İntihar edən anasının köynəyini qucaqlayıb yatan körpələr

İntihar edən anasının köynəyini qucaqlayıb yatan körpələr
27 aprel 2021
# 11:23

Daha bir gənc qadının intihar xəbəri ürəyimizi yaraladı. Deyirlər, 20 yaşda həyatına son verən qadının iki yaşlı uşağı bütün gecəni ağlayıb, anasını çağırıb, axır ki, onun köynəyini qucaqlayaraq yatıb.

Üstəlik, uşağın gözlərinin qarşısında baş verib intihar hadisəsi. Yəni iki yaşlı uşaq dünyagörmüş adamın öhdəsindən gələ bilməyəcəyi bir faciənin şahidi olub. Yəni bir insanın həyatı məhv olmadı, ən azından iki həyat məhv oldu.

İntihar çağdaş dünyanın böyük bəlasıdır. Bunun kökündə sosial problemlərdən tutmuş psixoloji problemlərə qədər çox amillər durur. İl ərzində bütün dünyada intihardan daha çox insan dünyasını dəyişir, nəinki yol qəzalarından.

Niyə insanlar intihar edir? Kimini günahkarlıq hissi, kimini məyusluq və çıxılmazlıq çəkir öz boşluğuna. Və yaxud bizə absurd görünən kiçik səbəblər; məsələn, bir yeniyetmə qız valideynləri ona mobil telefon almaqdan imtina etdiyi üçün özünü balkondan atmışdı. Yeniyetmə bir oğlan isə anası ona it saxlamağa icazə vermədiyi üçün özünü tövlədən asmışdı.

Sözsüz ki, ən başlıca səbəb - biganəlik faktorudur. İnsanlar bir-birindən uzaqlaşıb, tənhalaşıb, hər kəs öz yalqızlığına çəkilib. Bir-birimizi ya anlamırıq, ya da anlamazdan gəlirik. Axı insan öz problemini təklikdə həll edə bilməz. “Dərdini deməyən dərman tapmaz”- deyib atalar. Sadə həqiqətdir.

Çağdaş insan tənhadır, uzaqbaşı mobil telefonu və telefon vasitəsiylə ünsiyyət qurduğu dostları var. Dərdini sosial şəbəkələrdə bölüşür, qətiyyən tanımadığı adamlardan dərdinə dərman umur. Bu isə əks təsirə gətirib çıxara ola bilər. Depressiv insanın tarazlığını itirməsi üçün kiminsə onun kədərli halına qəhqəhə smaylikiylə münasibət göstərməsi belə yetərli ola bilər. Halbuki bircə təsəlli sözü onu yenidən həyata qaytara bilərdi.

Əvvəlki iş yerində Aysel adlı dostumuz vardı. Üzü həmişə gülürdü, amma gözlərindəki xəfif kədəri heç kim sezmirdi. Hamı onunla dərdini bölüşürdü, o da gülümsəyərək hamını dinləyərdi, təbəssümü belə təsəlli olardı. Onu mənəvi cəhətdən güclü və yenilməz bilirdik, ağlımıza gəlmirdi ki, Ayselin dərdi olar.

Sonra iş yerimi dəyişdim, Ayseldən xəbərim olmadı, bu yaxınlarda sorağını aldım, bir neçə il qabaq dünyadan köçdüyünü dedilər. Sonra daha dəqiq məlumat gəldi: sən demə intihar edib.

Qulaqlarıma inana bilmədim. Bizi ovudan Ayselin hamıdan gizlədiyi böyük dərdləri varmış sən demə. Anasını erkən itirən Aysel analığıyla bir evi bölüşməli olub, sonra isə analıq onlarla evi bölüşməkdən imtina edərək onu və yaşlanmış atasını qovub. Qoca ata dərddən çərləyib ölüb, Aysel isə əyyaşın biriylə evlənməli olub. Əyyaş Ayselə çox zülmlər edib, o da başını götürüb gedib bu dünyadan - özünü həyətdəki ağacdan asıb.

Bu faciədə əslində özümüz günahkarıq, çünki vaxtında onun yanında ola bilmədik. İnsanı öldürən ən təsirli silah biganəlikdir. Bizi sarsıdan faciələrin hər birinin qəhrəmanı da tək qalanda problemini özü bildiyi kimi “həll edib”. Məsələn, çoxmərtəbəli binaya çıxıb özünü aşağı atıb. Halbuki o pillələri qalxana qədər bizim onu saxlamaq, fikrindən döndərmək şansımız vardı.

Bir rəfiqəm ağır xəstə idi. Dərman terapiyası ona ağır başa gəlirdi. Həm mənəvi, həm də fiziki cəhətdən çökmüşdü. İntihar haqqında düşünməyə başlamışdı. “Əgər sonu ölümdürsə, mübarizə etməyə gərək varmı? Boş yerə əzab çəkirəm” düşüncəsiylə intihara qərar verir, məktub yazıb qoyur. Məktubda hamını çox sevdiyini, ayrı yolu olmadığını və onu bağışlamalarını xahiş etdiyini yazır. Və necə olursa, o, məqsədinin “pillələrini” qalxarkən, məktub ərinin əlinə keçir. Və adam onu yarı yolda saxlaya bilir. Əvvəla, sözləri çox təsirli olur. Qadının qarşısına keçib: “Heç məni düşünmədinmi?”- deyir. “Bəs uşaqlar? Onları da düşünmürsən?”

Qadın fikrə gedir.“Axı onsuz da mən ölümcül xəstəyəm. Bir halda ki onsuz da öləcəyəm və gec-tez onlar mənim yoxluğumun əzabını yaşamalı olacaqlar. Elə isə nə fərqi var ki?”

Amma belə düşünəndə ərinin gözlərindəki dəhşəti görür və anlayır. Anlayır ki, həyat savaşdır və o son ana qədər savaşmalıdır. Bu savaşdan qalib də çıxa bilər, məğlub da - fərqi yoxdur, amma savaşmadan dünyadan köçmək səninlə bərabər mübarizə edən insanları da yarı qoyda qoymaq, bir növ xəyanət etməkdir. Sanki öz yoldaşlarını döyüş meydanında qoyub qaçırsan. Bir də ki, Can Dündarın dediyi kimi, doğmalarla keçirdiyin hər gün - necə olmasından asılı olmayaraq - bayramdır.

Və qadın savaşmağa qərar verir. Psixoloqla məsləhətləşir, sakitləşdiricilər qəbul edir, müalicə isə öz təsirini göstərir və qadın sağalır. İndi qadın öz ailəsi ilə şad xürrəm həyat sürür.

Həyatı acısıyla - şiriniylə qəbul edərək yaşamalıyıq. Həyatın xoş sürprizlərini qəbul ediriksə, ağrı-acısını niyə qəbul etməyək? Birincisi, başqa yolumuz yoxdur, ikincisi isə həyat döyüş meydanıdır. Və bu meydanda tək olmadığımızı anlamalı və anlatmalıyıq.

# 2894 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #