Koronavirusa qarşı makaronla mübarizə

Koronavirusa qarşı makaronla mübarizə
16 mart 2020
# 13:19

İstəsək də, istəməsək də son günlər yaşantımızı, sosial həyatımızı zəbt edən Koronovirus xəstəliyi insanlarda dərin təşviş və narahatlıq yaradıb.

Virusun qonşu ölkələrdən sonra bizdə də aşkar olunması ilk olaraq apteklərdən spirt və maskaların yoxa çıxmasına səbəb oldu. Məsələnin bu tərəfindən pul qazanan işbazlar tapılıb cəzalandırılsalar da, hələ də on aptekdən altısında maska və spirt qıtlığı var. Bunun bir səbəbi də ondan ibarətdir ki, adını sadaladığımız tibbi məhsulları tapdıqları zaman insanlar onlardan ədədlə yox, qutu ilə alırlar. Litrlə spirt alıb evinə qoyanlar elə təəssürat yaradırlar ki, sanki əllərini yumaqdan başqa həm də hər gün spirt vannası qəbul edəcəklər.

Koronovirus söhbətlərinin əhatə dairəsi genişləndikcə adamların təşvişi də çoxalmağa başladı. Marketlər hamısı bir gecədə boşaldı. Bu boşluğu görəndə adama elə gəlir ki, sanki hansısa qeyri məlum və böyük aclıq dövrünə hazırlaşırıq. Paçkalarla salfet, tualet kağızı, makaron, konserv alanların əlindən marketlərə girmək qeyri mümkündür. Adam tanıyıram ki, bir gündə marketə beş dəfə gedib qayıdır. Və hər dəfə də eyni ərzaqlardan, məişət vasitələrindən təkrar-təkrar zənbillərinə dürtüb aparırlar. Bir aylıq ehtiyatlarını gördükdən sonra bu adamlar növbəti ayların da tədarükünü görürlər.

Zənbillərini doldurub, ancaq özlərini və mədələrini düşünən bu adamlar geridə qalan, bayramqabağı bazarlıq etməyə hələm-hələm imkan tapmayan insanları qəti şəkildə düşünmürlər. Onlar həm də düşünmürlər ki, onun qohum, qonşusunun da bu cür qidalara və məişət ləvazimatlarına ehtiyacları var. Və heç olmasa marketlərin vitrinində onlar üçün də dişə vurmalı nələrsə saxlasınlar. Sanki virusun dərmanı makarondur.

Özünü hoppanıb Nuhun gəmisinə minən və yer kürəsindəki yeganə artım vasitəsi hesab edən bu insanlar fikirləşmirlər ki, daşıyıb evə yığdıqları ərzaqları da uzağı bir ay yeyəcəklər. Yaxşı, bəs sonra?!

Ölkədə bu qədər mədəniyyət ocaqları, teatrlar, kinoteatrlar, muzeylər bağlandı. Nə qədər əhəmiyyətli tədbirlər təxirə salındı, amma bizim marketə axışan insanlarımız həmin məqamda heç bir narahatlıq keçirmədilər. İqtisadiyyat nazirinin ölkə üzrə əhalinin qidalanması ilə bağlı heç bir problem olmayacağına dair açıqlamasından sonra belə insanlar öz bildiklərindən qalmadılar. Hər gün saytlar, televiziyalar apteklərin və ərzaq mağazalarının iş rejimində dəyişiklik olmayacağını bildirsələr də, insanlar yalnız yeməyi düşünür.

Əlbəttə aclıq bəşər övladı üçün çox ağır sınaqdır. Bunun əksi olması barədə burda dastan açmaq fikrim yoxdur. Amma yaxşı olardı ki, Koronovirusun hal-hazırda 366-dan çox can aldığı İtaliyaya da nəzər yetirək. Karantinə alınan insanların belə eyvanlarından İtaliyanın bayrağını asaraq əylənməsi, xəstəliyə və ya qarşıdan gələcək hər hansısa fəlakətə qarşı pozitiv, insani və ibrətamiz münasibətindən nəticə çıxaraq. Bəlkə o zaman yaxşılığa doğru nələrsə dəyişdi.

# 4934 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #