Vətən savaşının gülər üzü

Vətən savaşının gülər üzü
15 iyul 2021
# 11:15

Bu gün Xudayar Yusifzadənin doğum günüdür.

Qalın bir meşədə güclü çovğuna düşürsən, yarpaqlara şıdırğı tökən və küləyin çəpəki hücumu ilə ağaclara, çəmənlərə, daşlara çırpılan yağışın şırıltısı selin səsinə qarışır, həm üşüyürsən, həm qorxursan, həm coşursan...

Lakin bütün həyəcanın sirri qaranlıqdadır. İçində yenilməz bir inam olsa da, qarşında bir az qeyri-müəyyənlik var; nə ilə üz-üzə gələcəyini tam dəqiqliyi ilə bilmirsən. Ölümü qaçılmaz olan bu səfərin sonu aydınlıqdır, əminsən. Amma bir ipucu mütləq lazımdır. Yapışıb yağışdan, çovğundan, seldən, bir sözlə, vahiməli qaranlıqdan sıyrılmağın üçün.

Bu vaxt ildırım çaxır, ətraf aydınlanır, bir anlıq yolunu-izini müəyyən edib inamla addımlayırsan və o bir anda gözünə, beyninə köçürdüklərin tükənincə növbəti ildırımın çaxmasını gözləyirsən.

Özünü çox gözlətmir.

İşığı-işığa calayıb keçilməz yerləri adlamağa çalışırsan...

44 günlük Vətən müharibəsini və burda canından keçən igid oğulların sosial şəbəkələrdə tutiya kimi izlənən videogörüntülərini gördükcə gözümüz önündə belə bir metafora canlanırdı. Qəribədir, onlar bizim üçün vuruşmaq, canından, qanından keçməklə bərabər həm də bizə təskinlik verir, yüksək əhval-ruhiyyələri ilə hər şeyin yaxşı olacağına qətiyyətlə inandırırdılar.

Yaxşı olan hər şey qurban tələb edir.

İgidlərimiz ilahinin verdiyi bəsirətlə arxada gözləməyin öndə döyüşməkdən heç də asan olmadığını görürdülər. Gözümüz rəsmi xəbərlərdə qalırdı. Gecənin hansı aləmindəsə hövlnak yuxudan qalxıb ifadəyə gəlməz həyəcanla telefona və kompüterə cumurduq.

Əcəba, yuxuda olduğumuz bu bir neçə saatda cəbhədə nələr olmuşdu?

Çoxmu itki vermişdik?

Daha haralar işğaldan azad olunmuşdu?

Ana südü kimi haqq elədiyimiz qələbəyə nə qədər yaxınlaşmışdıq?

İnternet məhdud...

Çöldə komendant saatı...

Ordan-burdan "oğurlayıb" smartfonumuza yazdığımız "VPN"lər heç olmasa bu gecə karlı çıxsaydı...

Bir yandan təhlükəsizlik naminə heç nə paylaşmasınlar deyirik, o bir yandan acgözlüklə əsgər videoları axtarırıq...

Əsgərlərimizin bir neçə dəqiqəlik, bəzən bir neçə saniyəlik görüntüləri; oxuyurlar, oynayırlar, zarafatlaşırlar. Necə də istedadlıdırlar. Hələ arxa cəbhəyə sevgi, yumor və ümid dolu ismarışlar da göndərirlər.

Əhval-ruhiyyə monitordan daşıb evimizin divarları arasına, ürəyimizin başına tökülür. Evimizə istilik, ürəyimizə sərinlik yayır.

Dua edirik.

Duadan başqa əlimizdən bir şey gəlmir.

Bu gərgin anların içində düşünməyə də vaxt tapırıq. Doğrudan tarixi anlar yaşayırıq. Bu özünəməxsusluq internet və sosial şəbəkələr dövrünün xəyala gəlməz sürprizləri ilə daha da cəzaibədar görünür. Sanki film izləyirik. Bircə fərq var ki, biz özümüz də bu filmin içindəyik və cərəyan edən hadisələr bütün obrazlar kimi bizim də taleyimizi müəyyən edir. Bizim üçün ölən və öldürənlər var. Həm də elə bu an, bu dəqiqə. Pafossuz, ritorikasız. Bizə minnət qoymadan. Əksinə, əlinə düşən hər saniyəlik fürsətdə pozitiv enerji ötürərək.

Onların çoxu oğlumuz yaşdadır. İnanılmaz istedadla vətən şərqiləri oxuyan bu gənc kimi...

1998-də doğulub.

22 yaşındadır.

Hələ bundan cavanları da var.

İlahi!

İki gün sonra "Vətən yaxşıdır" deyən gülər üzlü qəhrəmanımızın şəhid olduğunu eşidirik.

Ola bilməz!

Axı o gün necə inamla oxuyurdu.

Sanki inamla oxudunsa güllə sənə kar eləməz.

Elə o anlarda bu adamı təsadüfi tanımadığımızı anlayırıq. Heç nə təsadüf deyil, bəli! O da ki, şəhid ömrü ola. Halal ocaqlardan Tanrının bir-bir seçib müqəddəs amal uğrunda yanına çağırdığı insan cildli mələklər!

Böyük ustad Əliağa Vahid üslubuna çox da uyğun gəlməyən bu şeiri onun üçün yazıbmış, o biri ustad Əlibaba Məmmədov o mahnını onun üçün bəstələyibmiş.

Təbii, özləri bilmədən.

Bilən bircə Tanrı olub.

Biz də 44 günlük zəfər yürüşünün simasına çevrilən bu batıq yanaqlı, qıyıq gözlü balamızı tanıyan, qəhrəmanlığına şahid olan, onun üçün göz yaşı tökəndən sonra anladıq taleyin qaçılmaz hökmünü.

Çox keçmir Əlibaba Məmmədov Tanrının iradəsini anlayır və onun istəyini həyata keçirir, mahnıya şəhidimizin adını verir: “Xudayar təsnifi”.

Müğənnilər efirdən, mətbuatdan etiraflar yağdırırlar: o, bu təsnifi başqa cür oxuyur. Onun "dağların başında dumandan qurduğu xeymə" bizimkindən deyil. Çünki biz sözdə qurmuşuq bu xeyməni, o gerçəkdə. Adam yaşadığını daha yaxşı ifadə edir. Həm də baxır o xeyməni hansı dağın başında qurursan. O xeyməyə, o dağa, o dumana sevgini hansı yolla göstərirsən. Vətənə hər şeyimiz fəda! Buna söz yox. Amma fəda qıldıqlarımızın içində öz canımızdan dəyərli nəsə varmı? Yoxdur. Vətən yaxşıdır deməklə deyil, əsl kişi bunun doğrudan da belə olduğunu öz həyatı bahasına sübuta yetirəndir.

Hər müharibənin bir əfsanəsi olur. Xudayar Yusifzadə Vətən müharibəsinin gülər üzünə çevrildi. Səsindəki nisgilli ümid həm özünün, həm də özündən əvvəl və sonra həyatını itirən soydaşlarının xatirəsinə əbədi abidə oldu. Bir dəqiqəlik kadr 44 günün şifrəsinə çevrildi. Onun təbəssümündə qələbə sevincinin qığılcımlarını sezmək çətin deyildi. Özü də Murovdan, Füzulidən, Cəbrayıldan gedib Zəngilana - Vətənin son nöqtəsi olan Ağbəndə çıxmışdı. Elə ordan da dağların başında əbədi qurduğu duman xeyməsinə çəkildi.

Ruhu şad olsun!

# 3340 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #