Özgə qapılarında

Özgə qapılarında
17 may 2021
# 13:31

Bəzi əsərlər var, onların haqqında danışmaq, nəsə demək, izah vermək, tənqid etmək, tərif etmək, bir sözlə, fikrini bölüşmək çox çətin olur. Uzun müddət o əsərin təsiri altında qalırsan, görüşdüyün, küçədə rastına çıxan adamlar sənə çox sönük, lazımsız, mənasız gəlir. Hər şeyi kitablardakı kimi görmək istəyin sənə əzab verir. İnsanların bir-birinə qarşı bu qədər laqeyd, bu qədər amansız olduğu bir dövrdə bizi xilas edən yeganə sığınacaq kitablardır.

Maksim Qorkinin “Özgə qapılarında” romanını təkrar oxudum. Gəlin, əsərdəki bir parçayla tanış olaq:

“Mən araq içmir, qızlarla eşqbazlıq etmirdim, - ruhu məst edən bu iki nəşə növünü mənim üçün kitablar əvəz edirdi. Lakin mən nə qədər çox oxuyurdumsa, bu cür boş və lüzumsuz bir həyatla, başqalarının bu cür yaşadıqlarını zənn etdiyim belə bir həyatla yaşamaq mənim üçün o qədər çətin olurdu. On beş yaşım təzəcə tamam olmuşdu, lakin bəzən mən özümü yaşlı bir adam kimi hiss edirdim, bütün o çəkdiyim bəlalardan, oxuduqlarımdan, getdikcə daha artıq bir təlaşla başımdan keçən fikirlərdən sanki daxilən şişib ağırlaşmışdım, daxili aləmimə nəzər saldıqda mən bütün təəssüratları özümdə hifz edən o guşəni, başdansovdu bir halda ağzına qədər müxtəlif şeylərlə doldurulmuş qaranlıq bir anbar kimi görürdüm. Bunları isə ayırd etmək və aydınlaşdırmaq üçün məndə nə qüvvət vardı, nə də bacarıq... Bədbəxtlikləri, xəstəlikləri və şikayətləri bir ikrah hissi ilə xoşlamırdım, həyatda qəddar şeylər, qan, kimin isə döyüldüyünü gördükdə, hətta sözlə bir insanın təhqir edildiyinə şahid olduqda məndə üzvi bir nifrət hissi doğurdu; lakin bu hiss tezliklə nə isə elə soyuq quduzluğa çevrilirdi ki, yırtıcı bir qəzəblə döyüşüb vuruşur, sonra isə duyduğum xəcalətdən ürəyim ağrıyırdı.”

Əsərin qəhrəmanı lap balaca vaxtından özgə qapılarında işləməyə, kiminsə təhqirini, minnətini üzərinə götürməyə məcbur olur. Onun xilasına isə kitablar çatır. Bəzən zorla, güc-bəla ilə, gizli-gizli oxuduğu kitablar həyatın qalın pərdəsini onun gözünün qabağından çəkib çılpaq bir mənzərəni ortaya sərir: qəhrəman bütün bunları təəssüf və iztirab içində izləyir.

Bəzən bu sualla tez-tez rastlaşırıq: “Kitab oxumaq nə verir? Ədəbiyyat oxuyanda nə olur ki?”

“Səfillər” əsərində heç kimin evinə qəbul etmədiyi oğru Jan Valjana keşiş öz qapısını açır, ona yemək verir, süfrə başında oturdur, yatızdırır. Gecənin bir vaxtı isə Jan Valjan gümüş şamdanları oğurlayır. Onu qulaqlayıb gətirən polis nəfərlərinə keşişin verdiyi cavab oğrunun içində yatan vicdan hissini oyadır: “O şamdanları mən ona hədiyyə etmişəm”.

Bütün yaxşı kitablar da yaxşı adamlar kimidir. Eynən Jan Valjanın oğurladığı şamdanları ona hədiyyə etdiyini deyən yepiskop kimi... Ona görə hər yaxşı kitab oxumaq yaxşı insan tanımağa bərabərdir. “Özgə qapılarında” da bu cür əsərlərdəndir...

# 3686 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #