Yeni dünya və onun yeni peyğəmbəri 

Yeni dünya və onun yeni peyğəmbəri 
20 aprel 2020
# 12:04

Kulis.az Şərif Ağayarın “Yeni dünya və onun yeni peyğəmbəri” essesini təqdim edir.

Yazıçı Çingiz Aytmatov müsahibələrinin birində ona verilən “Sizcə doğrudanmı Məhəmməd sonuncu peyğəmbərdir?” sualına belə cavab vermişdi: “Elmin bu qədər inkişaf etdiyi indiki dövrdə elə bir varlığın meydana gəlməsi mümkün deyil ki, bütün insanlardan artıq nəsə bilsin və onları müjdələsin. Bu mənada Məhəmmədin son peyğəmbər olması məntiqi mühakimədir.”

“Əsrə bərabər gün” romanında keçmişi (Nayman ana), indini (Boranlı Yedigey) və gələcəyi (Kosmos) bir arada tutmağı bacaran böyük yazıçı suala cavabında İmam Əlinin laməkan Allahı qavramaqda çətinlik çəkən qoca atası Əbu Talibə bənzəyir və xeyirxah kafir obrazında görünür. Çingiz ağa da o müsahibəni verəndə xeyli yaşlı idi və yeni dövrü hiss etməkdə çətinlik çəkirdi. Əslində, həmin vaxt növbəti peyğəmbər – bütün insanlardan çox bilən o varlıq zühur eləmişdi artıq və dünyanı sürətlə öz hökmləri altına almaqdaydı.

Qadınından diz çöküb ayrılan KÖHNƏ KİŞİ: Çingiz Aytmatov | Arazinfo

Bu, həmin dövr idi ki, bioloqlar əzəli-əbədi “inanc”larına xəyanət edərək, insan orqanizminin alqoritmlərdən ibarət olduğunu bəyan etmişdilər və bununla da orqanikliklə qeyri-orqanikliyin sərhədi itmişdi. Artıq texnika həm də bioloji xarakter alaraq orqanizmə müdaxilə etmək imkanı qazanırdı və yaxın gələcəkdə baş verənlər Çingiz ağanın ağlının ucundan da keçməzdi.

Orqanizmin bütünlüklə alqoritmlərlə işlədiyi sübut olunandan sonra bəşəriyyətin gəlib çatdığı ən ali dəyər olan liberalizm çökməyə başladı. Çünki artıq fərdi qərarlara etibar eləmək olmazdı. Biz müxtəlif alqoritmlərin təsiri ilə müxtəlif seçimlər edə bilirik və çıxardığımız nəticə şübhə altına düşür. Yaxud, içimizdən çoxlu həqiqətlər doğur və seçim eləməkdə çətinlik çəkirik.

Tarixçi-filosof Yuval Harari alqoritmlərin təsiri ilə gerçəkləşdirdiyimiz hərəkətləri təcrübi mənliyin töhfəsi hesab edir. Lakin insan həm də hekayəçi mənlikdən ibarətdir. Yəni, o, gördüyü işin, etdiyi hərəkətin adını qoymağa, ona bir əhvalat quraşdırmağa ehtiyac hiss edir. Başına gələnlərin adını qoymayıb, əhvalatını tapmayanda narahat olur, qeyri-müəyyənlik içində qalır.

Bu yerdə bizim Xoca Nəsrəddinin bir lətifəsi gözlənilmədən qapımızı döyür: Ona deyirlər, düşmən gəlib, burnumuzun ucuna dirənib, bu saat kəndi işğal edib hamımızı öldürəcəklər, vəzndə yüngül, qiymətdə ağır nəyin varsa götür, qaç. Xoca deyiləni edir, lakin kəndin çıxacağında iki-üç oğru qabağını kəsib hər şeyini əlindən alır və onu döyməyə başlayır. Nə baş verdiyini anlamayan Xoca Nəsrəddin oğrulara deyir: “Məni niyə döyürsünüz? Az gətirmişəm, yoxsa gec gəlmişəm?”

Bəli, o anda Xoca Nəsrəddinə var-dövlətini xilas etməkdən çox lazım olan başına gələn əhvalatın hekayəsini tapmaq, ona bir ad qoymaq idi. Misal üçün, oğrunun biri “Keçən il səndən filan xahişi elədim, məni eşitmədin” desə, Xoca rahatlayar, düşdüyü vəziyyətin qeyri-müəyyənliyindən çıxardı.

Johnson - Liberal blues | Books and arts | The Economist

Xalq şairi Hüseyn Arifin başına gələn əhvalat da bu kontekstdə maraqlıdır. İçki məclislərinin birində qarşısıalınmaz daxili alqoritmin təsiri ilə qonşu stolda oturan gürcülərin də hesabını ödəyir və az sonra peşman olur. Düşünür, düşünür, axır hekayəçi mənliyini dilə gətirərək, etdiyi hərəkətə unikal bir hekayə uydurur: “Qoy gedib, Tiflisdə Azərbaycan şairlərinin səxavətindən danışsınlar!”

Beynəlxalq arenada təcrübi və hekayəçi mənliyi biri-birindən ayırmaq üçün daha çox bu misaldan istifadə olunur: Pentaqon Xarici İşlər Nazirliyindən xəbərsiz Əfqanıstanda əməliyyat keçirir və biabırçı məğlubiyyətə uğrayıb çoxlu maliyyə vəsaiti və canlı qüvvə itirir. Kütləvi İnformasiya Vasitələri əməliyyatı işıqlandıran kimi ABŞ xalqı ayağa qalxır, hökumətdən izahat istəyir. Bu vaxt ölkə rəhbərliyi Xarici İşlər Nazirliyinə baş verənlər haqqında inandırıcı hekayə düzəltmək göstərişi verir. Nazirlik ən güclü diplomatlarını yığaraq xalqa faktlara əsaslanan tutarlı bir açıqlama təqdim edir, adamları ABŞ-ın ümumxalq maraqları və geosiyasi çıxarlar naminə belə bir addım atmağa məcbur qaldığına inandırır.

Pentaqon və Xarici İşlər Nazirliyi bizim içimizdə də var. Dərindən düşünsək, həyatımızın təcrübələrə əhvalat düzəltəməkdən, bəzən uydurmaqdan, bəzən uydurub hamını və hətta özümüzü inandırmaqdan ibarət olduğunu görəcəyik.

Təsəvvür edin, biz Polşada ayağını itirən Böyük Vətən Müharibəsi əlilinə yaxınlaşıb deyirik: Əmican, sən heç nədən ötrü ayağını fəda etmisən, qərhəman-zad deyilsən, İkinci Dünya müharibəsində 50 milyon sovet vətəndaşı ölüb, anlayacağın, Almaniyanın gülləsi adamları qırıb qurtarmağa çatmayıb, heç kəs Stalinin öz vətəndaşlarını bu qədər amansızlıqla güllə azğına verəcəyini ehtimal eləməmişdi, bu, bir dəhşət idi və bundan da dəhşətlisi, müharibədən cəmi 50 il sonra uğrunda canını fəda etdiyin yalançı ölkə dağıldı, o ərəfələrdə Bakıda bizim özümüzü güllələdi, azadlıq hərəkatını qanla boğdu, daha sonra düşmənin arxasında dayanıb Xocalı qətliamını törətdi, torpaqlarımızı işğal etdi və s.

Adam haqlı olaraq əsasını qaldırıb başımıza çırpacaq. Çünki onun baş verənlərlə bağlı ayrı hekayəsi var. O, ayağını vətən uğrunda, ana-bacı uğrunda, hətta sənin uğrunda qurban verdiyini düşünür. Əslində, müharibə əlili təcrübi məninin sayəsində sənin dediklərində həqiqət payı olduğunu yaxşı bilir, lakin hər dəfə hekayəçi məni mikrofonu alıb onu başqa nağıllara inandırır.

Söhbət ayağını itirən ağsaqqalın doğru, yoxsa yanlış düşünməsindən getmir, söhbət fərdi qərarın legitim olmamasından, dolayısı ilə fərdiyyətçiliyin, yəni liberallığın bir nəzəriyyə olaraq gerçəyi tam ifadə edə bilməməsindən gedir.

Kibernetikanın gözlənilməz inkişafı və yeni peyğəmbərin, yəni İnternetin gəlişi liberalizmin getdikcə köhnəldiyini göstərdi. Artıq biz özümüzdən çox bilən cihazlarla hərlənirik. Bir azdan onlar səhhətimiz, bədənimizə daxil olan mikroblar, siyasi düşüncələrimiz, oxuduğumuz kitablar, görüşdüyümüz qadınlar haqqında bizdən daha çox bilgiyə sahib olacaqlar. Çünki biz unuduruq, onlar yadda saxlayır. Misal üçün, o vaxt gürcülərə pul xərcləmək istəyən Hüseyn Arifin əlində ağıllı “Cortana” proqramı olsaydı, ona deyərdi: “Qağa, (məhz qağa deyərdi, çünki qazaxlıların bu müraciətindən Söyün qağanın xoşlandığını anındaca öyrənəcəkdi – Ş.A.) dörd aydır “Azərbaycan” jurnalından qonorar gözləyirsən, aşağı-yuxarı 300 manat almısan, itə də bir əppək borcun var, arvad-uşaq səndən pul gözləyir, evə gedəndə başını aparacaq. Gəl bu Səməd Vurğun kompleksindən birdəfəlik qurtar. Sən o deyilsən axı!”

Likör HD masaüstü duvar kağıtları bedava indir | Wallpaperbetter

Bir neçə il sonra əlimizdəki ağıllı cihazdan soruşacağıq: Qonaqlıqdayam, görəsn likör içim, yoxsa viski! Cihaz cavab verəcək: Siz 11 mart 2022-ci ildə sevdiyiniz xanımın rəfiqəsinin “Tonqal” restoranında keçirilən ad günündə likör içdiniz, axşam təzyiqiniz normadan 10 şkala yuxarı idi və səhər bir balaca allergiya verdiniz. Viskini isə iş yoldaşlarınızla birgə keçirdiyiniz 8 Mart bayramında içdiniz, ürəyiniz bulandı. Ona görə, araq daha məsləhətlidir.

Yaxud, seçkilər keçirilir, biz iki namizəd arasında tərəddüd edirik, ağıllı cihaza yazılmış müvafiq proqramlardan biri o saat köməyimizə çatır, hansı deputatı seçəcəyimizə bizi faktlarla inandırır. Ağıllı cihazlar dost seçməkdə, evlənməkdə, şeir yazmaqda, musiqi bəstələməkdə də bizə yardımçı olacaq.

Yazdıqlarım çox da uzaq ehtimal deyil. Bir neçə il öncə fiziki cəhətdən zəif olan iş yoldaşımın işdən çıxanda möhkəm üşüdüyünü gördüm. Ona nəvazişlə dedim: “Bir az qalın geyin, havalar hələ qızmayıb!” Cavab belə oldu: “Səhər tezdən Siridən soruşdum, dedi, isti olacaq!”

Budur, artıq burnumuzu eyvana çıxarmaq əvəzinə ağıllı cihazların qərarını dinləyirik və zamanla bu qərarların doğruluğunu gördükcə fərdi seçimlərimizə ehtiyac qalmır.

Google To Shut Down Most Of Google+ Due To "Very Low Consumer ...

İndi Goggle ağlagəlməz beynəlxalq layihələr üzərində işləyir və çox da uzaq olmayan zamanda biz xidmət sektorunda çalışan həkimlərdən, müəllimlərdən, taksi sürücülərindən, ofisiantlardan və s. demək olar, tamamilə imtina edəcəyik. Bu gün “Uber” xidməti nəinki maşına əl eləmək, sürücüylə qiymət danışmaq, alınmasa, başqa bir maşına yanaşmaq adətini, hətta telefonla taksi çağırmaq reallığını da tarixin yaddaşına göndərib. Bir azdan isə sürücüsüz taksi xidmətlərindən istifadə edəcəyik. Taksi sürücüləri fayton atlarını şəhər küçələrindən necə qovdularsa, xüsusi proqramların idarə etdiyi maşınlar da onları elə qovacaq.

50 il Bakı şəhərində taksiçilik edən və hər dəlmə-deşiyə bələd olan təcrübəli bir sürücü belə küçələrin vəziyyətini “Waze” proqramı qədər mükəmməl bilə bilməz. Taksiçi uzağı daxili alqoritmlərin hesabına canlanan təcrübi mənliyini dindirər və bizi razı salmağa meylli hekayəçi mənliyini dilə gətirər. “Waze” isə əlimizdədir, hər şeyi dəqiqliklə göstərir və qətiyyən yanılmır.

Seçimimizi Google-a və internet proqramlarına etibar etdikcə nəinki hekayəçi, hətta təcrübi mənliyimizdən də imtina edəcəyik. Bizə dayanmadan yüksək səviyyəli xidmətlər təqdim edən yeni peyğəmbərə o qədər inanacağıq ki, hətta bu gecə xanımla yatım, yoxsa yox seçimini də ona həvalə edəcəyik. Və beləliklə bizi 30 il bir yastığa baş qoyduğumuz qadından daha yaxşı tanıyan bir sistemlə üz-üzə qalacağıq.

Bizi bizdən yaxşı tanıyan bu bilgilərin ipini əlində saxlayanlar dünyaya əbədi hökm etmək imkanı qazanır. ABŞ və NATO-nun silahlı güclərinin on illərlə qan tökə-tökə əldə edə bilmədiyini ağıllı cihazlar sayəsində çox asan yolla əldə edirlər.

NYTimes' bestselling author Yuval Noah Harari is coming to OMR19 ...

Y.Harari məşhur “Homo deus” kitabında qəribə bir misal çəkir. Müstəmləkəçi avropalılar bəzi adaları yerli əhalidən al-əlvan muncuqlarla satın alırdılar. Bizsə dünyanı müxtəlif oyunlar, e-mail və MSN yazışmaları, “Qocalanda kimə oxşayacaqsan?”, “Neçənci ildə öləcəksən?” tipli əyləncələr müqabilində əsrin peyğəmbərinin qədəmlərinə səririk.

Liberalizmin tədricən aradan qalxması ilə bütün qərarlarını ağıllı cihazlara həvalə edən, fərdi özəlliyini itirib biri-birinə bənzəyən insanlardan ibarət virtual cəmiyyət formalaşacaq. Üstəlik, super güclərin əlində bu cəmiyyətin hər üzvü haqqında geniş məlumat bazası yığılacaq. Beləliklə, dünyanı idarə etmək və istənilən istiqamətə yönəltmək inanılmaz dərəcə asanlaşacaq. Bu idarəçilik prosesində iştirak etməyi bacaran insanlara çəkinmədən superinsanlar deyə biləcəyik.

Koronavirus təhlükəsi virtual dünyanın formalaşmasına inanılmaz töhfə verdi, onu ağlagəlməz həddə sürətləndirdi! Qəribədir, virusun hər bir fərddə fərqli mutagen xassə daşıması sanki fərdi xüsusiyyətləri çağın virtual totalitarizminə nişan verir və hədəf anındaca nəzarətə götürülür.

Sanki koronavirus yeni peyğəmbərə biət etməyənlərə qarşı cihada çıxıb. İndi evlər bir az da yerə sancılan ağ bayrağa bənzəyir: sağ qalmaq istəsən altına yığışsın!

Biz Ömərdən qorxub Məhəmmədin əlini öpən bütpərəstlər kimi pandemiyanın vahiməsindən virtual peyğəmbərə sitayişdəyik.

Ona görə, dünyanın super gücləri nə qədər and-aman eləsələr də adamları koronovirusun bir bioloji silah olmadığına inandıra bilmir.

Yer planetinin tərəqqipərvər sakinləri Nitsşenin nəzəri, Hitlerin praktiki şəkildə yaratmağa çalışdığı superinsan, üstinsan modelinin yaranma ərəfəsinə qədəm basıb. Görünür, ali irq nə düşüncəylə, nə də silahla yarana bilərdi. Bunun üçün dünyanın tamamilə virtuallaşması və insanları küll halında bu dünyaya toplamaq üçün mutagen xassəli bir virusun yayılması lazımmış.

Yeni dünyaya xoş gəlmisiniz!

# 5109 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #