keçən hissədə qəfəsli labirintin (sifətimizdə belə bir boşluq da gəzdiririk, xəbəriniz olsun) xəstəliyi etmoidit adlanır.

Elə bilirsiniz andıra qalmışlar qurtardı? Yox. Bir də pazşəkilli boşluq var, onun içində türk yəhəri adlı sümük! Hə, adı elmi şəkildə bu cürdür. Yəqin ora iltihab olanda adamı at kimi çapır və türkün sözü, xəstəyə paz çalır. Xülasə, həmin pazşəkilli boşluğun iltihabı da sfenoidit adlanır. UZİ-dən salamat çıxan qız uşağına Sfenoidita adı qoymaq olar.

Əziz dostumuz Seymur Baycan nəsə yaxşı bir şey yazanda görürsən deyir: “Boşluğa toxunmuşam”. Mən də üzümdəki boşluqlara toxuna-toxuna fikirləşdim ki, ayə, əgər dindarların dediyi kimi, biz kainatın əşrəfi, yaradılışın zirvəsi, nə bilim, tanrının surəti-filanıqsa, başımızda bu qədər boşluğu niyə daşımağa məhkumuq? Elə soyuq vursun, ulaya-ulaya qalaq, yalnız bundan ötrümü?

Məhz elə bundan ötrüymüş! Başımızdakı bu boşluqların hər hansı funksiyası yoxdur. Bəzi ehtimallar var ki, həmin boşluqlar kəllə sümüyümüzü yüngülləşdirmək üçündür. İkinci versiya budur ora hava dolur, beyin soyuyur. Guya çox baş işlədirik, başımız qızır. Boş söhbətdir. Adam tanıyıram, 80 il yaşayıb, beynini 8 dəqiqə işlətməyib. Daimi beyin temperaturu 16 dərəcədən yuxarı qalxmayıb.

Nəhayət, üçüncü versiya çox romantik bir söhbətdir və saytımıza uyğun gəlir. Guya sifət boşluqları səsimizə tonallıq vermək üçündür. Həqiqətən, qaymorit olanda mənim səsim batır, danışmağa sıfır həvəsim olur. Ancaq adi vaxtda da Maqomayev deyiləm axı. Bu nəzəriyyəyə görə isə sifət boşluqları sayəsində milyardlarla insan unikal səs tonu əldə edirmiş. Dəhşət vacib idi elə.

Elementar “kolonka”nı düzgün qura bilməyən yaradana mən nə deyim, ondan nə umum? Belə bir şey mümkündürmü?

Yazını isə Ömər Xəyyamın həyatı haqda kitabdan bir ibrətli əhvalatla bitirirəm, çünki qaymorit olanda adam çox fikirləşə də bilmir, hamınıza can sağlığı, dolu sifət və dolu həyat arzulayıram:

“9-cu əsrdə yaşamış alim, filosof Əl-Əşəri uşaq vaxtı müəllimi Cübbəiyə dərsdə sual verdi: “Üç qardaş var idi. Onlardan biri mömin kimi, o biri günahkar kimi, üçüncü isə uşaqkən öldü. Öləndən sonra onların taleyi necə olacaq?” Cübbəi cavab verdi: “Aydın məsələdir, mömin cənnətə, günahkar cəhənnəmə düşəcək, uşaq isə nə orda, nə burda, cənnətlə cəhənnəm arasında orta bir vəziyyətdə qalacaq”. Belə olanda Əşəri başqa sual verdi: “Əgər uşaq Allaha şikayət eləsə, ondan soruşsa ki, cənnətə düşmək üçün Allah niyə ona xeyirxah işlər görməyə imkan verməmişdir, Allah nə cavab verər?” Cübbəi gülümsədi: “Sən ki bilirsən, Allah insan üçün daha faydalı olan bir şeyi yalnız yarada bilir. Allah cavab verər: “Mən bilirdim ki, sən böyüsən günahkar olacaqsan, özün üçün cəhənnəm əzabları qazanacaqsan, buna görə mən səni əvvəlcədən həyatdan məhrum etmişəm”. Əşəri burada etiraz elədi: “Onda günahkar qardaş ümidsizcəsinə deyər: “Xudaya! Bəs nə üçün sən məni uşaq ikən öldürmədin, günahkar olmağa imkan verdin?” Allah buna nə cavab verər?” Cübbəi karıxdı və “şeytan tovlamasıdır” sözlərini pıçıldaya bildi. Amma yenilməz Əşəri bildirdi: “Görürsənmi, müəllim, sənin eşşəyin körpüdə durdu. Sənin nəzəriyyən bu qədər təriflədiyin ağlın tənqidinə tab gətirə bilmir”.

# 2896 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #