Corc Qafarlının seçilməsinin sirri

Corc Qafarlının seçilməsinin sirri
25 dekabr 2019
# 12:50

Bələdiyyə seçkilərinin nəticələri gün üzü görər-görməz siyahıda hamının diqqətini yalnız bir ad və soyad çəkdi: Corc Qafarlı.

Sənətçi tərəfindən övladlığa götürülüb cəmiyyətə qazandırılan bu oğlanın uğuruna nədənsə cəmiyyət sevgi ilə deyil, hikkə ilə yanaşdı. Halbuki istedadlı bir gəncin bu yaşda uğur qazanması son illərin ən sevindirici hadisələrindən biri olmalıdır.

Biz həm də ona görə sevinməliyik ki, Corc uşaq evində, yüzlərlə sahibsiz uşaq kimi böyüyüb bu günün qatilinə, oğrusuna, narkotik aludəçisinə də çevrilə bilərdi. Amma bu gün biz cəmiyyət olaraq onu qazanmışıq.

Bəs içimizdəki Corca qarşı tuşlanan bu hikkənin səbəbi nədir? Ona sahib çıxan, böyüdən qadının məşhur müğənni olmasıdırmı içimizdəki bu inkar duyğusunu körükləyən? Yoxsa cəmiyyət olaraq bütün sevgi, mərhəmət duyğumuzu itirmişik?

Hə, cavab budur, biz sevgimizi itirmişik. Çünki ancaq qəlbində sevgi, mərhəmət və dözüm olmayan insanlar hər zaman kimisə linç etmək üçün hazır vəziyyətdə dayanır. Həyatın ən ağır zərbəsini alan bir insana ovuc boyda xoşbəxtliyi qıymırıq.

Adının Corc olması, atasının qeydiyyat dəftərində XXX yazılması, analığının müğənni olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, Corc bir insan kimi yetişə bilib. Və hamımızın iki gündür dilinə doladığı gənc müsahibəsində, “onlara sadəcə olaraq demək istəyirəm ki, mənim həyatımı araşdırsınlar, mən pis insan deyiləm” deyəcək qədər yaxşı yetişdiyini sübut etdi.

Bizim ən böyük problemimiz və heç bir şəkildə aşa bilmədiyimiz divar önyarğıdır. Bir-birimizi tanımaq üçün, qarşımızdakı insanın nəyə qadir olduğunu görmək üçün özümüzə fürsət vermirik.

Hər dəfə qonşu ölkələrdə gənclər yüksək vəzifə tutanda köks ötürürük, həsədlə baxırıq. Qonşunun toyuğu adama qaz kimi görünür. Bu gün bu xoş hadisə bizim ölkəmizdə baş verib, amma biz var gücümüzlə bir gəncin uğurunu aparıb müğənni anasının məşhurluğuna pərçim etmək istəyirik.

Roza Zərgərlinin müğənni olmasının Corc Qafarlının Bələdiyyə üzvü seçilməsində nə qədər rolu ola bilər bilmirəm, amma dərindən düşünsək, bir insanı cəmiyyətə qazandırdığı üçün biz əslində o qadına minnətdar olmalıyıq. Sırf buna görə, Roza Zərgərliyə hər şeyi keçmək olar. Lap səsinin olmamasını da!

Hindlilərin məşhur bir deyimi var: yaxşılıq və pislik içimizdə mübarizə aparır, hansını daha yaxşı bəsləyiriksə o, da qalib gəlir.

İmkan verək içimizdəki sevgi qalib gəlsin. Çünki sevgi ilə hərəkət edən insan heç vaxt başqalarına nifrət və pisliklə yanaşmır.

# 13155 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #