Mo Yanın filmə dönən “Qırmızı darı tarlası”

Mo Yanın filmə dönən “Qırmızı darı tarlası”
14 noyabr 2020
# 08:58

Kulis.az Nobel mükafatına laayiq görülmüş Çin yazıçısı Mo Yanın “Qırmızı darı tarlası” romanı əsasında çəkilmiş filmi təqdim edir.

Süjet: Hadisələr 1920-70-ci illərdə Çində baş verən hadisələri əhatə edir. Əsərin əvvəlində isə Qaomi qəzasında baş verən hadisələr təsvir olunur. Yapon ordusu Çin ərazisinə (1937-1945-ci illər arası Çin və Yaponiya arasında baş vermiş münaqişə - S.S.) soxulub, hər tərəfdə döyüş gedir, yapon əsgərlərinin amansızlığı əhalini dəhşətə gətirir.

Komandir Yu əsgərlərini torpaqları işğal eləyən yapon ordusuna qarşı hücuma hazırlayır. Onun arvadı darı tarlasından keçərək, əsgərlərə yemək gətirəndə yapon əsgərləri tərəfindən güllələnir. Qadının ölümü romanda keçmiş və indiki zamanı bağlayan bir bağ rolunu oynayır. Əsər boyu hadisələri komandir Yunun nəvəsi danışır. Onun adı əsərdə xatırlanmır. Nəqlçi ailəsinin şərabçılıqdan tutmuş yapon ordusuna qarşı mübarizəsinə qədər dövrü, eyni zamanda vaxtilə ailədə olan mübahisələri, konflikti anladır.

Onun yaponlar tərəfindən qətlə yetirilən nənəsi, gənc ikən atasının təkidiylə, darıdan şərab istehsal edən zəngin bir sahibkarın oğluna ərə verilir. Qadına vurulan quldur, yəni nəqlçinin babası sahibkarın oğlunu qətlə yetirir. Sonra o, dul qadınla evlənir və beləliklə, onun keçmiş ərinin varidatına sahib çıxır.

Müharibəyə qədər kənddə qırmızı darıdan hazırlanan şərabın əhali üçün çox əhəmiyyətli olduğu vurğulanır. Şərab yerli əhalinin adət-ənənəsində, məişətində həm qida, həm sosial təminat, həm ritual, həm ümid mənasını daşıyırmış. Şərab, eyni zamanda xəstəlikləri məhv edən, şər qüvvələri qovan içki kimi dəyərləndirilirmiş. Müharibə başlayandan sonra əhali yaponlara qarşı mübarizədə birləşir. Komandir Yu mübarizədə sərtləşsə də, amansızlaşsa da öz insani keyfiyyətlərini itirmir.

Roman onunla bitir ki, təhkiyəçi ailəsinin dəfn olunduğu yerə qayıdır və onlara ehtiramını bildirir...

Nobel mükafatçısı, Çin yazıçısı Mo Yanın - 1930-cu illərin antiyapon müharibəsi fonunda Şandun ailəsinin hekayəsinin danışıldığı romanında hadisələrin xronoloji ardıcıllığı pozulur. Ədəbiyyat mütəxəssislərinin fikrincə, qeyri-xətti süjetə baxmayaraq, əsər rahat oxunur, hətta mətndə amansız, zorakı səhnələr, ölüm aktları lirik səciyyə ilə verilir. Kitabda mədəni inqilab (1966-1976-cı illərdə Çində Mao Tszedunun şəxsi təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı siyasi-ideoloji kampaniya. Bu dövrdə siyasi müxalifətin zərərsizləşdirilməsi və hakimiyyətin Mao Tszedunun əlində cəmləşdirilməsi prosesi baş verdi. Məktəbli və tələbələrdən təşkil edilmiş xunveybin, gənc fəhlələrdən ibarət tszaofan dəstələri ordunun dəstəyi ilə partiya komitələrində, nazirliklərdə, müəssisələrdə, elm, təhsil və mədəniyyət idarələrində kütləvi "təmizləmələr" aparıblar. 1976-cı ilədək davam edən inqilabın əsas məqsədi, guya köhnə ideyaların, köhnə mədəniyyətin, köhnə qaydaların ləğv edilməsiydi), 1972-ci ildə Yaponiya ilə Çin arasında diplomatik münasibətlərin bərpası da xatırlanır.

Xalq nağılı, mif motivləri əsəri magik realizm janrına kökləyir. Çin mədəniyyətinin özünəməxsusluğu, yerli əhalinin tarixi, mentaliteti özəlliklə diqqəti çəkir. 2012-ci ildə Nobel mükafatına layiq görülən Mo Yanın bu romanı bir qayda olaraq, onun ən yaxşı əsəri hesab olunur. "Qırmızı darı tarlası" 1986-cı ildə nəşr olunub.

Mo Yanın əsərlərində hallüsinasiya qarışıq reallıq, xalq nağıllarının motivi, tarix və müasirlik hibrid təşkil edir. Yaradıcılığının ilk dövrlərində yazıçı ənənəvi realizm manerasında işləyirdi. Amma sonradan 1980-ci illərin ortalarından başlayaraq, o, əhəmiyyətli dərəcədə təhkiyəsinin strukturunu, formasını dəyişərək mürəkkəbləşdirir. Müasir Çin ədəbiyyatında onun yaradıcılığı daha çox magik realizmə aid olunur və o, ən məhsuldar müəlliflərdən biri sayılır.
“Qırmızı darı tarlası” Çin Xalq Respublikasının "ilin ən yaxşı romanı" milli mükafatına layiq görülüb və müəllifə dünya şöhrəti gətirib. Roman kimi, film də uğurlu alındı və 1988-ci ildə nüfuzlu Berlin kinofestivalında baş mükafata - "Qızıl ayı"ya layiq görüldü.

"Qırmızı darı tarlası" rejissor Çjan İmounun debütüdür. İmou müasir Çin kinosunun simalarından və nüfuzlu rejissorlarından biridir. Ümumilikdə əsərin ana ideyası saxlanılıb, amma müəyyən dəyişikliklər edilməklə. Romanda olduğu kimi, filmdə də təhkiyəçi var və tamaşaçı sonadək onu ekranda görmür, yalnız kadrarxası səsini eşidir. Bədii mətndən fərqli olaraq, film təhkiyəçinin nənəsinin, 19 yaşlı Tsyutszinin (Qun Li) ərə verilməsi ilə başlayır. Ekran versiyasında hadisələr 1920-1930-cu illəri əhatə edir və xronoloji ardıcıllıqla təsvir olunur.

Tsyutszi kasıb atası tərəfindən varlı qocaya - qırmızı darıdan şərab hazırlayan sahibkara ərə verilir. Ər evinə aparılanda gənc qadınla, yolda, onu daşıyan gənc kişilərdən biri Yu (Tszyan Ven) arasında gözlənilmədən sevgi hekayətinin başlanğıcı qoyulur.

Bu epizodla rejissor dünya kinematoqrafiyasında, ilk tanışlıqda qadın və kişinin bir-birinə sadəcə, bədən, instinktiv səviyyədə can atmasının həssas, dolğun, dəqiq poetik təsvirlərindən birini yaradır. Qadın-kişi təbiətinin mahiyyətini, obrazlı desək, çılpaqlığıyla göstərir. Kamera sabit ritmlə, tələsmədən qarşılıqlı can atmanı, qarşılıqlı susamanı - səssiz dialoqlarda, çoxmənalı, ehtiraslı sükutda, baxışlarda, üz ifadələrində, hərəkətlərdə yumşaq, amma dəqiq gəzişmələr etməklə üzə çıxarır. Bu münasibət - yaşlı kişiyə ərə verilməsindən məyus olan gənc qadının qırmızı kəcavədən - onu daşıyanlardan biri Yunun təravətli, güclü bədəninə həsrətli baxışlarıyla başlayır. Gənc kişilər yüksəkdən mahnı oxuyaraq, kəcavəni yellədərək, qadının yaşlı adama ərə verilməsinə etiraz etməsinə təhrik edirlər. Qadın isə susur, psixoloji basqıya dayana bilmir və səs-küy içində onun hıçqırtısını ancaq Yu duyur. Və o, yoldaşlarına susmaq komandasını verir. Məhz təsvir etdiyim kadrda bədən, instinktiv duyğu - ali hisslərə, anlamaya, şəfqətə keçir.
Yolda kəcavəyə hücum edən quldur, onu daşıyanları soyandan sonra qadını zorlamaq istəyir. Qadın kəcavədən düşür, sakit, soyuq baxışlarla kişilər arasında ancaq Yuya xüsusi bir ədayla baxaraq, üz ifadəsiylə "əgər cəsarətin varsa, məni qurtar" çağırışını edir. Bu, kiçik, amma dərin səhnə-nağıllarda, miflərdə qadına görə başlanan müharibənin epizodik, lakin ifadəli modelidir. Zorlanmadan onu Yu xilas edir. Onların sevgi hekayəti belə başlayır. Romanda olduğu kimi, burda da Yu onun ərini öldürərək həm qadına, həm də sərvətinə sahiblənir.

İmou əhvalatda qırmızı rəng həllinə üstünlük verib. Bu da təsadüfi deyil. Mo Yanın romanında rəng elementi xüsusi önəm daşıyır: Qırmızı həyat eşqini, ehtirası və eyni zamanda zorakılığı, müharibəni ifadə edir. Və beləcə qırmızı rəng özlüyündə məna ziddiyyəti əmələ gətirir.

Kino sənəti təsvirlərə hesablandığından, rənglərlə oynamaq, onu mənalandırmaq, süjet xəttində vacib, işlək elementə, motivə çevirmək imkanları genişdir. Dünya kinosunda qırmızı rənglə işləməyin ustası ispan rejissoru Pedro Almodovardır. Onun yaradıcılığında qırmızı rəng dominantdır: qırmızı əşyalar, geyimlər, aksesuarlar, güllər, divar kağızları, mebellər, maşınlar. Rejissor deyir: "Mən qırmızı rəngsiz keçinə bilmirəm: o, parlaq və intensivdir. İspaniyada qırmızı rəng əsas şeyləri ifadə edir: od, qan, sevgi, ehtiras, ölüm". Almodovarın kinematoqrafiyasında qırmızı rəng filmin estetik, dramaturji, mizan yükünü daşıyan vacib elementlərdən biridir və rəng həllində önəmli yer tutur.
İmou isə qırmızı rənglə Almodovar səviyyəsində işləyə bilmir. Onun traktovkasında qırmızı rəng bir az daha formal qalır və simvolik anlam daşıyır. Əhvalatın nə kompozisiyasında, nə dramaturji materialda tərkib elementə çevrilmir. Misalçün, bəzi kadrların tamamilə qırmızı fonda işlənməsi, yaradıcı yox, texnikidir. Kəcavənin və ya şərabın qırmızılığı, insan qanı ayrı-ayrı kadrlarda yalnız predmet kimi əhəmiyyət daşıyır, anlamı genişlənmir. Yəni başqa cür desəm, o, assosiativ xarakter daşımır.

Rejissor müasir dünyada aktual olan qadın haqları mövzusuna xüsusi diqqət çəkmir. Amma atasının qızını bir eşşəyə dəyişməsi, bununla da qocalığında sosial həyatını təmin etməsinin sevinci - qadının statusunun əhəmiyyətsizliyini göstərən sərrast epizoddur.

Müəllif mümkün olduqca dialoqlara az yer ayıraraq dolğun təsvirlərə fokuslanıb. Zifaf gecəsi qadının kədəri, ümidsizliyi - solğun Ayın fonunda səslənən tükürpədici çığırtısı ilə ifadə olunur.

Diqqətimi çəkən məqamlardan biri, rejissorun faciəli hadisələri poetik həll etməsidir. Yapon əsgərlərinin gülləsinə tuş gələn qadının ölümünü, balaca oğlunun qışqırtısını rapidlə (kadrdakı hərəkətin təbii sürətinin süni olaraq yavaşladılması - S.S.), musiqi ilə verir.

Bəzən isə rejissor poetik təsvirdən qəddar realist səhnələrə keçid edir. Yapon əsgərlərinin təkidi ilə çinli qəssab öz sahibinin dərisini soymalıdır. O, dəhşətli əzabla sahibinə yaxınlaşır. Sahibinin ondan "Elə et ki, çox əzab çəkməyim" xahişindən sonra, qəssab onu dərhal bıçaqla öldürür. Və sonra özü dözməyərək intihar edir. Müharibənin dəhşətləri filmdə az yer alsa da, bu cür tutarlı epizodlar onu anlatmaq üçün yetərlidir.

"Qırmızı darı tarlası" Çin kinosunda xüsusi əhəmiyyətə malikdir və yeni mərhələ sayılır. İmou 1980-ci illərdə meydana gələn, "Çin kinosunda beşinci nəsil" adlanan cərəyanın nümayəndəsidir. Bu nəslə mədəni inqilab dönəmindən sonra Pekin Akademiyasının ilk məzunları olan rejissorlar aiddir. Məhz bu nəslin sayəsində Çin kinosu dünyaya çıxdı, ən nüfuzli festivallarda yüksək mükafatlar aldı.

"Qırmızı darı tarlası" rejissorun vətənində birmənalı qarşılanmadı. Hətta rejissor, onu vətənə xəyanətdə ittiham edən məktublar aldı. "Qızıl ayı"dan başqa, digər çoxsaylı mükafatlara da layiq görülən "Qırmızı darı" Amerikada prokata daxil olan ilk müasir Çin filmidir.

# 4426 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #