Papağa telefon nömrəsi qoyub əsgərlərə göndərən qızlar

Papağa telefon nömrəsi qoyub əsgərlərə göndərən qızlar
21 dekabr 2020
# 10:34

Kulis.az Ayxan Ayvazın "Bacımın əsgərlər üçün toxuduğu papaqlar" yazısını təqdim edir.

Müharibənin qurtarmağına az qalmış bacım əsgərlər üçün papaq toxumağa başlamışdı. Bacımın rəfiqəsi qadınları bir yerə yığıb və əsgərlərə papaq toxumaq üçün onlara tünd yaşıl rəngdə iplər verib.

Bacım həmin günlər həyəcanlıydı, müharibənin gedişatını izləyir, hər gün səksəkə içində oyanır, axşam düşəndə də papaqları toxuyurmuş. O qədər fikirli və qarmaqarışıq duyğular içərisindəymiş ki, bəzən toxuya-toxuya yuxuya gedir və yuxusunda güllələnən, yanına mərmi düşən əsgərləri görür, qorxurmuş ki, deyilən vaxta papaqları çatdıra bilməyəcək.

“Ay da birdən çatdıra bilməsəm, nolacaq görən” – görüntülü danışıqlarımızda təlaşlı olduğunu hiss etdim.

“Narahat olma, çatdırarsan...” – dedim, onu həvəsləndirmək üçün dəridən-qabıqdan çıxdım.

“Fikrim müharibədədir e. Bir yandan da pandemiya. İşim də düz gətirmir. Nə bilim e...” – bacım düşüncəli-düşüncəli bunu deyib susurdu.

O günlər qələbə xəbərləri də gəlirdi, hər günü yeni bir rayonun, kəndin işğaldan azad olunmağı sevinci ilə açırdıq. Mən və mənim kimi arxa cəbhədəkilər əsgərləri düşünür, getdikcə soyuyan havaları görüb dualar oxuyur, tezliklə müharibənin bitməsini arzulayırdıq.

“Sən papaqları toxuyub qurtarana qədər müharibə bitəcək”. – bir dəfə görüntülü danışanda zarafatla bacıma dedim.

Gördüm, zarafat onun narahat, gərgin üzündə təbəssüm qırışığı yaratmadı, düşüncəli-düşüncəli susdu. Sonra nəsə yadına düşmüş kimi dedi:

“Eybi yox, təki müharibə bizim xeyrimizə bitsin, gəlib Bakıda gəzə-gəzə başlarına taxarlar”.

Dava günlərinin birində bacım sevincək mənə yazdı ki, bəs əsgərlər üçün papaqları toxudum, hazırdır, aparıb verəcəm təşkilatçıya, o da işğaldan azad olunmuş torpaqlarda üşüyən əsgərlərə çatdıracaq.

“Hələ hər papağın içinə əsgərlər üçün məktub da yazıb qoyacağıq”.

Nağıl dili yüyrək olar, papaqlar əsgərlərə göndərildi, içində də məktublar, telefon nömrələri. Şuşada, Cəbrayılda, Füzulidə olan və heç vaxt üzünü görmədikləri əsgərlər o papaqları alıblar, başlarına keçiriblər. Papaqları geyəndə evlərini xatırlayıblar, üşümək yaddan çıxıb, bu papaqlar onların başlarını evdəki doğma isti kimi qızdırıb. Məktubları açıb oxuyublar, o məktublarda bir-birindən fərqli, bir-birindən gözəl sevgi sözləri, onları tərifləyən kəlmələr də əsgərləri bir az da qızdırıb. Onlar elə bil içlərində tonqal qalandığını, tamam-kamal isindiklərini zənn ediblər.

“Mən nömrəmi qoymadım içinə. Nəsə utandım” – deyir bacım. – “O birisi qızlar nömrə qoyublar, əsgərlər Şuşadan, Cəbrayıldan zəng ediblər onlara, təşəkkür ediblər”.

Bacımın əsgərlər üçün toxuduğu papaqlar onlara çatdığı günlərin birində müharibə də sona çatdı, əsgərlər yavaş-yavaş evlərinə qayıtdı, kimisi yaralı, kimisi şəhid. Qayıtmayan, hələ o torpaqlarda qalan və tez-tez maraqlı videolar çəkən əsgərlər də oldu.

Mən indi düşünürəm ki, görəsən, bacımın toxuduğu papaqlar hansı əsgərlərin başında olub; yaralılarınmı, şəhidlərinmi, yoxsa sağ qalanlarınmı?

Hər dəfə işğaldan azad olunmuş torpaqlarımızda oynayan, mahnı oxuyan, sevinən, kimlərəsə salam göndərən, piano çalan, kabab çəkən əsgərlərə baxanda bacımın toxuduğu papaqları axtarıram. Deyirəm, görən, o tünd yaşıl papaqlar istidirmi, onları soyuqdan qoruyurmu.

Sonra başqa şeylər də düşünürəm. Düşünürəm ki, yaralanan əsgər yaralandığı vaxt papağı palçığa bulaşıbmı, ya o papağı itiribmi. Görən, bacımın toxudu papaqlar yaddan çıxıb hansısa səngərdə qalıbmı?

Bir də o məktublar. Papağın içində gələn məktubları deyirəm. Hansı yaralı əsgərin yaxa cibindədir? Yaralanıb, xəstəxanaya gətiriblər, ayılıb və yadına düşüb ki, cibində ona papaq toxuyan qadınların yazdığı məktub var. Ya hansı şəhidin cibində unudulub o məktub? Hansı ana o məktubları tapıb, oxuyub və məktub yazılan kağızı bağrına basıb?

Bacım papaqların aqibətindən, onu kimlərin geyindiyindən xəbərsizdir. Yəqin hərdən o da bu haqda xəyallara dalır, toxuduğu papaqların kimlərin başında olduğunu öz-özünə düşünür. Hərdən də deyir ki, kaş telefon nömrəmi qoyardım, hansı əsgərə toxuduğum papaq çatıbsa, onunla danışardım, sağ olduğunu bilərdim.

Yəqin bacım əsgərlərin o papaqlarla isindiyini xəyalına gətirib gülümsünür, sevinir, qəribə hislər keçirir. Şəhidlərin o papaqla analarının yanına getdiyini düşünüb kövrəlir, gözləri dolur. Yaralı əsgərlərin papağı başlarında evlərinə getdiyini görür. O papaqların arxasında yaratdığı talelər və o talelərin süjetləri bacımı həyəcanlandırır.

Mən isə əminəm, bacımın sevgiylə, həyəcanla, dualarla toxuduğu o papaqların sahibləri ölməyib, yaşayırlar və bu saat evlərində çay içib öz müharibə xatirələrini danışırlar.

# 3872 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #