Koronavirusdan bəhs edilən yeni Azərbaycan filmi

Koronavirusdan bəhs edilən yeni Azərbaycan filmi
9 aprel 2020
# 08:59

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Kəndinə gəl” bədii televiziya filmini təqdim edir.

Süjet: Ölkədə parlamentin buraxılması dönəmi təsvir olunur. Keçmiş millət vəkilləri xaos içində vurnuxur, nə edəcklərini, bundan sonra necə yaşayacaqlarını bilmirlər. Əhvalatın qəhrəmanı Hətəm (Teymur Məmmədov) üçün də keçmiş vəzifəsi ilə vidalaşmaq çətindir. O, əşyalarını toplayıb, evə gələndə arvadı Sünbülənin (Zemfira Əbdülsəmədova) hönkürərək ağladığını görür. Güman edir ki, arvadı onun vəzifədən getdiyinə görə ağlayır. Halbuki, qadın fanatı olduğu türk serialının qəhrəmanının alınmayan taleyinə üzülüb. Sonra Hətəm yuxuda dünyasını dəyişən atasını (Arif Həkimoğlu) görür. Atası ona yuxuda hansısa xəzinədən danışır. Falçı (Gülcahan Salamova) yanına gedən Hətəm atasının ruhu ilə danışır. Atası xəzinənin yeirini tam deyə bilmir. Yalnız “Çinar” sözünü deyə bilir və yox olur. Hətəm arvadını və oğlunu götürərək kəndə xəzinə axtarmağa gedir. Ümid edir ki, bundan sonrakı üzləşdiyi maliyyə böhranını aradan qaldıra biləcək...

Gallery

“Kəndinə gəl” 2020-ci ildə İTV-də istehsal olub. Filmin rejissoru Emin Əfəndiyev, ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri Fərid Rza, Qalib Nadir, Fərrux Məmmədli, operatoru Şahmar Səfəroğludur.

“Kəndinə gəl” adı çox güman ki, təsadüfi seçilməyib. Bu istər istəməz uzun illərdir ki, cəmiyyətdə çoxdan memə çevrilmiş “Kəndinə qayıt, Sən kəndinə qayıdanda güclü olursan” fikri ilə oxşar assosiasiya doğurur. “Kəndinə gəl” ikimənalı olduğu üçün (türkcədən, kəndinə - özünə deməkdir) filmdə hər iki məna (həm coğrafi, həm hansısa hadisədən özünə gəlmək) əhvalatın mahiyyətinə uyğundur: Hətəm doğulduğu, millət vəkili seçildiyi kəndə gedir, eyni zamanda parlament qəfil buraxıldığından bu hadisə onun üçün bir növ silkinmə rolunu oynayır. Və “palamentdə yatan Hətəm” imici ilə tanınan qəhrəman vəzifədən gedəndən sonra ətrafına realist baxmağa məcburdur.

Gallery

Film parlamentin buraxılması xəbəri ilə başlayır və ilk epizodlardan biri simvolikdir: parlamentin buraxıldığını bilən millət vəkilləri kabinetlərindən ayrılmaq istəmir, onların biri şkafda, digəri masanın altında gizənir ki, təki binanı tərk etməsin. Ayrı-ayrı keçmiş millət vəkillərinin protret planları karikaturalaşdırlır. Hətəm isə kreslosunu götürüb getməklə, yenidən seçiləcəyi ilə təsəlli tapır.
Müəlliflər Hətəmin hekayəsində ölkənin siyasi-sosial-ictimai problemlərini, eyni zamanda ayrı-ayrı millət vəkillərinin cəhətərini ümumiləşdiriblər. Misalçün, onun parlament iclasları zamanı yatan depuatat imici, mandatını girov qoyması, seçildiyi bölgəylə maraqlanmaması və s. bizə gerçəklikdən tanış olan məsələlərdir. Verdiyi vədləri yerinə yetirməyən Hətəm kəndində fəaliyyətsizliyinə görə seçicilərinin qınağı ilə üzləşir. Kənddəki infrastrurktur problemlərin əziyyətini özü də çəkir. Amma o, xaraktercə sinikidir, problemlərin həll olunmamasında özünü günahkar bilmir.

Bununla belə müəlliflər millət vəkilinin fəaliyyətsizliyinə cəmiyyəti də şərik edir, onun da müəyyən mənada riyakar münasibətini göstərir. Hətəm səlahiyyətlərindən məhrum olandan sonra onun işığı, qazı kəsilir, oğlu isə əsgər aparılır. Arvadının “hansı millət vəkilinin oğlu əsgər aparılıb” sualına isə ər cavab tapa bilmir. Əslində cavab yoxdur, çünki sual ritorikdir. Hətəmin evinə gözətçilik edən, maaşını ala bilməyən qohumu isə Hətəmin təbliğat dönəmindəki plakatlarını tualetdən asır, flayerlərindən tualet kağızı kimi istifadə edir.

Gallery

Hətəmin ailəsində də münasibətlər sağlam deyil. Biz ekranda maddi mənafeyini güdən, cəmiyyətdən qopan meşşan ailənin obrazını görürük. Belə bir ailə obrazının yaradılmasında aktrisa Zemfira Əbdülsəmədovanın rolu şəksizdir. Z.Əbdülsəmədova çoxtərəfli aktrısadır, bir qayda olaraq obrazlarının təyinatını dərindən dərk edir, xırda, amma vacib xüsusiyyətlərlə onu bütövləşdirərək vəziyyətin kontekstinə oturda bilir. Ona görə də müasir komediya filmlərindən tanış olan meşşan qadın obrazının xarakterini, intonasiyasını təkrarlamır. Sünbülənin davranışındakı qroteskliyi gözə soxmur, onu lazım olduğundan çox şişirtmir, əksinə norma kimi, təbii qəbul etdirir. Ərinin borclu olduğu mafioz (Mahir Dərviş) qadını oğurlayaraq cəza kimi dırnaqlarına sevmədiyi boyanı çəkəndə o, bunu faciə kimi qəbul edir, və ya onun üçün həyatın dramatizmi özündə olan brend koftasını başqa qadınların əynində görməsi ilə şərtlənir. Absrud situasiyalar gerçəkliyimizi, istehlak hərisliyimizin təsviri üçün adekvat yanaşmadır.

“Kəndinə gəl” koronovirusdan danışan ilk filmimizdir. Film virusun yayıldığı ərəfələrdə çəkilib və müəlliflər hadisəyə çevik reaksiya veriblər. Hətəmin sahibi olduğu obyektlərinə baş çəkdiyi epizodda onun massaj salonunda çinli əməkdaş asqırdığına görə müştəri şikayət eləyir və obyekt bağlanır.

Gallery

Sovet dönəmində istehsal olunan kult əsərlərə müasir komediya filmlərində göndərmələr yeni deyil. “Kəndinə gəl”də həmin filmlərdən xatırlamalar, vəziyyət və dialoqların fərqli redaktədə təqdimatı yer alır. Amma bu fənd təklif olunan vəziyyətlərdə qışqırmır, saxta təsir bağışlamır. Oğlu İsmayılı (Kəbir Kərimov) əsgər aparanda Sünbülənin “Ögey ana”da Nəcibə Məlikovanın qəhrəmanı kimi “İsmayıl” çığırması, epizoddakı mizan təmkinli satirası, Hətəmin məşuqəsinin (Gülşən Abbasova) yanına cəngavər geyimində gələrək, “Bir qalanın sirri”, “Nəsimi”, “Babək” filmlərindən məşhur replika və dilaqoların plakat və poetik tonda təqdimatı ilə bu səhnələr əhvalatda əriyir.

Mahir Dərvişin (mafioz) fakturası, oyununun xarakteri müəyyən mənada filmə kriminal motivli fransız-italyan komediyalarının ruhunu gətirir.

Final səhnəsində süjetin real və ya uydurma olması tamaşaçının öhdəsinə buraxılır. Əhvalatı filmin əvvəlindən taksü sürücüsü isləyən Hətəm müştərisinə danışır. Daha sonra isə onu Bəhramov adına stadiona aparmağı xahiş edən növbəti müştərisinə o, Vaqif Cavadova futbol oynatmağı öyrətməsi haqda danışır. Və kamera sərnişinin məhz Vaqif Cavadov olduğunu göstərəndə, rejissor Hətəmin bundan öncəki sərnişinə danışdıqlarının da uydurma ola biləcəyini eyhamlaşdırır. Bir tərəfdən taksi sürüclərinin uydurma hekayələr danışmasına alışmışıq. Süjetboyu Hətəmin də ara-sıra yuxuda təsvir olunması yuxu ilə reallığın qarışdığını göstərir.

Gallery

Titirlərdə isə müəlliflər özlərini öncədən sığortalayıblar: “Baş verən hadisələr müəlliflərin xəstə təxəyyülün məhsuludur. Ciddi qəbul etməyin!”. Amma əlbəttə ki, absurd, sürreal və satira elementləri üzərində qurulan komediyada nəyin ciddi, nəyin qeyri-real olduğunu tamaşaçı əla bilir.

# 6401 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #