Çoxu elə düşünür ki, bir proqram reytinq verirsə, müəlliflər bütün məsuliyyətdən uzaqdır, ekranda istədiyi hərəkəti eləyə bilər, istədiyi ifadəni işlədə bilər.
Azərbaycan televiziyasına dəyən zərbələrdən sonra ekranımızda illərdir düzəlməyən qara nöqtələr var... O nöqtələrdən ikisi zaurlardır... Bir-birindən qəti fərqlənməyən bu iki Zaur yəqin ki, xalqımızın hansısa böyük günahının cəzasıdır. Axı biz məscid sökməmişik, yerdə çörək görəndə öpüb alnımıza qoyuruq!
Bəs niyə biz bu zaurların efirdə “rajok” əvəzi istifadə elədiyi barmağını reklam etdiyi xama qabına, sonra ağzına soxmağına, özləri də bilmədən insanları cinayətə, intihara sövq etdiyinə, söyüş söyməyinə, insan alçaltmağına şahid olmalıyıq?
Cavab verə bilərsinizmi, ay Zaur?
Təbii ki, yox.
Həmin Zaur ki var, o, çalışdığı ilk televiziyada ən çox tənqid olunan aparıcılardan biri kimi ictimaiyyətin qara siyahısında idi.
İslahatlara nəticədən başlayan Murad Dadaşov Xəzər TV-də onu efirdən kənarlaşdırdı. Muradın “islahat”larını kənara qoyaq... Canımızın, heç olmasa, zaurların birindən xilas olduğunu düşündüyümüz an, başqa bir televiziya gətirib efirin gül yerini həmin Zaura həvalə etdi. Bu azmış kimi, onun bugünəqədərki karyerasının üstündən xətt çəkib, yeni bir səhifə açmaqdansa, aparıcının illərlə sərgilədiyi efir nadanlığına haqq qazandırdı, yeni proqramının adını “Həmin Zaur” qoymaqla hər kəsə göstərdi ki, bu elə həmin Zaurdur, bu günə qədər düz eləyib, yenə də balalarımızı şikəst qoymaqda davam edəcək. Sanki bir maşın daim xalqımızın gələcəyini məhv etmək üçün işləyir.
Zaurun Xəzər TV-dəki proqramı nə vaxt gözümə dəysə, canlı efirdə səsinin redaktor tərəfindən kəsildiyini görürdüm. Aparıcı akvariumda can verən balıq kimi ağzını açıb yumur, efirdə sakitlik...
Az sonra bəlli olur ki, sən demə, aparıcı quşlayıbmış, ona görə də redaktor onun səsini efirə buraxmayıb.
Mənim üçün bir aparıcının təhqir olunmasının pik nöqtəsi öz efirində səsinin kəsilməsidir. Hansısa naşı qonaq efir qaydalarını bilmədiyindən nalayiq ifadələr işlədə bilər, lakin proqramın aparıcısının hər gün səsinin kəsilməsinin bircə adı var: efir etikasına yaddır!
Xalq dilində desək, ağzının danışığını bilmir.
Bu tip aparıcıların qonaqları da – aşağı yuxarı – öz dünyagörüşlərinə uyğun olur; soyuducusunun dolu olması ilə, qızıllarının çəkisi ilə qürrələnənlər, şortik geyindiyi üçün bacısını evdən qovanlar və s.
Vəziyyəti daha gərginləşdirməməkdən ötrü misallarla danışmıram. Məsələ budur ki, ictimai taleyini doğru-dürüst təyin etmiş cəmiyyətlərdə efirin müqəddəratını tamaşaçı həll etmir. Televiziya, KİV işinin əhli olan mütəxəssislər efir siyasətini elə qurur ki, “tamaşaçı zövqü” adlı bir illüziya yaranır. Halbuki, tamaşaçı külli ixtiyar sahibi deyil, yalnız məqbul layihələr içində söz sahibidir, yəni seçilmiş proqramların içindən sevdiyinə baxa bilər və reytinq bu zaman həlledici ola bilər.
Neçə ki, bəzi yarışmalarda münsiflər, başbilənlər yüzlərlə məhsulun içindən onunu seçib tamaşaçının öhdəsinə verir, tamaşaçı yalnız seçilmişlər arasında seçim eləyə bilir.
Bizdə isə televiziyaya təhkim olunan rəhbərlər kütlənin qulu kimi davranır. Bütün məsuliyyəti çiyinlərindən ataraq strateji bir postu – efiri sözün bütün mənalarında kütlənin ixtiyarına verir.
KİV-in önəmli funksiyaları tapdanaraq efir setkasını çox aşağı səviyyəli “əyləncə” ilə doldurur. Halbuki, ziyalı təbəqənin nümayəndələri kimi onların siyasəti, yönü, ideyaları ilə kütlə tamaşaçıya, cəmiyyətə çevrilməli idi.
Biz isə hələ də inadla reytinq yarışına girən qeyri-peşəkar televiziyaların diletant marafonunun şahidi olmaqdan başqa bir şey edə bilmirik. İnsan hər gün, hər saat xidmət etdiyi bir ölkənin, xalqın formalaşdırdığı nümunəvi tribunada – efirdə təəssüf, üzüntü, rəzalət görməkdən məhv olur.
Biz nə zamana qədər efir “prime time”larımızı xırda adamların zövqünə qurban verəcəyik?
Nə vaxt işdən evə gələndə, səhər yeməyinə əyləşəndə könül xoşluğu ilə öz kanallarımıza baxa biləcəyik?
Görən, Azərbaycan teleməkanındakı bu “reytinq çurbanlığı”na nə zaman son qoyulacaq?
Tələsməli deyilikmi?