Bu millətə zaval yoxdur

Bu millətə zaval yoxdur
23 sentyabr 2021
# 09:01

Kulis.az Zamin Hacının “Armaturun daşınması” hekayətini təqdim edir.

Ev tikilib 1994-cü ildə. Həyət evidir. O vaxt bunu tikən kim olub, bilinmir, ancaq evin nə bünövrəsi var, nə yuxarıdan kəməri. Bəlkə kasıb olub, armatur-sementə pulu çatmayıb. Belə evlər Azərbaycanda minlərlədir. Ruslarda bunu ifadə eləyən yaxşı məsəl var: “Nəcisdən və çubuqdan yararlanıb ev tikmək”. Maraqlısı bu cür evlərə sənəd verən dövlət orqanlarıdır.

Gün gəlir, ev bu münasibətsizliyə dözməyib iki yerdən çatlayır. Usta çağırılır. Ev tikib satan tanış biznesmen də üstəlik. Daha bir usta söhbəti eşidib hasardan aşıb gəlir. Üç görkəmli ev mütəxəssisi məsləhətləşir.

Biri deyir, gəlin bunu metal kanatla sıxaq.

İkincisi deyir, anker-boltla şveller (mövzuya nə qədər çox texniki detal qatılsa, maraqlıdır) qoyub sıxmaq lazımdır.

Üçüncüsü deyir, bolt lazım deyil, armaturu əyib sıxacağam:

“Mamedin evi yadındadır? Onu 7 il qabaq bu üsulla sıxmışam, turp kimidir”.

İkinci usta etiraz edir:

“A kişi, armaturu necə əyib sıxacaqsan?”

Ev yiyəsi düşünür:

“Turpun içində yaşamaq da nağıl kimi həyat olardı”.

Görkəmli mütəxəssislərimiz “Memar Sinan, Memar Əcəmi və Memar Hacıbala” isə diskussiyanı davam etdirir:

“– Bu partlasa armaturun xeyri olmayacaq.
– Saxlayar. Sən get bir armaturu dart görüm, qopurmu?
– Mən axı divar deyiləm.
– Kanatı hardan almaq olar?
– Gəmilərdə satırlar”.

Ev yiyəsinin gözünün qabağına “Titanik” gəmisi gəlir. Mamaça çox olanda uşaq tərs gələr məsəlini düşünüb armatur almağa yollanır. Bir üsul seçək, cəhənnəm olsun məntiqiylə.

Əks halda, dördüncü usta çağırılsa evi iplə bağlamaq təklifi ola bilər.

Armatur bazarında nazik bığlı adam masa arxasında Nyu-York birjası ədasıyla oturub qiymət oxuyur:

“Bunun metri 3 manatdan, bu 2 manat 35 qəpik, o biri 2 manat”...

Yerli mal var, işlənmişi var, “Rasiya”dan gələn var...

Mal seçilir, sürücü 3 kilometr məsafəyə 4 armaturu aparmağa 20 manat pul istəyir. Əlac yoxdur - yaxında başqa maşının tozu gözə dəymir. Maşına əyləşən kimi sürücü millətin dalınca danışır:

“Əşşi, bizim millət düzələn deyil”.

Buna magistrala çıxmağa bir maşın icazə verməyib, ona görə. Ev yiyəsi deyir:

“Sən özündən danış, niyə elə baha daşıyırsan? Utanmazın biri!”

Əlbəttə, bunları ürəyində deyir. Seçim yoxdur axı – yuxarıda yazdıq. Üstəlik, sınıq-salxaq kabinədə armatur qırıqları gözə dəyir.

Gediləcək ünvanın döngəsinə çatanda avtomobil düz şütüyür. Sən demə, sürücünün başqa verəcəkləri də var, onları verib sonra gedəcəklər. Bu da etirazsız qəbul olunur.

“Orda makler var, ev tikib satır, ona mal verməliyəm. Ağır işləri fəhlələrə gördürürlər, yüngül işləri özləri. Bilirsən, bunlar evi tikib satmır, ... satır”.

Qafiyə və sürücünün qanacağı heyrətamizdir.

“Bura dəyirmandır. Bizdə xırman işinə cuhudlar baxır, bilirdin?”.

“Kaş cuhudlar bizim evi də vaxtında tiksəydi” - ev yiyəsinin ağlı başqa yerdədir.

Yol kənarında bir topa adam səyyar neft mancanağının ətrafında qurdalanır.

“Yerin qiymətini qaldırırlar. Dünənəcən orda heç zad yox idi. Guya neft tapılıb. Sabah gəl, görəcəksən təzə ev tikilir. Bir gecədə tikirlər”.

“Axı maşının yanında mazutlu gölməçə də gördüm. Bəlkə doğrudan neft var orda?”.

“Əşşi, boş şeydir. O mazutu başqa maşınla gətirib çalaya töküblər”.

Ev yiyəsinin gözü kəlləsinə çıxır.

Azca aralıda palçıq vulkanı görünür. Bir neçə evin hasarı axmış palçığa dirənib.

Qayıdırlar.

“Bu evin malını daşımışam. Mən ev yükü daşımıram, ancaq bu dirəşdi, dedi, neçə istəyirsən verərəm. Dedim, 100 dollar. Sözün dalından qaça bilmədi. Ona görə yadımda qalıb. O evdə biznesmen yaşayır. Yaxşı oğlandır. Mənə şəxsən iş gördürməyib, ona görə demirəm, səhv başa düşmə”.

Ev yiyəsi başqa şey düşünür.

Düşünür ki, bu millətə zaval yoxdur.

# 5194 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #