Zirzəmiyə atılan Azərbaycan kitabı

Zirzəmiyə atılan Azərbaycan kitabı
7 oktyabr 2021
# 09:00

Kulis.az Zamin Hacının “Kanalizasiyada kitab sərgisi” yazısını təqdim edir.

Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?

Sabir

Yaddaşımı qurdaladım, getdiyim ilk kitab sərgisi deyəsən, 1990-cı illərin ortalarında, Bakıda, “Gənclik” metrostansiyası yaxınlığındakı böyük idman salonunda olmuşdu. Biz ora qısaca “Manej” deyirdik, ali məktəbdən idman dərslərini keçmək üçün ora gedərdik.

Çox əsəbi adam olan idman müəllimimiz Adil müəllimi də xatırladım. Deyirdilər, vaxtilə güclü voleybolçu olub. Görəsən, sağdırmı? İndi “Manej”də nə yerləşir, bunu da bilmirəm.

Həmin “Manej”də açılan sərgini isə Türkiyə qurmuşdu. Yetərincə böyük idman salonu seksiyalara bölünmüşdü, çoxlu sayda türk nəşriyyatları yüzlərlə, minlərlə kitabı gətirib bizə sözün əsl anlamında bayram yaşatmışdılar.

Məsələn, mən ordan Orxan Vəlinin “Bütün şeirləri” adlı kitabını almışdım, indiyəcən şəxsi kitabxanamda qiymətli yerlərdən birini tutur.

Mövlanənin “Məsnəvi”sini almağa pulum çatmamışdı. Sonralar İstanbulda tələbə olan qardaşıma aldırdım.

O illərdə Bakıda qəzetdə işləyən adamın imkanı Türkiyədəki tələbənin imkanlarından aşağı idi. Kasıb, qarışıq illər, dövlət çevrilişləri yaşamış, müharibədən çıxmış və ən pisi, bunu uduzmuş ölkənin vətəndaşlarıydı.

Ancaq böyük salonları kitab sərgisinə ayırırdıq.

O zamanlar İstiqlaliyyət küçəsinin ən görkəmli yerlərində azı dörd kitab dükanı vardı. İndi o yerlərdə cır-cındır satırlar.

Tələbat dəyişib.

Bugünlərdə eşitdik Əl Oyunları Sarayında (Bakı İdman Sarayında - red.) kitab sərgisi olacaqdır. Arvad-uşaq, yığışıb ailəlikcə getdik. Mən rəsmi geyim xoşlayan deyiləm, o üzdən uşaqlar pencək geydiyimə təəccübləndilər. Əslində isə onlarda kitab sərgisinə “bir bayrama gedirik” ovqatı yaratmaq istəmişdim.

Alınmadı.

Güldülər.

Mən də qaçış üçün aldığım idman köynəyini geyindim, yola düzəldik. Nə də olsa adından məlum: idman sarayına gedirdik.

Hələ pandemiyadan öncə bu sarayda bir dəfə də kitab sərgisinə getmişdik. Lakin o vaxt bütün meydanı sərgiyə ayırmışdılar, yetərincə genişlik vardı, nəşriyyatlar, satıcılar gen-bol yerləşmişdi. İndi isə idman sarayının girişini, pilləkənləri və... zirzəmisində bir parça yeri kitaba layiq bilmişdilər.

Nəticədə hamı bir-birinin qarnına girmişdi. Bilinmirdi “Qanun” harda başlayır, “Mücrü” harda bitir... Qısaca, qanunsuz vəziyyət idi. (Gülməli olmayan söz oyununa, uğursuz kalambura görə üzr diləyirəm).

Azərbaycanda modern postmodern ədəbiyyatın, ümumiyyətlə kitabın, yazı-pozunun inkişafında böyük, sözün əsl mənasında inqilabi rol oynamış yazıçı Rasim Qaracanı “Alatoran” nəşriyyatına ayrılan “lotereya masası” arxasında görmək ayrı dilxorçuluq idi.

Hal-əhval tutduq, nəşriyyatın təzə yerə köçdüyünü dedi: “Elmlər tərəfdə yeraltı keçiddə...”

Ardını dəqiqləşdirmədim.

Utandım.

Yalandan dedim, yaxşı tanıyıram, inşallah, gələrəm.

Kitab yeraltı dünyanın (ironiya şeytanı qulağıma fısıldayır: “andeqraunddur da bə”) personajına çevrilibsə, nəşriyyat və kitab sərgisinin zirzəmiyə salınması təbii haldır.

Hələ o dəhlizə şükür eləməliyik. Bu mədəni “təkamül” sayəsində bizi hansı perspektivlər gözləyir?

Məsələn, yaxın illərdə kitab sərgisini kanalizasiyanın içində keçirsək, bəlkə daha qəribə, maraqlı, dünyaya səs salan olar?

Bəlkə yazıçıları qurbağaya çevirək?

Bir anlığa ayağında uzun, sukeçirməz çəkmələrlə çirkli suları yararaq borunun içərisində irəliləyən Nigar Köçərlini təsəvvür elədim. Sən demə hansısa müəlliflərin çox sulu kitabları boruda tıxac yaratmışdır, açmağa çalışırlar. Lazım gəlsə, xüsusi proqramı hazırlansın.

Azərbaycan kitabının və kitabçısının həyatından orijinal animasiya filmləri çıxar.

Lazım gəlsə yazdım... Sərgidə aldığım kitablardan biri Rasim Qaracanın “Mənim həyatımı yaz” kitabıydı. Orada “Lazımı gözləyərkən” adlı pyes də var. Yaxşı anlamda təəccübləndim – Rasim Qaracanı yaxşı şair, yaxşı yazıçı, yaxşı tənqidçi, yaxşı naşir kimi tanıyırdım, sən demə, yaxşı dramaturq tərəfi də varmış.

Bu absurd pyesdə hamı Lazım adlı kişini axtarırdı, axırda...

Yazsam maraqsız olar, kitabı özünüz alın, oxuyun. Bircə onu spoyler verim ki, pyesdə Lazım kişi pilləkəndə kitab sərgisi açmamışdı.

# 6845 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #