Dəyişən gerçəkdə gizlənən həyat

Dəyişən gerçəkdə gizlənən həyat
18 yanvar 2021
# 17:01

Ey sanat! Her şeyi hayata dönüşdürən...
Murathan Müngan

Yazıram ki, biləsiz, çox yaşamaq illəri qatlayıb cibinə qoymaq deyilmiş, bu, olsa-olsa uzun yaşamaqdır, çox yaşamaq, çox duymaqdır. Vurdumduymazlıqla uzun yaşamaq olar, çox yox. Çox yaşamaq istəyən gərək həyatın qabığını çərtib dərinliyini görə, duya.

Sənətçi dərinlərdə gizlənmiş həyatı görəndir. Aygül Qurbanovanın "Miskin şəhər mənzərələri" seriyasıyla sosial səhifələrində təqdim etdiyi fotolardakı kimi. Sənətin gücü budur; İsti yerində, pulsuz pənəsiz, fotolara baxmaqla bu qədər duyğu yaşayırsan. Deməyəsən, biz yaşamırıq ötüb keçirik. Ətrafımızda hər şey bizimlə danışırkən, (bir məzmun gizləyirkən) biz özümüzə qapanıb darıxırmışıq.

Aygül Qurbanovanın poetik üslublu mənzərə fotolarına texiki və ya peşəkarlıq baxımdan qiymət verə bilmərəm, bu mövzuda bilgisizəm - rəng həlli, kompozisiya dəqiqliyi və ya heç adını bilmədiyim parametrləri haqda olsa-olsa i zövqümə güvənərəm. Mən bu işlərin təsir gücündən danışıram, zatən sənətin də işi bu deyilmi?

Elə bilirəm, İnstaqramda smartfonların texniki imkanlarıyla artlaşan fotolar arasinda bu mənzərələrin bir ayrı yeri var. Bəlkə ağ divarlı, modern təmirli bir sərgi salonunda bu fotolar bu qədər təəssürat buraxmaz, diqqət çəkməzdi. İnstaqram istifadəçilərinin özünü mərkəzə qoyan selfili-selfisiz dünyasında Aygülün müəllif kimi mən sözü olmayan mənzərələri, özünü gördüyü təsvirin ötürücülüyü roluna biçməsi bu təvazölü, nəcib alçaqkönüllü müəllif "mən"i ayrıca cazibədardır.

Aygül daim dəyişən gerçəklik formalarını tutmaq çabasındadır. Müəllif kimi bir qayğısı var: o, görüb dondurduğu təsvirlərin daxili məzmununu açmaq üçün onları "adiləşmiş gerçəklik" qılafından təmizləyir, gündəlik həyat tozundan arındırır . Bir çox fotoda rəngini dəyişməklə buna nail olub və təsviri gördüyü kimi yox, duyduğu kimi təqdim edir. O, tamaşaçını rəng və ya işıq aldanışlarından qoruyur, işığı artırıb azaltmaqla, rəngi dəyişməklə təsvirin daxili məzmununu nəhayət ki təqdim edir. Onun müəllifliyi budur.

Peşəkarların istifadə etdiyi fotoaparatlamı çəkir Aygül? Texniki cəhətdən səhvləri nədir? Bu effektləri smartfonun köməyiləmi əldə edir? Bu işinə nə qədər ciddi yanaşır? Bilmirəm.

Bildiyim odur ki, Aygülün yolçuluğu kadr axtaran fotoqraf yolçuluğuna deyil; ruhunu arındıran sufi yolçuluğuna daha çox bənzəyir. Sufi yolçusundan fərqli olaraq, Aygül özünə mərhələlər, sınaqlar qoymur, onun yolçuluğu, ibadəti, sadəcə görmək və bu dərinliyi duymaqladır. Bu mənada sənət tanrının lütfüdür.

Hər söz yazıya bir ayrı rəng, kontekst gətirir. Sufi sözü kimi. Tərki dünyalıq...

Maddi dünyadan imtina etmək...

Gerçəklik həqiqətdirmi?

Maddi dünyadan imtina etmək onu inkar etməkmidir?

Başqa vaxt olsa, iki suala bir kəlmə deyil cavabını azca da təşəxxüslə verərdim. Gerçəklik həqiqət deyil, amma onda həqiqət gizlidir. Maddi dünyadan imtina etmək, elə onu inkar etməyə bərabər olur, hardasa, amma maddi dünyaya göz yummaqla olmaz bu iş, həqiqət işığına da kor qala bilər insan.

Aygülün fotolarında, (aralarında video art da var) sözə çevrilməyən, özü özünə cavab verən metafizik sorğular var.

Fotoların birində plastik ləyəndəki su ətrafdakı təsviri həyatın bir parçası kimi əks etdirir, həmin təsvirin rəngli variantındasa biz ləyəndə həqiqətən həyat - balıq olduğunu görürük.

Və ya ağacın kölgəsi düşmüş binanın ağ divarı olan foto divardan çox ağacı ifadə edir - onun nəhəngliyini, yarpaqlarını küləyə günəşə necə buraxdığını, hətta divarda rəsm çizən günəşi görürük.

Qarşı yolun başında avtomobilin fənəri alatorandakı gecəqondularda bir ümid kimi parlayır, mayakdır - bu bozluqda yatmışları həyata haylayır. Həyatsa elə bu mənzərənin özüdür, deyir müəllif. Biz həyat soraqlaya-soraqlaya həyatın içindən keçirik.

Bir xətt boyunca düzülmüş uzun gövdəli ağaclar var gücüylə dirəniş göstərirlər, son yarpağınadək vuruşublar...

Küçə, səki, qaraj və s. kimi bir çox fotoda təsvir olunanlar məhkum bir mövcudluqdan əl edir sanki.

Bəzi başqa fotolar - səyyar satıcıların məhsulları təsvirləri soldurulmuş rəngilə yaşamağın min cür məhkumiyyətini, əzabını (miskinliyini) göstərmir ki?

Göyərçin damının yanında quşbaz. Hər uçurtmada ayrılığı məşq edən quşbazın yerdə sığınmağa bir damı belə yoxdur, bəsbəlli. Göydən soraq gözləyər kimi keçən ömür...

Çəpişlər seriyası çəpişlərlə dostca dialoqdur.

Fotoların çoxu Sumqayıtda çəkilib. Aygülün “Miskin” dediyi şəhərdə. Şəhər daha çox insan deməkdi. Aygülün fotolarında insan siması təsviri nisbətən azdır. Ola bilsin, sosial varlıq olaraq insan obyekt kimi onu itələyir. Ola bilsin, onun fikrincə, insan olmadan təsvir olunan materiya daha çox danışır şəhər haqda, həyat haqda, gerçəklik haqda, ola bilsin şəhərin miskinliyini bununla göstərir...

Həyatda olduğu kimi fotolarda da net, dəyişməz bir qənaət yoxdur. Bax duy, keç...

O baxışdan bəlkə bu yazıya gərək yoxdu.

Bəlkə bir yerdə fotonu kininsə izah etməsi, öz mənasını yükləməsi müəllifə mane olur. Bəlkə söz hər şeyi korlayır...

# 4715 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #