Azərbaycan folklorunda belə bir məsəl var; deyir, kabab qoxusuna gəldik, gördük eşşək dağlayırlar.
Son günlər Avropa ölkələrindən "dədəsinin xarabasına” (qovulan) deportasiya olunan, ağ adam olmağı ağ adamların kölgəsinə sığınmaqda görən yazıqanrtoplarımızın başına gətirilən "cənnətdən qovulma” müsibətini gördükcə yadıma bu milli məsəl düşür.
Gəlin, məsələyə bir az geniş yırtıqdan baxaq. Bu gün dünyada təxminən 184 dövlət, 600-dən artıq dil qrupu və 5000-dən çox etnik qrup yaşamaqdadır. 2010-cu illərə qədər Avropada, eləcə də bir çox Qərb ölkələrində çoxmədəniyyətlilik deyə qlobal bir həyat tərzi ideyası populyar idi. 2011-ci il ABŞ-da baş verən məlum və məşhur terror hadisəsindən ("Babil qüllələrinin” növbəti dəfə dağıdılması) sonra Qərb siyasətçiləri (Merkel, Sarkozi, Kemeron) əvvəlcə yavaş-yavaş, sonra gur səslə çoxmədəniyyətliliyin Avropada iflas etdiyini car çəkməyə başladılar.
Əslində, çoxmədəniyyətlilik anlayışının Avropaya bir o qədər dəxli də yox idi. Bu anlayış ilk dəfə Avropadan köçənlərin yaratdıqları Amerika, Avstraliya, Kanada kimi ölkələrdə siyasətin mövzusu olmuşdu. Avropa çoxmədəniyyətlilik siyasətini daha çox ucuz işçi qüvəlləri üçün istifadə edirdi. Hətta İkinci Dünya müharibəsindən sonra ucuz işçi qüvvəsinə böyük ehtiyac duyan dağıdılmış Almaniyanın yazarı Maks Friş dünyaca məşhur olan belə bir söz demişdi: "Biz işçi istəyirdik, insanlar gəldilər”. Bu sözlər həm də almanların işçini insan gözündə görmədiklərinə bir işarədir. Demək ki, avropalılar ucuz işçi qüvvəsini insan hesab etmir(di)lər.
Hətta bu gün də məsələn, Almaniya və Fransa kimi çoxmədəniyyətliliyə qucaq açan ölkələrdə vətəndaşlıq almağın şərtlərindən ən vacib olanı qəti şəkildə köçkünlərin öz vətənləri və dinləriylə münasibətlərindən imtina etmələridir. Avropanın çoxmədəniyyətliliyinə daxil olmaq istəyirsənsə, öz mədəniyyətini, dilini və dinini rədd etməlisən.
Yesinlər belə çoxmədəniyyətliliyi!
Milli mədəniyyət doğma bir həbsxanadır, bu, öz yerində. Biz onun divarları arasında doğulur, yaşayır və ölürük. Həm də buranın bir həbsxana olduğunu bilmədən. Çoxmədəniyyətlilik anlayışı, bir növ, qlobal həbsxana yaratmaq cəhdidir, bu, hər mədəniyyətdən (həbsxanadan) olan dustaqlar üçün düşünülüb, amma 600 dil qrupunda, 5000 etnik tərkibdə təmsil olunan bu "dustaqlar” bir-biriləri ilə yola gedə biləcəklərmi? Hansı dildə anlaşacaqlar? Hətta Avropa Birliyi ölkələri belə qitədə İngilis dilinin üstünlüyünü (38%) həzm və qəbul etmək fikrində deyillər.
Artıq Avropada çoxmədəniyyətliliyin mümkünsüzlüyü müzakirə olunur. Çoxmədəniyyətliliyin yalnız "mədəni irqçilik” kimi gerçəkləşə biləcəyi söylənilir.
1960-cı illərdə Teodor Adorno deyirdi ki, mədəniyyətdən danışmaq, istər-istəməz siyasi iqtidardan danışmaqdır. Yəni mədəniyyət XX əsrin ikinci yarısından sonra siyasi hakimiyyətin alternatividir. Qloballaşma da yalnız ortaq mədəniyyətlər arasında mümkündür. Ancaq dünyada bir-birinə ortaq olan mədəniyyətlər varmı?
Sübut etməyə ehtiyac yoxdur ki, mədəniyyət ortaqlığı deyə bir dünya gerçəkliyi yaratmaq qeyri-mümkündür. Məsələn, öz mədəniyyəti tarixində piano görməyən bir Afrika ölkəsi ilə dünyanın ən gözəl simfonik piano əsərlərini yazmış Avropa ölkəsi hansı ortaq mədəniyyəti bölüşə biləcəklər?
Odur ki, çoxmədəniyyətlilik ideyasının müəllifləri olan Qərb dövlətləri artıq bu fikirdən vaz keçməyə başlayıblar. Çünki qərbləşməyə, modernləşməyə can atan ikinci, üçüncü növ ölkələr, eyni zamanda qərbləşmənin, modernləşmənin prinsipləri ilə mücadilə halındadırlar. Dünya həm qloballaşmaq, məsafələri qısaltmaq istəyir, həm də milli rəngarəngliyini qorumaq, öz coğrafi məhrəmliyinə can atır. O irəlidən bir azərbaycanlını oğlu olduğu üçün Rusiyanın hansısa doğum evində qoç kəsdiyinə görə damlamışdılar. Bu adamın sevincinin də, kədərinin də çanağı fağır bir qoyunun kəlləsində çatlayır. Ondan necə Russo oxucusu düzəltmək olar? Buna görə də bir neçə ildir ki, çoxmədəniyyətlilik Avropanın özündə də dalana dirənib.
Avropa Parlamenti 1996-cı ildə "irq” sözünün bütün rəsmi mətnlərdə işlədilməsini qadağan edib, amma bu, çoxmədəniyyətlilik anlayışının siyasi deyil, mədəni hegemonluğu ifadə etdiyi gerçəkliyini şübhə altına ala bilməz.
Çoxmədəniyyətlilik böyük mədəniyyətin balaca mədəniyyətləri bağrına basması yox, öz peykinə çevirməsidir.
Çoxmədəniyyətlilik post-kolonial mədəniyyətlərə "yumşaq güc” tətbiqidir. Məsələn, Azərbaycanı cəzalandırmaq istədikdə Ermənistanın zay bir filminə mükafat verəcəyin tədbirə bu ölkəni, ümumiyyətlə, dəvət etmirsən! Onu mədəni kimliyi olmayan bir ölkə kompleksinə salmaqla cəzalandırırsan! Yaxud İran mədəniyyəti keçmişindən ayrılmasın deyə illərdir mükafata tamarzı qalan İran rejissorlarının adət-ənənə nostaljisi üzərində lentə aldıqları sentimental filmlərinə Qərbin ən nüfuzlu mükafatlarını verirsən. Bununla da onu heç bir perspektiv vəd etməyən öz keçmişinə zəncirləyirsən.
Bu, çoxmədəniyyətlilik adı altında aparılan bir postmodern irqçilik siyasətidir. Postmodern iqrçilik insanları dərilərinin rənginə görə ayırmır, onların geyimlərinə, həyat tərzlərinə, yaratdıqları sənət əsərlərinə və s. görə fərqləndirir. Məsələn, Avropanın ən liberal ölkələrində geyimə, ibadət formasına, danışıq dilinə çox diqqət göstərirlər. Sənin şəxsi azadlıq kimi gördüyün şey onlar üçün bir təhdid məsələsidir. Hətta universitet professoru olsan belə. ABŞ-ın Kolumbiya universitetində çalışdığı illərdə dostlarının onun necə yemək yediyinə baxmağa gəldiyini yazan xristian ərəbi professor Eduard Səid kitablarında öz həyatından bu cür onlarla örnəklər verir.
Postmodern irqçilik mədəni irqçilikdir. İnsanın deyil, mədəniyyətin dərisinin rəngini əsas alan iqrçilikdir. Bunun da kökündə Qərbin modern dəyərləri qısqanması amili dayanır.
Qərb düşüncəsinə görə, modernizm Qərbin yaratdığı bir mədəniyyət formasıdır və az qala, Qərbin milli dəyəridir. Yalnız Qərb və onun gizli müstəmləkələri modern mədəniyyət yaradıcıları ola bilərlər. Digərləri ekzotikdirlər və ekzotik olaraq da qalmalıdırlar. Qərb, xüsusilə müsəlman Şərqinin modern sifətini sevmir. Sən onun üçün muğam oxuyan, yallı gedən, nə bilim, tütəklə ilan oynadan ekzotik mədəniyyət mənsubsan və onun iradəsini qəbul etmədiyin müddətdə belə də qalacaqsan. Bu "mədəni irqçilik” düşüncəsinə görə, müsəlman modern mədəniyyət yarada bilməz, onun geridəqalmışlığı isə ən nüfuzlu mükafata layiqdir. Ya da onun Şərqi aşağılayan, təhdid edən "məbəd cəngavər”lərindən qalan xaçlı qılıncının altından keçməlisən.
Məsələn, Qərbi qıcıqlandıran Türkiyə onun iradəsini qəbul etmək bir yana, onun iradəsinə qarşı özbaşına modern osmanizmə can atan Türkiyədir. Klassik osmanizm bu gün Qərbin "heyran olduğu” qürub gözəlliyidir. Qərb istəyir ki, osmanizm artıq dəbdən düşmüş tarixi libasından çıxmasın, ona kostyumlu taliban lazım deyil, Qərb hegemonluğuna görə, islam VII-VIII əsrlərdəki yarımbarbar sifətini olduğu kimi qoruyub saxlamalıdır. Aşağıda bu ekzotik "heyranlığa” aid örnəklərə baxacağıq.
Qərbin modernizm qısqanclığı istəyir və çalışır ki, məsələn, Azərbaycan mədəniyyəti hər gün Alim Qasımov yetişdirsin. İran kinosu adət-ənənə mağarasından kənara çıxmasın. Əslində, bu davranış bizi modern mədəniyyətin problemlərindən, mövzularından uzaq, premodern xalqlar olduğumuzu göstərməklə kiçiltməkdir. Eyni bəh-bəhi Afrika xalqlarına münasibətdə də görə bilərik. Saksafon çalan Afrika sakini milli vuvuzelasını əlinə almayana qədər özü çalıb özü oynayacaq. Əgər o, ABŞ, yaxud Fransa mədəniyyətini təmsil etmirsə.
Ona görə də Pakistanlı intellektual Rəşid Arain hesab edir ki, post-modernizm kolonial uzaqgörənlik və cəhalət üzərində qurulub. Digərlərinin də modernləşməsinin qarşısını almaq üçün onları yenidən ayrılmaq istədikləri keçmişlərinə bağlamaq. Post-modernizm, bir növ, Qərb modernizminin kamuflajıdır. Post-kolonial ölkələri premodern dövrə qaytarmaq cəhdidir.
Buna görə də Qərb orientalistləri Şərqin Orta əslərini və bu əsrlərin həndəvərini yazan Orxan Pamuk (Osmanlı İstanbuluna duyulan nostalgiya ilə dolu romanlar), Elif Şəfəq, (Şərq miniatür düçüncəsini sığallayan əsərlər), Amin Maalof (Orta əsrlər Şərqini ikinci əldən yazan kitablar) kimi müəllifləri göylərə qaldırırlar. Əslində, bu ədəbiyyat imperialist, orientalist maraqlarını çoxmədəniyyətliliklə ört-basdır edən siyasi Qərbin gizli sifarişidir. Və gördüyümüz kimi, oralarda ən böyük tiraja və ən nüfuzlu mükafatlara layiqdirlər. Çünki Şərqi gələcəyə çağıran mədəniyyətin gücünü deyil, keçmişə haraylayan gücsüzlüyünü təbliğ edirlər.
Merkel çıxışlarının birində açıq şəkildə belə deyirdi: "… Miqrantların alman dəyərlərini və alman mədəniyyətini mənimsəmələri vacibdir”. 2011-ci ildə Fransanın keçmiş prezidenti Sarkozi və İngiltərənin Baş naziri Kemeron da öz çıxışılarında çoxmədəniyyətliyin çökdüyünü və bundan sonra dövlət siyasəti olmaqdan çıxarıldığını elan etmişdilər. 2006-cı ildən etibarən Avstraliyaya köçən 18-60 yaş arası hər kəs bu ölkədə ingilis dili imtahanı və "vətəndaşlıq imtahanı” verməlidir.
Demək istədiyim odur ki, dərvişin Parisi partladacağı mifinə inanıb avanturist ümidlərlə çöllərə düşmək lazım deyil…
Cənnət yarada bildiyin gözəllikdir!
/qaynarinfo.az/