Uğursuzluq və xaric oxumaq haqqında ballada

Uğursuzluq və xaric oxumaq haqqında ballada
13 dekabr 2019
# 21:00

Kulis.az İlham Əzizin "Uğursuzluq və xaric oxumaq haqqında ballada" adlı yazısını təqdim edir

Bu səhər sübh namazını qılmaq üçün fəcri-sadiqi gözləyən vaxtı uğur qazana bilməməyimin səbəbini düşündüm. Yəqin gündüz və gecə mələklərinin dünyada olduğu vaxtın bərəkətindəndir ki, uşaqlığımda başıma gələn bir hadisə yadıma düşdü və mən hər şeyin cavabın tapdım.

Allah Qarbaçovun evini yıxsın! Əuzibillah, yıxıb qurtara bilmir, nədənsə. Perestroykanın şıdırğı vaxtı rayonda pionerlərdən ibarət xor kollektivi yığırdılar. Nə hikmətdirsə, mən və sinif yoldaşım yetim Elşən də düşmüşdük o siyahıya. Kamali-ədəblə uclarını dişimizlə diddiyimiz qırmızı qalstuklarımızı bağlayıb yollandıq rayon pionerlər evinə. Onu da deyim ki, uşaqlığımdan sosialist sistemi didişdirənlərdən olmuşam.

Nə başınızı ağrıdım, pioner dili yeyin olar, yetişdik xor yerinə, durduq sıraya. Xeyli də məktəbli gəlib - dəqiq deyim, 60 nəfər. Hansısa bir xoşbəxt gələcək mahnısını xorla oxumalıydıq. Bir-iki mahnı çalındı, hamı başladı bir ağızdan oxumağa. Birinci nəqərata çatmamış eynəyli, şüvərək rayon pionerlər evinin əndirəbadi vəzifələrindən birini tutan xanım özünə əl qatdı, haray həşirlə xoru birtəhər saxladı. O qədər adamın içindən cumasan birbaşa mənim üstümə, bir də yetim Elşənin. Ki, sizin səsiniz xoru pozur, xaric oxuyursunuz. İndi siz düşünün, perestroykanın şıdırğı vaxtında kənddən gedəsən rayon mərkəzinə üzündə seçilmişlik ifadəsi, mahnı əzbərləyəsən qolundan tutub sıradan çıxaralar ki, sən oxuma, səsin xaricdi. Pərtlikdən boynumuzdakı ucun dişimizlə diddiyimiz qalstuk rəngini aldıq, vermədik. Nə də olsa xorda başqa məktəblərdən gələn qızlar da var. Mən belə bəxtin, taleyin...

“Sonra nə oldusa...” o da yadıma gəlir. Ümumrayon pionervajatoru - day biz ölüb yerə girməyək deyə - öz aləmində problemə çarə tapdı. Dedi, eybi yox, siz sırada durun, amma səsiniz çıxmasın, uşaqlar oxuyanda ağzınızı eləcə açın-yumun, açın-yumun... Sizi inandırım, sıradan çıxmamağımıza çox sevindik. Başladıq yuvada anasını gözləyən ətcə sərçə balaları kimi ağzımızı açıb yummağa.

O gün, bu gün - həyatda xaric oxuyuram. Düzdür, həyatın qurub quraşdırdığı sıralara birtəhər özümü sırıyıram, müqəddəs bir əl və ya səs mənə sırada durmağıma bir söz demir, amma oxuyan kimi səsimi alır, eləcənə ağzımı açıb yummağa icazə verir, səsimi çıxarmamaq şərtilə. Çünki həyatda mənim kimi adamlar xaric oxuyur. Mən bu cəmiyyətdən ola bilmədim. Bu vəziyyət həyatım boyu məni izləyib təqib edib, gün verib işıq verməyib.

Atam uşaq vaxtı bizə “Kazan “ qarmonu almışdı ki, çalmağı öyrənək. Evdə qardaşlarım öyrəndi, indi muğam çalırlar. Mənsə təzə qarmonun dillərin cızıb vur tut “Cücələrim”i öyrəndim. Elə o öyrənən, bu öyrənən “Cücələrim” mənim himnim oldu. Dost tanış mahnıdan muğamdan danışanda mən uzaq başı “Cücələrim”dən danışa bilirəm.

Orta məktəbdə hamınız sevmisiz, yəqin. Elə mən də. Bir sinif yoldaşıma aşiq olmuşdum, tale elə gətirdi, mən instituta girdim, o kəsildi. Bir kurs oxuyub qəhrəman kimi kəndə qayıtdım ki, sevgimi faş edim, xəbər tutdum ki, qızın üç uşağı var. Hələ də baş aça bilmirəm, bir ilə 3 uşağı necə oldu?

Aspiranturada oxuyanda da aləm dəydi bir-birinə. Azərbaycan tarixi müəllimləri - rəhmətliklər İqrar Əliyevlə, Mahmud İsmayılovun sözləri düz gəlmədi; biri dedi albanıq, o biri dedi türk... Oranı da bitirə bilmədim. Hələ də bilmirəm o “alban-türk” söhbətinin axırı necə oldu!

Ümumi mənada ölkəmiz də mənim vəziyyətimdədi. SSRİ dağılanda hamı oxumağa başladı, bizim səsimiz çıxan kimi aləm qarışdı, dünyanın düz vaxtı gəlib evimizin içində bizi gülləbaran elədilər.

İndi də başlamışam yazmağa, qorxuram, bir gün Şərif Ağayar deyə ki, “İlham, yaz, amma çap elətdirmə”.

# 4382 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #