Erməni pianosunda "İncə bellim" çalan əsgərimiz

Erməni pianosunda "İncə bellim" çalan əsgərimiz
19 dekabr 2020
# 22:31

Müharibə bitdi, amma əsgərlərimizin Qarabağ sərgüzəştləri bitmək bilmir.

Bir hərbçimiz Qarabağda pianoda “İncə bellim” mahnısını ifa edib.

Əlində əlcək, əynində hərbi forma...

Amma bu uniformaya xas olmayan möhtəşəm, peşəkar bir ifa...

Bəlkə də çox peşəkar ifa deyil, amma inanın, məhz bu ifa bütün qaydalara uyğun soyuq akademiyalarda çalınan əsərlərdən daha gözəl alınıb.

Yenə sehr, yenə cazibə, yenə səbəbi bəlli olmayan bir halə...

İfanı eşidən kimi gözlərim doldu. Düşündüm bu əsgər də yəqin şəhid olub.

Çünki o barmaqlarda da, o ifada da şəhidlik havası var.

Eynən Xudayarın ifası kimi...

Şükür!

Xudayardan fərqli olaraq Əzizbəy yaşayır.

Asəf Zeynallı adına kollecin 3-cü kursunda oxuyurmuş, təhsilini qoyub döyüşə gəlib.

Əmin olduğum kimi ifa 2 günə təkcə mənim yox, hər kəsin ürəyinə yatdı.

Belə olur. O izahı müşkül hava ki gəldi, insanın bütün hissiyatını alır cənginə, əsirinə çevirir.

Dəfələrlə dinlədim...

Nədir o piano havasını əsrarəngiz edən?

Bəs, az əvvəl düşmənin xirtdəyindən yapışıb onu Şuşadan çıxaran əlcəkli bir əl pianoya toxunanda yazıq alət nə etməli idi?

Bu havada göz önünə bir ay əvvəl Şuşaya dırmanan igidlərimiz gəlir.

O əlcəkli əl bu gün pianonun dillərində necə cəldliklə, ustaca hərəkət edirsə, bir ay əvvəl də Şuşanı o ustalıqla azad etmişdi.

Sanki bu hava səslənən kimi Beyrək Cıdır düzündə çapır...

Əsirlikdən qurtulmuş Beyrək...

Əsirlikdən xilas olunan Şuşa...

“Qar üstünə qan dammış tək al yanaqlım...”

İnanın, o pianonu Şuşaya qaldıran erməni, heç vaxt həmin aləti bu qədər möhtəşəm bir havaya kökləyə bilməyib.

Piano özü dil açıb inildəyir, özü etiraf edir.

Azərbaycanın konservatoriyası olan Şuşa yəqin ki, bu havaya darıxmışdı. Son 30 ildə bunca möhtəşəm nəğmə dinləməmişdi divarları.

Ermənilərin “dağılmış” kilsədə kontrabasla dünyaya verdiyi miskin “konsert” hara, Əzizbəyin ifası hara?

Həmkarım Əlif Şəfəqə səslənirəm; Əlif, dinlə bu musiqini!

Gözəldi, hə?

Qeyd: Əzizbəylə müsahibə tezliklə Kulis.az-da təqdim olunacaq.

# 8206 dəfə oxunub

Oxşar xəbərlər

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

11:15 1 aprel 2025
Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

13:26 26 mart 2025
İndiki şeirimizdə uğultu var

İndiki şeirimizdə uğultu var

12:40 22 mart 2025
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

10:00 21 mart 2025
Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
# # #