Xalqın yanında olmayan Xalq artisti

Xalqın yanında olmayan Xalq artisti
11 aprel 2020
# 15:19

Son illər şöhrətin zirvəsinə çatmış, məşhur sənət adamlarımızdan, xalq artistlərimizdən xalqla bağlı müxtəlif dolaşıq fikirlərin səslənməsinə şahid oluruq.

Necə deyərlər, xalq olaraq artıq buna öyrəncəli olmuşuq. Hətta bəzən bu reallıq hissi o qədər itik düşür ki, onlar doğru söz deyəndə də onu elə üslubda deyirlər ki, haqlı ola-ola haqsız duruma düşürlər. Ona görə də, xüsusilə sənət adamı, harda hansı sözü demək, onu necə seçmək barədə yaxşı düşünməlidir. Xalqla yüksək tonla, müxtəlif aksentlərlə danışmaq yolverilməzdir. Ötən gün Xalq artisti Afaq Bəşirqızının “söylüvari köntöylüyü” də onun sosial şəbəkələrdə, mətbuatda haqlı olaraq linçlənməsinə səbəb oldu.

Afaq xanım rayonlardan gəlib paytaxtlarda məskunlaşan əyalət insanlarını nəzərə tutaraq bildirir ki, insanların Bakıya gəlib məskunlaşması, kasıblıq və ehtiyac içərisində dünyaya uşaq gətirməsi, sonra da həmin uşağı qucağına alıb hansısa verlişə çıxıb uşaqlarının xəstəliyinə görə pul istəməsi və məlum karantin günlərində Bakıda məskunlaşan əyalət insanının dövlətdən yardım umması doğru deyil. Afaq xanım daha sonra vurğulayır ki, bu birbaşa elə əyalətdən gələn insanların günahıdır. Çünki kənddə yaşamaq əkib-becərmək, öz gücünə dolanmaq varkən paytaxta gəlib onun toz-torpağını udmaq nəyə lazımdır?

Yaxşı ki, Afaq xanım torpağı işal olunan məcburi köçkünləri nəzərə almayıb. Buna da şükür...

Heç kim rahat evini-eşiyini, dolanışığını qoyub bir addım da kənara ayaq basmaz. Bunun üçün illərdir rayonlarda yaşayan milyonlarla insanı misal gətirmək olar. Yaşayışları və dolanışıqları imkan verir ki, onlar öz rahatlıqlarını qoyub kənara çıxmasın. Onları nə paytaxt, nə də paytaxtın gözqamaşdırıcı əyləncəsi də maraqlandırmır. Yediyini yeyir, içdiyini içir, ürəyi istəyəndə də ayda, ildə bir dəfə paytaxtına gəlib qayıdır gedir yenə öz isti yuvasına.

Yəni kasıb və günəmuzd adamların kefindən Bakıya axışır fikri kökündən yalnışdır. Ola bilər ki, bizim insanımız müəyyən qədər tənbəl olsun, torpağını əkib becərməsin, mal-qara saxlamasın və.s. Lakin, məsələ burasındadır ki, kənd təssərüfatının bir külfəti dolandıracaq qədər artımlı olması təkcə kəndlidən asıllı deyil.

Bir neçə il əvvəl rayonda yaşayan qohumlarımızdan birinə qonaq getmişdik. Böyük nar və heyva bağı olan qohumumuzun bağına girərkən məyusedici mənzərə ilə qarşılaşdım. Torpağın üzərinə tökülüb qalmış sapsarı iri heyva və narlar yiyəsiz mal kimi xarab olub, çürüyürdü. Qohumumdan bu vəziyyəti xəbər alanda dərdini yanıqlı-yanıqlı dilə gətirdi. Məlum oldu ki, paytaxtda baha qiymətə satılan bu meyvələri alverçilər kilosu otuz, iyirmi qəpikdən belə almağa razı olmurlar. Nəticədə ilboyu əziyyət çəkib bağbağat yetişdirən kəndlinin zəhmətindən əldə etdiyi gəlir heç bir aylıq dolanışığa da çatmır.

Belə olan halda Afaq xanımın nəzərdə tutduğu ayağı çarıqlı kəndçi balası haqlı olaraq il uzunu min bir əziyyətlə, əlləri qabar-qabar olanadək nar, heyva ağacı əkməkdənsə, Bakıda kondisioner ustası, maşın yağlayan, hətta ofisant, qabyuyan işləməyi üstün tutur. Nəhayətində hamı yaşamaq istəyir. Şəhərə kütləvi axın isə demoqrafiq problem yaradır, paytaxtda insanların sıxlaşması baş verir ki, bu da uzun illər şəhər mühitində yaşayan insanların narahatlığına səbəb olur. Sovet dövründə bu kimi hallar müəyyən qaydalarla tənzimlənirdi. Lakin müstəqillik dövründən, son otuz ildə ölkəmizdə baş verən məlum hadisələrdən sonra bu hal müəyyən mənada əndazədən çıxdı. Bu gün heç kimə Bakıya gəlməyi qadağan etmək olmaz. Bakıya gəlmək, burada yaşamaq cinayət deyil. Azərbaycan Konstutisiyasına görə Azərbaycan vətəndaşı ölkəsinin istənilən ərazisində yaşamaq hüququna malikdir. Bu hüquqdan onu heç kim məhrum edə bilməz.

Afaq Bəşirqızı səsləndirdiyi fikirlərdə söz arası qeyd edir ki, o, özü hal-hazırda Bakıdakı bağ evində yaşayır. Çünki o, ürək əməliyyatı keçirdiyi üçün təbiətlə təmasa ciddi ehtiyacı var. Burda, necə deyərlər, qəribi ağlamaq tutur. Bizim paytaxt insanı təbiətə məhz ehtiyacı olan anda ora üz tutur. Bağ evindən ya səhhəti, ya istirahəti, ya da xaricdən gələn qonağını qarşılayıb ona qonaqlıq vermək üçün istifadə edir. Ancaq dünya praktikasında artıq çoxdandır ki, “Daunşiftinq” adlı yaşam tərzi mövcuddur. Bu yaşam tərzində insanlar paytaxtdakı biznesdən və ya gərgin işdən uzaqlaşaraq öz maraqları və ailələri üçün daha çox vaxtın qalmasına çalışırlar. Bu cür insanlar özləri üçün yaşayır, minimal əmək haqqına qane olurlar. Bununla da onların özlərinə çox zamanı qalır və həyatdan zövq almağa nail olurlar. Misal üçün bir qrup intellektual rus ziyalısı bu cür yaşam tərzini əsas götürərək şəhər həyatı ilə vidalaşıb bir dəfəlik kənddə yaşamağa başlayır. Onlar orda hinduşka saxlayır, qədim rus reseptləri əsasında müxtəlif otlardan dərmanlar, təbii vasitələr hazırlayırlar. Və həm də bütün bunlardan gəlir əldə edirlər.

Afaq xanımın da əsli-kökü bildiyimiz kimi ölkənin ən şux təbiətinə malik rayonlarımızdan birindəndir. Amma 40-50 il bundan əvvəl heç kim nə Afaq xanıma, nə də onun digər ailə üzvlərinə Bakıda yaşadığına görə irad bildirməyib. Təbii ki, onun məşğul olduğu sənət sahəsi bu məsələdə böyük səbəb ola bilər. Amma bizim əyalətlərimizin bir çoxunda teatrlar hələ əlli il əvvəldən fəaliyyət göstərməyə başlayıblar. Yəni ya zəlzələdən, ya da vəlvələdən Afaq xanım və onunla yanaşı yüzlərlə sənət adamımız əyalətlərimizin paytaxta hədiyyəsidir.

Nəhayət əsli-kökü əyalətlətdən olan bir insan, xalqın hesabına Xalq artisti adını qazanan, bəzi məqamlarda haqlı olsa belə, xalqla bu cür tonda danışmamalıdır. Təbii ki, Afaq xanımın fikirlərində müəyyən qədər həqiqət var. Amma bu həqiqətlə yanaşı həm də xeyli yalnış məqamlar və absurd nünaslar da olmamış deyildir. O, bəlli niyyətini də xalqın yanında dayanıb söyləməlidir. Afaq xanım isə əksinə hərəkət edir. O, öz üzərində fəxrlə daşıdığı Xalq artisti adının gətirdiyi prestijdən istifadə edərək xalqın başının üstündən durub xalqa qışqırır. Əgər bir xalq artisti məsələyə bu cür münasibət bildirirsə, bunu xalqı sevərək, onun yanında dayanaraq, onu hiss edərək başa salmalı, deməlidir. Əks təqdirdə insanların haqlı narazılığına və tənqidinə tuş gəlmək aqibəti baş verir.

# 11984 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #