İntihar, gərginlik, linçləmə: Çıxış yolu nədir?

İntihar, gərginlik, linçləmə: Çıxış yolu nədir?
11 mart 2021
# 10:34

Küçük bir mutluluk istiyorum..
O kadar küçük olsun ki,
İstemesin kimse benden onu! Nazım Hikmet

Gündəmimiz baş-ayaqdır, gərginlik, əsəb, stress yaradır. Sosial şəbəkələr giriləsi deyil, hər statusdan pessimizm, aqressiya, qəzəb tökülür. Bir yandan pandemiya, o bir yandan artan intiharlar, digər yandan feministləri linçləmə kampaniyası, onların ən öndə gedəninin profilini ələ keçirib inbox yazışmalarını göstərmək...

Bir sözlə, bəlkə də sosial şəbəkə tariximizdə bu qədər gərginliyin hökm sürdüyü günlər olmayıb.

İnsanların başqalarının şəxsi həyatını öyrənmək istəyi məni daha çox əsəbləşdirdi. Filankəs filankəsə nə yazdı, bəhmənkəs bəhmənkəslə nə danışdı? Şəxsi həyata bu qədər düşkün bir xalq əcəba niyə roman oxumur? Oturub başqalarının həyatı haqda romanlar oxusalar, filmlərə baxsalar, daha yaxşıdır. Yoxsa yengə kimi kiminsə qapısını pusmaq, onun həyatına göz qoymaq bədbəxtlik əlamətidir. Hamı bir-birini izlədiyi üçün bədbəxtik əslində. "Filankəs o gün bilirsən nə elədi?" Qeybətimizin həddi-hüdudu yoxdur. Həyatı olmayanlar, yaşaya bilməyənlər, başqasından qıcıq olanlar onun "yataq otağına" girmək istəyir. O yataq otağı ki, yalnız iki şəxsə aiddir, başqası üçün maraqlı olmamalıdır. Ancaq təəssüf ki, bizim üçün ən maraqlı yer də orasıdır.

Burda incə bir nüans var: hamı özünü süddən çıxmış ağ qaşıq kimi aparır, elə bil bu ömrü boyu kitab dilində, mədəni, səliqəli, yerli-yataqlı, söyüşsüz danışıb. Yaxşı, yaxşı, inandıq, qardaş. Sən çox paksan. Tamam.

Kütlənin qabağına atılan hər hansı insan parça-parça olur. O kütlə onu parça-parça edir ki, onun da özünün qorxduğu gizlinləri var. Ortaya çıxsa, başını götürüb qaçacaq. Ona görə qisas hissinə bürünür. Orientasiyası fərqli olanlara da bu cür münasibət var. Kimsə onları söyəndə avtomatik düşünür ki, mən də söyüm, birdən elə bilərlər kişi deyiləm. Kütlə psixozu səni içindəki səsə yox, kənardakı işarələrə çəkir. Kütlə amansızdır. Sənin şəxsinə aid nəsə öyrəndisə, zalımcasına o yerdən döşəyəcək. Feminist hərəkatında da bu məqamı gördüm. Mahiyyət qalıb qıraqda, hamı fərdlər üzərində mühakimə yürüdür. Fərdlərə yönələn düşüncə tərzi axır-əvvəl onun şəxsi keyfiyyətlərini öyrənmək ehtirası yaradır. O fərdin ideyası, dediyi önəmli deyil. Önəmli olan o kəsin özünün kimliyidir. Şair dostumuzun dediyi kimi, qəribə-qəribə adamlar var, "papayun canı üçün".

Dünən Milli teatr günü idi. İlk teatr günü ki, internet üzərindən qeyd olunur. Pandemiyalı teatr günü mənə həftə sonları teatra getdiyimiz o sadə, amma gözəl günləri xatırlatdı. Doğrudan da, pandemiyadan əvvəl etdiklərimiz indi-indi gözümüzdə böyüyür və biz o əlimizdən çıxan gözəl günlərin həsrətini çəkirik. Bir yandan da hamı brifinqi gözləyir və indidən qorxur ki, yenə karantin uzadılacaq. O biri tərəfdən də Novruz yavaş-yavaş gəlməkdə. Çərşənbələr hiss olunmamaqda. Uşaqlığımızdan qalan təbii hislər yavaş-yavaş qırağını qatlamaqda.

Görəcək günlərimiz varmış...

Pandemiya, intiharlar, insanların aqressiyyası, gərginlik, adi, sıradan, lakin gözəl günlərin geridə qalması...

Bəlkə bizim bu gərgin halımızı bircə şey düzəldə bilər: karantinin bitməsi.

Hər şeyin bir-birinə dolaşdığı, ipin ucunu itirdiyimiz, əhvalımızın korlandığı bu günlərdə heç olmasa karantinin bitməsi və o adi günlərimizə qayıtmağımız bəlkə də indiki tanış olmayan gərginliyimizi azaldar.

Məndəki sadəcə ümiddir.

Ümid də saman çöpüdür deyir şair...

Amma yazının sonunda sizə bir məsləhət verim...

Özünüzü pis hiss edirsinizə bir ağacı qucaqlayın. Ağaclar insanlardan daha yaxşıdır. Susqun və sadiqdirlər.

Xoşbəxt olmağı elə də çətin sanmayın. Anın dadını çıxarın. Özünüzü yaxşı hiss etməyiniz üçün sadə səbəblər tapın. Çünki həyat sadə şeylərdə gözəldir. Həyatı mürəkkəbləşdirməyin. Nənələrimizin də dediyi kimi, pis günün ömrü az olar...

# 3037 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #